Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezident vəzifəsində fəaliyyətini dayandıran rusiyalı Arkadi Dvorkoviç Avropa İttifaqının sanksiya siyahısına salınmasını şərh edib.
Dvorkoviç bildirib ki, sanksiyalar səbəbindən təşkilatın fəaliyyətinə problem yaranmaması üçün istefa vermək məcburiyyətində qalıb. O, hazırda həmkarlarına kömək edərək FIDE-nin normal fəaliyyətini davam etdirməsinə çalışdığını söyləyib.
Rusiyalı funksioner gələcəkdə vəzifəsinə qayıtmasının sanksiyalar aradan qaldırılmadan mümkün olmadığını qeyd edib. Dvorkoviç sanksiyalara qarşı mübarizə aparacağını vurğulayaraq onların ədalətsiz və qanunsuz olduğunu deyib.
Onun sözlərinə görə, sanksiyaların tətbiqində əsas məqsəd onun FIDE prezidentliyinə seçkilərdə iştirak etməsinin qarşısını almaq olub. Dvorkoviç bu qərarın arxasında kimin dayandığını açıqlamayıb və “Kim maraqlıdır? Özünüz təxmin edə bilərsiniz” deyə bildirib.
