“Bacardığım qədər “Mançester Yunayted”in hər oyununu izləyirəm”. Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Coy-Lens Mikels BBC-yə müsahibəsində deyib.
32 yaşlı hücumçu UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Mançester Yunayted”ə qarşı bu gün keçiriləcək ilk tur oyunu barədə fikirlərini bildirib. Ruanda millisinin üzvü uşaqlıqdan “qırmızı şeytanlar”ın azarkeşi olduğunu söyləyib və püşkatmadan razı qalıb: “Məncə, bizim üçün ən yaxşı püşk idi. “Old Trafford”da oynamağımız daha möhtəşəmdir. “Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir. Buna görə də meydana çıxmaq mənim üçün qürurverici an olacaq”.
Təsnifat mərhələlərində 4 qol vuran Mikels Mançesterə təslim olmaq üçün yollanmadıqlarını da vurğulayıb: “Çempionlar Liqasına yüksəlmək “Sabah” üçün tarixi nailiyyətdir. Liqa mərhələsinə “Old Trafford”da başlamaq isə bunu daha da həyəcanverici edir. Eyni zamanda, biz ora yalnız atmosferdən zövq almaq üçün getmirik. Həm klubumuzu, həm də Azərbaycanı mümkün qədər yaxşı şəkildə təmsil etmək, rəqabət aparmaq və burada olmağa layiq olduğumuzu göstərmək istəyirik”.
“Sabah”ın “qol silahı” karyerasının ilk hissəsini doğulub boya-başa çatdığı Almaniyanın aşağı liqalarında keçirib. O, həmçinin Niderland və Səudiyyə Ərəbistanında da çıxış edib. Forvardın “Sabah”dakı ilk dönəmi 2021–2023-cü illərə təsadüf edib. İki il əvvəl yenidən “Bank Respublika Arena”ya qayıdan Mikels bu pilləyə yüksəlməyin asan olmadığını sözlərinə əlavə edib: “Karyeram hər zaman düz və asan yolla inkişaf etməyib. Müxtəlif səviyyələrdə və bir neçə ölkədə oynamışam. Amma qazandığım hər təcrübə həm futbolçu, həm də insan kimi inkişaf etməyimə kömək edib”.
Liqa mərhələsində Avropa nəhəngləri ilə qarşılaşacaqlarını xatırladan “Sabah”ın lideri iki rəqibi fərqləndirib: “Çempionlar Liqasında hər oyun xüsusidir. Çünki Avropanın ən yaxşı komandalarından və futbolçularından bəzilərinə qarşı mübarizə aparırsan. Təbii ki, “Mançester Yunayted”lə “Barselona” tarixləri və dünya miqyasındakı nüfuzlarına görə dərhal diqqət çəkirlər. “Old Trafford”da oynamaq və “Barselona”nı Bakıda qəbul etmək hər bir futbolçunun xəyal etdiyi anlardır. Amma biz hər rəqibə hörmətlə yanaşmalıyıq. Hər oyun özümüzü ən yüksək səviyyədə sınamaq üçün bir fürsət olacaq”.
Çempionlar Liqası matçlarında favorit olmayacaqlarını etiraf edən Mikels bununla belə, ələ düşən fürsətlərdən maksimum yararlanmağa çalışacaqlarını bildirib: “Hər oyunda rəqabətədavamlı olmaq və bizi bu mərhələyə gətirən keyfiyyətləri nümayiş etdirmək istəyirik. Səviyyənin olduqca yüksək olacağını bilirik. Amma özümüzə və komandamızın gücünə inanırıq. Dəyərli təcrübə qazanmaq, azarkeşlərimiz üçün yaddaqalan anlar yaratmaq və mümkün qədər çox xal toplamaq istəyirik. Fürsətdən maksimum yararlanmaq, eyni zamanda bu çağırışdan zövq almaq və komanda kimi inkişafımızı davam etdirmək istəyirik. Heç kimin bizdən xal almasını asanlaşdırmayacağıq. Hədəfimiz budur”.
Qeyd edək ki, bu gün “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

