Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Rəvan”ı çətin oyun gözləyir. “Aslanlar"ın kapıtanı Novruz Məmmədov bu qarşılaşma öncəsi futbolinfo.az saytının suallarını cavablandırıb.
 
– “Qarabağ”la oyunda şanslarınızı necə qiymətləndirirsiz?
– Lider komandaya qarşı oynayacağıq. Çətin oyun olacaq. Ancaq çalışacağıq ki, bu oyunda sərfəli nəticə qazanaq.
 
– Şahin Diniyev vurğulayıb ki, bu oyun üçün xüsusi məşq keçmisiz. Bu məşqin digər məşq proseslərindən fərqi nə idi?
– Mən fərqi deyə bilmərəm. Çünki hər bir məşqçinin öz taktikası var. Şahin müəllimin də öz taktikası var. Necə lazımdısa, elə də məşq etmişik. Hər halda fərqi də baş məşqçimiz özü bilir.
 
– Ümumiyyətlə, Diniyevin gəlişindən sonra komandada nə dəyişib?
– O gəlməmişdən bizim komandada çox çatışmamazlıqlar vardı. Xüsusilə də fiziki cəhətdən çox geri qalırdıq. Bilirsiz ki, fiziki cəhətdən çatdırmayanda meydanda nə taktiki, nə də fiziki oyun sərgiləmək olmur. Ancaq Şahin müəllimin gəlişindən sonra, fiziki baxımından məqşlər çox keçirik və artıq irəliləyiş hiss olunur.
 
– Kapitan olaraq “Qarabağ”la oyuna komandanı hazır sayırsız?
– Son məşqimiz sabah (bu gün – red.) olacaq. Yəqin ki, bu məşqdən sonra artıq komanda bu oyuna tam şəkildə hazır olacaq.
 
– Heyətlə bağlı problemləriniz var. Kristian Torres ilə Mişel Balokoq bu oyunda iştirak edə bilməyəcəklər. Onları əvəz edən futbolçular boşluğu doldura biləcəklər?
– Onların mövqeyində kimlərin oynayacağı hələ bilinmir. Heç özümün də oynayıb-oynamayacağımı bilmirəm. Çünki bizdə "11-lik" oyuna 2-3 saat qalmış müəyyənləşır. Ancaq inanıram ki, heyətdə yer alan futbolçular bütün gücləri ilə çalışacaqlar.
 
RÖYA KƏRİMLİ
Shares: