21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Plovdivdə Bolqarıstan yığması ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis komandasının çıxışından razılıq bildirib.

O, daha fəal oyun nümayiş etdirdiklərini vurğulayıb: “Komandamız bu matçda daha fəal çıxış etdi. Futbolçular bu gün nəyə qadir olduqlarını meydanda aydın şəkildə nümayiş etdirdilər. Onlar nə rəqibdən, nə də stadiondakı atmosferdən çəkindilər. Birinci hissədə çox yaxşı çıxış etdik və topa nəzarət əsasən bizdə idi. Fasilədən sonra rəqibin təzyiqi artdı ki, bu da təbii haldır. Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Hər iki komandanın təhlükəli epizodları oldu. Ümumilikdə komandamın çıxışında müsbət məqamlar gördüm. Belə təməllə gələcəyə pozitiv baxa bilərik”.

Qeyd edək ki, U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.

Shares: