Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşun işsiz günləri başa çata bilər.
Futbolinfo.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssisin bu il keçiriləcək dünya çempionatında çalışmaq ehtimalı yaranıb. Çünki Santuş Qana millisinin baş məşqçisi postuna namizəddir. Lakin o, bu vəzifə üçün tək iddiaçı deyil. Eyni zamanda Karluş Keyruş və Paulo Bento da Qana yığmasının “sükanı arxasına” keçə bilər.
Qana Futbol Assosiasiyasının rəhbərliyi hazırda hər üç mütəxəssislə danışıq aparır. Santuşun Portuqaliya millisi ilə qazandığı nailiyyətlər qanalıları ümidləndirir.
Fernandu Santuş ötən ilin sentyabrında Azərbaycan millisində istefaya göndərilib.
Qana millisində baş məşqçi Otto Addo 2 illik fəaliyyətdən sonra ötən ay vəzifəsindən uzaqlaşdırılıb. Qana millisi bu ilin yayında keçiriləcək dünya çempionatında İngiltərə, Xorvatiya və Panama ilə eyni qrupda mübarizə aparacaq.





