“Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santosun futbolinfo.az saytına müsahibəsi

– “Sabah”la oyuna (2:4) yaxşı başlayıb iki dəfə hesabda önə keçsəniz də, yekunda meydanı xalsız tərk etdiniz. Nəticəni ədalətli sayırsınız?

– Bu, bizim üçün pis nəticədir. Həftə ərzində bu oyun üçün hazırlaşmışdıq. Matça yaxşı başladıq, amma hakim oyuna ciddi şəkildə mane oldu. “Sabah” güclü komandadır və olduğu yeri haqq edir. Ancaq təəssüf ki, biz zərər gördük.

– Konkret olaraq hansı hakim qərarlarından narazı qaldınız?

– Faciəvi idarəçilik idi. Fərid Hacıyev ümumilikdə yaxşı hakimdir. Amma “Sabah”la oyunda bizim əleyhimizə bir çox səhvləri oldu. Qapımıza təyin etdiyi birinci penalti zamanı epizodun əvvəlində qayda pozuntusu var idi. İkinci penaltini də yanlış qərar sayıram.

– 27-ci turda sizi “Neftçi” ilə vacib oyun gözləyir. Hansı ki, rəqib keçən turdakı qələbə sayəsində “Araz-Naxçıvan”ı turnir cədvəlində qabaqladı. Matçdan gözləntiniz nədir?

– Fikrimcə, “Neftçi” ilə oyun çempionatın son turlarının necə keçəcəyini müəyyən edəcək. Qalib gəlməliyik. İndi kimlərin böyük oyunçu olduğunu göstərmək vaxtıdır. Bu matçı səbirsizliklə gözləyirəm.

– Hazırda 6-cı pillədə qərarlaşan “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazana biləcəkmi?

– Hər şey növbəti oyundan asılı olacaq. Avrokuboka çıxmaq üçün hələ də şansımız var. Ancaq “Neftçi” ilə görüşdə xal qazana bilməsək, rəqib fərqi artıracaq, nəticədə şanslarımız azalacaq.

– Bu mövsüm “Araz-Naxçıvan”ın performansında stabillik çatışmır. Bunun səbəbini nədə görürsünüz?

– Təəssüf ki, bu mövsüm planlaşdırdığımız kimi keçmədi. Məncə, Avropaya gedə biləcək heyətimiz var, amma çox şey baş verdi. Bununla belə, hələ də şansımız qalır.

– Artıq mövsümün sonu yaxınlaşır. Azərbaycanın və ya digər ölkələrin daha iddialı klublarından təkliflər gəlirmi?

– Hələ Azərbaycandan heç bir təklif almamışam. Buna baxmayaraq, diqqətim ilk növbədə Azərbaycandadır. Gələcəyimlə bağlı qərarı yaxın günlərdə verəcəyəm.

– “Araz-Naxçıvan” avrokuboklardan kənarda qalacağı halda, komandadan gedişiniz dəqiqləşəcək?

– “Araz-Naxçıvan”la müqaviləm iyun ayınadək qüvvədədir və indiyə qədər onun uzadılması ilə bağlı klub rəhbərliyindən heç bir təklif almamışam.

AĞA

Shares: