Liderlərin heç-heçələri “Sabah”ın işinə yaradı. “Bayquşlar” evdə qələbə qazana bilməsə də, iddialı komanda ilə qarşılaşdığından itirilən iki xal faciəyə çevrilməməlidir. “Qarabağ” isə səfər matçında çempionatın ortabablarından birinə xal bağışladı. Növbəti turda “Sabah”la üz-üzə gələcək ağdamlılar psixoloji üstünlüyü ələ keçrə bilərdi.

Xal fərqinin qorunması istənlən halda Masazır təmsilçisinin xeyrinədir. Çünki artıq mövsümün sonuna doğru daha bir tur geridə qaldı. Finiş yaxınlaşdıqca büdrəmək ehtimalları da azalır.

Əslində, “Qarabağ” Şamaxıda qələbə qazansaydı, çempionluq ümidləri artacaqdı. Amma ağdamlılar iki əsas kegionerndən məhrum olan meydan sahibləri ilə görüşdə 3 xala layiq futbol sərgiləmədi. Komanda sanki 2-ci yerlə barışıb. Sıx qapanan Ayxan Abbasovun yetirmələri rəqibin üstün oynamasına mane ola bilməsə də, qapısını kilidləməyi bacardı.

Daha sonra başlayan matçda “Sabah” qələbə qazansaydı, çempionluq yarışı böyük ölçüdə bitəcəkdi. “Zirə” müdafiəçilərinin kobud səhvi də buna rəvac vermişdi. Lakin qonaqlar toparlanaraq geridönüş etməyi bacardı. Meydan sahiblərinin gücü yalnız məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çatdı.

“Sabah” bəlkə də əsas rəqibinin xal itkisni bilərək meydana çıxmağın acısını çəkdi. Bununla belə, Valdas Dambrauskas komandadakı problemləri də görməlidir. Onun yetirmələri son vaxtlar çox asan qollar buraxır. “Qarabağ”da ruh düşkünlüyü olmasaydı, bəlkə də ilk pillə uğrunda mübarizə daha ciddi xarakter alardı.

Bütün bunlardan “Neftçi” faydalandı. Bakılılar artıq “Zirə”dən bir xallıq fərqlə geridədir və ehtiyatda oyunu var. Qəsəbə təmsilçisinin dünənki bir xala sevinməsi hələ də əsas rəqibdən öndə olmağa görədir. Rəşad Sadıqovun yetirmələri növbəti turda “Neftçi”yə uduzmamaqla ilk dördlükdə qalmağı hədəfləyir. Daha sonra “qartallar”ın təqvimi flaqmanla müqayisədə daha rahatdır.

“Neftçi”nin şansını sonadək qovacağı dəqiqdir. “Araz-Naxçıvan” üzərində layiqli qələbə həm yuxarıdakılara yaxınlaşmaq imkanı verdi, həm də Muxtar Respublika təmsilçisi ilə xal fərqini 4-ə çatdırmaq oldu. Naxçıvanlılar dünən bəlkə də avrokuboka vəsiqə qazanmaq üçün son şansını itirdi.

Mövsümün sonluğu gərgin mübarizə vəd edir. Çempionluq yarışında “Sabah”ın ciddi üstünlüyü var, əvəzində avrokuboklara vəsiqə uğrunda yarış ən ciddi şəkildə davam edəcək. “Turan Tovuz” bu gün qələbə qazansa, “Neftçi” ilə “Zirə” növbəti həftə əyani, daha sonra qiyabi mübarizə aparacaq.

FƏRİD

Shares: