“Ötən mövsüm klub rəhbərliyi tərəfindən baş məşqçi vəzifəsinə gətirilən Asim İbrahimov kluba sponsorlar cəlb edəcəyi və maliyyə dəstəyi təmin edəcəyi barədə vədlər vermişdi. Eyni zamanda o, şəxsi imicini yüksək səviyyəli mütəxəssis kimi göstərmək məqsədilə aylıq əməkhaqqının müqavilədə 2500 manat qeyd olunmasını birbaşa klub rəhbərliyindən tələb etmişdi”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında 2-ci Liqada mübarizə aparan “Araz Saatlı”nın rəsmisi Xəyal Məmmədov deyib.
O qeyd edib ki, bu məbləğ klubun real maliyyə imkanlarına uyğun olmasa da, məhz Asim İbrahimovun təkidi ilə müqavilədə əksini tapıb:
“Şərtlər sənəd üzərində təsdiqlənsə də, nə vəd olunan sponsor dəstəyi təmin olundu, nə də komanda hər hansı uğurlu nəticə qazandı. Qısa müddət sonra qeydə alınan uğursuzluqlar səbəbindən Asim İbrahimovla müqaviləyə birtərəfli qaydada xitam verildi. Bundan sonra isə o, vəziyyətdən sui-istifadə edərək məsələni AFFA-ya çıxardı. Müqavilədə göstərilən məbləğin tam şəkildə ödənilməsini tələb edən məşqçi, əks halda UEFA səviyyəsində şikayət edəcəyi ilə bağlı hədə-qorxu gəlməyə başladı. Nəticədə, AFFA tərəfindən kluba ayrılan aylıq 5800 manatlıq vəsait dayandırıldı və klub faktiki olaraq blok vəziyyətinə salındı”.
Xəyal Məmmədov bildirib ki, artıq 4 aydır “Araz Saatlı” ciddi maliyyə böhranı yaşayır:
“Futbolçular maaş ala bilmir, hətta səfər oyunlarına getmək belə problemə çevrilib. Klub hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir. Məsələni sivil qaydada həll etməyi, ödənişləri mərhələli şəkildə həyata keçirməyi təklif etsək də, qarşı tərəf heç bir güzəştə getmir və vəziyyəti qəsdən daha da gərginləşdirir. Açıq şəkildə bəyan edirik: bir adamın şəxsi maraqları və süni şəkildə şişirdilmiş müqavilə məbləği naminə 25-dən çox futbolçunun və bütöv bir klubun taleyinin risk altına atılması qəbuledilməzdir”.
GÜNAY SÜLEYMANOVA






