“AD ÇƏKMƏDƏN OLMAZ” rubrikasının növbəti qonağı Fərhad Vəliyevdir. Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq qapıçısı müxtəlif suallar üzrə vaxtilə komanda yoldaşı olduğu futbolçuları yada saldı.

– Birgə oynadığınız ən istedadlı futbolçu kim olub?

– Əfran İsmayılov. 2007-ci ildə mən “Qarabağ”a keçdim, onda baş məşqçi Rasim Kara idi. Həmin vaxt komandada təcrübəli oyunçularla yanaşı, cavan uşaqlar da çox idi. Aralarında ən istedadlısı Əfran idi. Rasim Kara həmişə onu tənbeh edirdi ki, top səndə olanda çox aldadırsan, çalışırsan hamını keçib özün qol vurasan. Kara bildirirdi ki, 1-2 oyunçu keçəndən sonra topu komanda yoldaşına ötür, hücum davam etsin. Əfranın topu özündə çox saxlamasını istəmirdi. Neçə dəfə tənbeh etsə də, Əfran öz beynində tutduğunu edirdi: topu alırdı, qarşısına keçəni aldadırdı. Çox vaxt da alınırdı. Həqiqətən də, Əfran çox istedadlı futbolçu olub. O qədər tənbehdən sonra Əfran öz bildiyini edəndə Rasim Kara onu çağırıb soruşdu: “Sən Alekssən? Topu alırsan, çatanı aldadırsan”. Sözünə qulaq asmadığı üçün Əfranı birhəftəlik əvəzedici komandaya göndərdi. Belə-belə Əfran “Qarabağ”ın aparıcı üzvlərindən birinə çevrildi və milliyə də dəvət aldı.

– Birgə oynadığınız futbolçulardan ən çalışqanı kim olub?

– Elşən Poladov. O da mənim kimi qapıçı idi. Elşən kimi çalışqan futbolçu mənə rast gəlməyib. Sumqayıtın “Xəzər” komandasında çıxış edirdi, mən də gənc qapıçı kimi ora cəlb olunmuşdum. Hələ o vaxtın şəraiti ilə elə məşq edirdi ki… Həmişə onun məşqinə, çalışqanlığına həsəd aparırdım. Məşqdən sonra qalırdı, əlavə məşqlər edirdi. Çox vaxt məni də məcbur edirdi ki, qal, üzərində çalış, bunu et, onu et. Əslində, komanda ilə məşqin özündə çox yorulurduq. Buna baxmayaraq, Elşən demək olar ki, hər məşqdən sonra öz üzərində çalışırdı.

– Bəs birgə oynadığınız futbolçular arasında ən tənbəl kimi hesab edirsiniz?

– Yenə Əfranın adını çəkəcəm. İstedadının hesabına oynayıb. Çox istedadlı olsa da, məşqlərdə, xüsusən də güc məşqlərində məcburiyyətdən işləyirdi. Başa salırdılar ki, məşq et, güc sənə lazımdır. İsinmə hərəkətlərində belə tənbəllik edirdi, “razminka”nı tam yerinə yetirmirdi.

– Birgə oynadığınız futbolçulardan ən ciddisi, zəhmlisi kim olub?

– Rəşad Sadıqov. Hər şeyə ciddi yanaşan, hər şeyi götür-qoy edən futbolçu idi. Onunla həm millidə, həm də “Qarabağ”da bir yerdə oynamışam. Bundan əlavə, gənc vaxtlarımızda “Neftçi”də də komanda yoldaşı olmuşuq. 2003-2004-cü illərdə “Neftçi”də bir yerdə oynayanda komandanın baş məşqçisi Kazbek Tuayev idi. Yadımdadır, çempionat matçlarının birində qələbə qazandıq, səhərisi gün Kazbek müəllim toplantı keçirdi: ümumi oyun barədə danışdı, komandanı təriflədi. Həmin vaxt hansısa oyunçu bir kəlmə işlətdi, hamı güldü. Rəşad arxada oturmuşdu, o da gülümsədi. Kazbek müəllim qayıtdı ki, baxın, Rəşad da gülərmiş. Sadıqov gənc yaşlarından işinə ciddi yanaşan futbolçu olub.

– Birgə oynadığınız futbolçulardan ən zarafatcılı…

– Zarafatcıl futbolçu çox olub. Gənc yaşlarımda Sumqayıtın komandasında çıxış edəndə bir yerdə oynadığım Seymur Rəhimov və Mübariz Orucovun adını çəkərdim. Çox zarafatcıl futbolçular idi. Milli komandada bir yerdə çıxış etdiyim Kamran Ağayev və Ruslan Əmircanovu da mütləq qeyd etməliyəm. Olduqca məzəli insanlardır. Onlar ciddi bir şey danışanda da adamı gülmək tuturdu.

– Birgə oynadığınız futbolçulardan ən dalaşqanı kim olub?

– Mehman Yunusov. Onunla gənc yaşlarımda Sumqayıt “Xəzər”ində bir yerdə oynamışam. Yunusov məşqdə də, meydanda da lider idi. Rəqib futbolçu ilə kiminsə konflikti olardısa və ya hakimə irad bildirəndə, təzyiq göstərəndə həmişə özünü qabağa verərdi. Çılğın idi. Bir də Kamran Əlibabayevin adını çəkəcəm. Onunla da bir yerdə oynamışıq. Əlibabayev də çılğınlığı ilə öndə gedənlərdən idi. Meydanda nəsə söz-söhbət, mübahisə olanda davakarlığı ilə özünü önə atırdı.

– Birgə oynadığınız futbolçulardan ən savadlısı…

– Aslan Kərimov və Cahangir Həsənzadə. Mən milliyə təzə-təzə dəvət olunurdum. Baxırdım ki, hər ikisi savadlıdır. Məsləhət alanda, nəsə soruşanda elmi cəhətdən düzgün başa salırdılar. Bilinirdi ki, savadları yüksəkdir. Hə, bir də Aftandil Hacıyevi qeyd edəcəm. Onunla millidə və klubda bir yerdə oynamışam. Nəsə soruşanda danışıq qabiliyyəti yaxşı olduğu üçün savadlı izah edirdi.

– Birgə oynadığınız futbolçulardan ən çox yemək yeyən kim idi?

– Bədavi Hüseynov. Mən “Qarabağ”da oynayanda bazada onunla bir otaqda qalırdıq. Düzdür, özüm də iştahlı yeyənəm. Amma futbol oynayanda çəkiyə önəm verirdim. Hər gün çəkimiz yoxlanılırdı. Mənim bədən quruluşum elədir ki, çox yeyəndə çəkim artırdı. Buna görə də yeməyimə fikir verməliydim. Bədaviyə təlim-məşq toplanışlarında diqqət edirdim. Maşallah, iştahlı, çoxyeyəndir. Şirniyyatlardan otağa da gətirirdi. Amma o qədər yesə də, çəkisi artmırdı. Buna görə ona həsəd aparırdım.

FƏRİD

Shares: