Polşanın Katovitse şəhərində təşkil olunan şahmat üzrə fərdi Avropa çempionatında X turun partiyaları baş tutub.
Futbolinfo.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, hesabat turunda qitə birinciliyinin liderləri arasında baş tutan qarşılaşmada qalib müəyyənləşməyib.
Azərbaycan şahmatçısı Nicat Abasov ispaniyalı David Qixarru ilə heç-heçə edib. Digər təmsilçimiz Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini məğlubiyyətə uğradıb. Son ölkə çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya idmançısı Nikita Meşkovsu üstələyib.
10 turdan sonra turnir cədvəlinin ilk “beşliy”ində üç Azərbaycan şahmatçısı qərarlaşıb. Hərəyə 8 xal toplayan N.Abasovla A.Süleymanlı 1-2-ci yerləri bölüşürlər. Eyni xala malik M.Muradlı isə əlavə göstəricilərə görə beşincidir.
Qeyd edək ki, bu gün keçiriləcək sonuncu turda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya təmsilçisi Daniel Boqdanla üz-üzə gələcək.






