“Qarabağ” bu mövsüm Çempionlar Liqasında möhtəşəm uğura imza ataraq qitənin ən mötəbər klub turnirində ona bəslənən ümidləri artıqlaması ilə doğrultdu. Tarixi nailiyyət “köhlən atlar”ın fiziki və psixoloji baxımdan həddindən artıq güc sərf etməsi hesabına qazanıldı. Bunun da məntiqi nəticəsi kimi iki bərabər gücdə heyəti olmayan “Qarabağ” yoruldu, tükəndi.

Əvvəlki illərdə “Qarabağ”ın avrokubok mövsümü bir qayda olaraq yanvara qədər yekunlaşırdı. Belədə ölkə çempionatının ilk yarısını yarım qüvvə ilə yola verən Ağdam təmsilçisi liqanın ikinci hissəsində tam gücünü orta qoyurdu və rahatlıqla çempionluqlarının sayını artırırdı. Bu il də eyni ssenariyə ümid edən “köhlən atlar”ın planı alınmadı. Planı isə iki məqam pozdu: “Qarabağ” üçün avrokubok mövsümünün fevralın sonunadək uzanması və “Sabah”ın cari mövsümü əla keçirməsi.

Bu iki məqam üst-üstə düşüncə artıq neçə tur öncədən “Qarabağ”ın çempionluq titulunu qoruya bilməyəcəyi, “Sabah”ın ilk çempionluğuna doğru addımladığı açıq-aşkar hiss olunurdu. Valdas Dambrauskas “bayquşlar”ı daha yüksək səviyyəyə qaldıracağının mesajını hələ avrokubok matçlarından vermişdi. Heyətin özəyini saxlayan, problemli mövqeləri Velko Simiç və Timoteuş Puxaç kimi futbolçularla gücləndirən litvalı mütəxəssis ilk günlərdən ortaya iş qoymağı bacardı. Futbolçular onun oyun fəlsəfəsini daha yaxşı qavradıqca, “Sabah” turdan-tura baxımlı futbol nümayiş etdirən, qarşısıalınmaz komandaya çevrildi.

Dambrauskas heyətin hər bir üzvündən ehtiyacı olduğu anda maksimum istifadə etməyi bacardı, buna görə də paytaxt təmsilçisi fərdi formada deyil, kollektiv şəklində inamlı çıxışı ilə diqqət çəkdi. “Bayquşlar”ın əsas kapitanı Pavol Safranko zədəsi ilə əlaqədar uzun müddətdir gözə dəymir, amma onun yoxluğu zərrə qədər də hiss olunmur. Bu, analoji səbəbdən aylarla “Sabah”a kömək edə bilməyən Coy-Lens Mikelsin yoxluğunda da belə idi. Qısası, Dambrauskas kimi mütəxəssisi Azərbaycanı gətirdiyinə görə “Sabah” rəhbərliyinə, bu cür komanda formalaşdırdığına görə isə Dambrauskasa əhsən düşür.

“Sabah”ın gücü, hazırkı səviyyəsi öz yerində. Ancaq “Qarabağ”ın çempionluq titulunu itirmək üzrə olması təkcə bundan qaynaqlanmır. Hazırkı gedişatı şərtləndirən əsas məqam Ağdam klubunun özü ilə bağlıdır. Bəli, “köhlən atlar” cari mövsümdə “Sabah”a heç bir oyunda qalib gələ bilməyiblər. Ancaq Qurban Qurbanovun komandasının bu sezon iki dəfə “Kəpəz”ə uduzmasını, “Şamaxı” ilə görüşlərdəki xal itkilərini də unutmayaq. Deməli, “Qarabağ”da tükənmə müşahidə edirik, komanda əsl formasından/gücündən çox uzaqdır.

Həqiqətən də, avrokubok mövsümünün uzanması, TOP-klublarla keçirilən ağır oyunlar “Qarabağ”dan çox güc aldı. Buna Qurban Qurbanovun ixtiyarında iki bərabər səviyyəli heyətin olmaması, zaman-zaman aparıcı futbolçuların sıradan çıxması da təsir etdi. Həddən artıq yüklənən oyunçularda hazırda ciddi fiziki və mental yorğunluq hiss edilməkdədir.

“Qarabağ”ın performansındakı enişin digər səbəbi isə Çempionlar Liqasındakı tarixi uğurdan sonra əsas heyətin əksər üzvlərinə xarici klublardan daha sərfəli təkliflərin gəlməsidir. ÇL-də özünü yaxşı tərəfdən göstərən, can qoyan oyunçular bunun qarşılığını görmək istəyirlər: ya “Qarabağ”dan artıq qazanc təklif edən klublardan birinə keçərək, ya da Ağdam təmsilçisindən daha sərfəli müqavilə təklifi alaraq.

Hər iki halda futbolçunun motivasiyası aşağı düşür və əvvəlki kimi ürəklə oynamır. Çempionat matçlarında, xüsusən son aylarda “Qarabağ”ın bir neçə oyunçusunda məhz bunu müşahidə edirik. Fiziki və psixoloji yorğunluq, həmçinin motivasiyanın aşağı düşməsi komandanın performansını əməlli-başlı zəiflədib.

“Sabah”la görüşdə “Qarabağ”ın oyunçuları tez-tez meydanda sürüşürdülər. Eyni meydanda oynayan rəqibdə isə bu hal, demək olar ki, olmadı. Kevin Medina, Mateus Silva, Kadi Borges kimi fiziki cəhətdən güclü futbolçular koordinasiya problemi yaşayırsa, digərlərindən nə gözləyəsən?! Bundan əlavə, “Qarabağ”ın üzvləri “Sabah”la görüşdə bir neçə epizodda doğru qərar verə bilmədilər. Adətən asanlıqla qol vəziyyətləri yaradan ağdamlıların dünənki matçda düz-əməlli təhlükəli epizodları olmadı. Bu isə mental yorğunluqdan qaynaqlanır. Elə buna görə də “Qarabağ” “Sabah”ın 1 hissə ərzində 10 nəfərlə oynamasından da yararlana bilmədi.

Bütün bunlara baxmayaraq, cari mövsüm Qurban Qurbanov və komandası üçün əla təcrübə oldu. Aydın məsələdir ki, indidən növbəti sezonla bağlı planlar qurulur, yayda ciddi addımlar atılacaq. Hazırkı heyətin uğurdan doymuş, fikri xaricdən gələn təkliflərdə qalan üzvləri ilə yollar birmənalı ayrılmalıdır. Zatən, Qurban Qurbanov ürəyi “Qarabağ”la döyünməyən futbolçuları komandada saxlamır, düz də edir. Məcburiyyətdən qalıb yola verməklərindənsə, həmin oyunçuların satılması və ya müqavilə müddətlərinin uzadılmaması ən doğrusudur. Biz bu halı Reynaldodan Juninyoya qədər bir çox futbolçuda görmüşük.

“Qarabağ” rəhbərliyinin də üzərinə iş düşür. Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra komanda üçün vacib olan, özünü göylə aparmayan, Ağdam klubunda qalmaq istəyən futbolçuların müqavilələrinə yenidən baxılması labüddür. Ki, onlar özlərini dəyərsiz hiss etməsinlər və “Qarabağ”la daha böyük uğurlara imza atmaq haqda düşünsünlər.

“Köhlən atlar” bu durumdan çıxacaqlar. “Sabah”ın hazırkı səviyyəyə çatması “Qarabağ”a başa saldı ki, artıq liqanın nəinki ilk yarısını, bir turunu belə yola vermək olmaz. Əks halda, bundan istifadə edəcək komanda var! İllərdir şikayət etdiyimiz rəqabətsizlik problemi aradan qalxmaqdadır. Çempionluğa namizədlərin sayı artdıqca “Qarabağ” daha güclü komandaya çevriləcək! Bu isə Azərbaycan çempionatının səviyyəsini qaldırmaqla yanaşı, avrokuboklarda həm “Qarabağ”ın, həm də digər təmsilçilərimizin daha böyük uğurlara imza atmasına zəmin yaradacaq.

FƏRİD

Shares: