“Zirə”nin qapıçısı Tyaqo Silva Azərbaycan kubokunun yarımfinalında “Turan Tovuz”u keçib finala adladıqdan sonra futbolinfo.az-ın suallarını cavablandırıb.

– Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz”u məğlub edərək finala yüksəldiniz. İkinci oyun daha çətin oldu?
– Şübhəsiz ki, ikinci oyun daha çətin oldu və biz bunu əvvəlcədən gözləyirdik. İlk matçdan iki top üstünlüyümüz var idi və gözlənildiyi kimi, “Turan Tovuz” çox hücumameyilli başladı, çoxlu sayda oyunçunu irəli atdı. Buna baxmayaraq, düşünürəm ki, biz müdafiədə böyük möhkəmlik və komanda birliyi nümayiş etdirdik. Əks-hücumlarda bir-iki qol da vura bilərdik. Ümumilikdə isə keçdiyimiz yoldan qürur duyuruq.

– İlk oyunda “Zirə”nin daha yaxşı təsir bağışladığı deyilirdi. Razısınız?
– Açığı, çempionatdakı 0:2 hesablı məğlubiyyətimiz istisna olmaqla, düşünürəm ki, digər bütün oyunlarda biz daha üstün tərəf olmuşuq. Oyuna daha çox nəzarət edən, topu yerdə saxlayaraq oynamağa çalışan tərəf biz idik. “Turan Tovuz” əsasən cinah ötürmələrinə, uzun toplara və standart vəziyyətlərdə hündürboy oyunçularına güvənir. Bu üslub mənim çox bəyəndiyim oyun tərzi deyil və bəzən keyfiyyət baxımından üstün olsan belə, belə komandalarla oynamaq çətin olur. Amma ümumi olaraq düşünürəm ki, biz onlardan daha yaxşı çıxış etmişik.

– Finalda “Sabah”la qarşılaşacaqsız…
– Bizim üçün fərq etmirdi, əsas diqqətimizi öz oyunumuza yönəltmişik. İndi rəqibimiz “Sabah”dır – çox keyfiyyətli və istedadlı futbolçuları olan komandadır, onlara qarşı oynamaq çətindir. Onlara qarşı ən yaxşı strategiyanı tapmalıyıq. Bununla belə qeyd etmək istəyirəm ki, həm “Qarabağ”, həm də “Sabah” finala layiq idi və belə gözəl oyundan sonra nəticənin bir qədər uğursuz sonluqla bitməsi təəssüf doğurur. Hər iki komandanı yarımfinaldakı yüksək səviyyəli oyunlarına görə təbrik edirəm.

– Komanda Azərbaycan Kubokunu qazana bilərmi?
– Biz bu finala tam haqq edərək çıxmışıq – bütün turnir boyu qapımızdan qol buraxmamışıq. Güclü rəqibləri məğlub etmişik və buna görə də layiqli finalçılarıq. İnanırıq ki, kuboku qazanmağa da layiqik və klub tarixində ilk kuboku qazana bilərik. Biz tarix yazmaq istəyirik.

– Kubok finalına yüksəlməyin yaratdığı həyəcan çempionatdakı çıxışınıza təsir edə bilərmi? Qarşıdakı “Turan Tovuz” oyunu ilə bağlı nə düşünürsünüz?
– Xeyr, bu bizə təsir etməyəcək. Çünki əsas məqsədimiz Avrokuboklara vəsiqə qazanmaqdır və bu yer uğrunda “Turan Tovuz” və “Neftçi” ilə mübarizə aparırıq. Çempionatın sonuna qədər mübarizəni davam etdirməliyik. Finala yüksəlmək bizi sevindirsə də, qarşıdakı liqa oyunlarının vacibliyini yaxşı anlayırıq. “Turan Tovuz”un yenə aqressiv və hücumameyilli oynayacağını gözləyirik. Amma bu dəfə biz də eyni şəkildə oynayacağıq, çünki yeganə məqsədimiz qələbə qazanmaqdır. Ümid edirəm ki, azarkeşlər üçün maraqlı və baxımlı oyun olacaq.

FƏRİD

Shares: