“Barselona”nın baş məşqçisi Hans-Diter Flik dünən “Selta” ilə oyunda zədələnən Lamin Yamal barədə danışıb.
İspaniyalı vinger qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş dəqiqələrdə zədə səbəbindən əvəzlənib. O, bundan az əvvəl isə penaltini dəqiq yerinə yetirərək matçın yeganə qolunu vurmuşdu.
Futbolinfo.az xəbər verir ki, almaniyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında dəqiq diaqnozu sabah (bu gün) biləcəklərini söyləyib:
“Sabah dəqiq diaqnozu biləcəyik, ona görə, gözləməliyik. Yamal bizim üçün çox vacib oyunçudur, eyni sözləri Joao Kanselo haqqında da deyə bilərəm. Təəssüf ki, belə hallar olur. Yamal zədəlidir, Kanselo da həmçinin. Rafinya, Mark Bernal və Andreas Kristensen isə daha əvvəl sıradan çıxıb. Zədə alan futbolçulara həmişə üzülürəm – onların nələr yaşadığını bilirəm”.
“Barselona” mayın 10-da “Real”ı qəbul edəcək və Yamalın bu vacib “el klasiko”nu buraxmaq ehtimalı var.






