“Qəbələ”nin təcrübəli futbolçusu Asif Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 30-cu turunda “Zirə”yə 0:1 hesabı ilə uduzdunuz. Matçı necə dəyərləndirirsiz?
– Bu mövsüm demək olar ki, oynadığımız ən yaxşı oyunlardan biri idi. Yaxşı qol imkanlarımız oldu, amma istifadə edə bilmədik. Rəqibə o qədər də qol şansı verməmişdik. Oyunu çox yaxşı oynamışdıq. Əvvəlki oyunlardakı kimi yenə imkanlarımızdan istifadə edə bilmədik və rəqib öz təcrübəsindən yararlanaraq əlinə düşən ilk imkanda qapımıza qol vurdu. Yəni bu, bizim ən böyük problemlərimizdən biridir. Qol imkanlarını istifadə edə bilmirik. Təcrübəli rəqiblərlə oynayanda onlar bir epizod yaradıb qol vururlar, amma biz bunu bacarmırıq. 70 faiz oyunlarda yaxşı çıxış etmişik. “Sabah”, “Qarabağ” və “Zirə” kimi komandalara qarşı inamlı oynamışıq.
– Belə oynayıb uduzmaq komandanın növbəti matçlardakı çıxışına təsir edir?
– Çox məyus oluruq, amma yenə də irəli baxmaq istəyirik. Qol imkanlarından istifadə edə bilməmək bugünkü vəziyyətimizin əsas səbəbidir. Bir var ümumiyyətlə qol imkanı olmur, o qədər təsir etmir, bir də var ki, məsələn, “Sumqayıt” oyununda hətta boş qapıya belə qol vura bilmədik. Bu, bizim yaralı yerimizdir. Bəxtsizlik deyək, yoxsa təcrübəsizlik – qərar vermək çətindir. Amma boş qapıya vura bilməmək daha çox şanssızlıqdır. Yəni əvvəl də belə hallar yaşamışıq, amma bu vəziyyətin uzun çəkməsi təbii ki, təsir edir. Ən azından bəzi məqamlarda nəticəni dəyişə bilərdik. Bu da bizi narahat edir.
– Problemi nədə görürsüz?
– Turnir cədvəlində komandaların bir-birinə yaxın olması da vəziyyəti çətinləşdirir. Üstəlik, qarşıda daha çətin oyunlarımız var. Amma məqsədimiz irəli getməkdir. İnşallah möhkəm qalıb yaxın zamanda hər şeyin necə olacağını görəcəyik.
– Durumu dəyişə biləcəksiz?
– İndi konkret nəsə demək çətindir, açığı, bu barədə çox düşünmürük. Sadəcə çalışırıq ki, o vəziyyətə düşməyək və əlimizdən gələni edirik.
– Komanda üzərində getdikcə daha çox təzyiq yaranır. Çünki “Karvan-Yevlax”la xal fərqi 6-ya enib.
– Bunu böyük bir təzyiq kimi qiymətləndirməzdim. Ola bilər ki, həyəcan var və bu normaldır. Biz də çalışırıq ki, futbolçularla danışaq, onları rahatlaşdıraq.
– Qarşıda “Qarabağ”la oyun var. Məsələ budur ki, rəqibinizə də xallar vacibdir. Həmin matçdan xal almaq mümkün görünür?
– İnanın, rəqibin fərqi yoxdur, biz hər bir oyunda xal qazanmaq istəyirik və əlimizə düşən imkanlardan maksimum yararlanmağa çalışırıq. “Qarabağ”dan sonra da bizim üçün vacib oyunlar gəlir.
– İllərdir “Qəbələ”dəsiz. Karyeranızın ən çətin ilidir?
– Komandanın ümumi vəziyyətini götürsək, il bizim üçün çətin keçdi. Komandamız demək olar ki, yenidən quruldu. Ola bilər ki, bəzi futbolçular gözləntiləri tam doğrultmadı, amma bu normaldır. Birinci liqadan Premyer Liqaya çıxan komanda üçün birdən-birə 10-11 futbolçunu dəyişmək asan deyil. Amma pis oynamırıq. Əgər qol imkanlarımızdan daha yaxşı istifadə etsəydik, indi bu vəziyyətdə olmazdıq. Vaxt lazımdır. Premyer Liqada yerimizi qoruya bilsək, gələn il daha yaxşı nəticələr əldə edəcəyik.
– Transfer məsələsində hansısa səhvlərə yol verdiyinizi demək olar?
– Oyunçuları video üzərindən izləyib seçirik. Məncə, bu, ümumilikdə düzgün yanaşma deyil, amma məcbur qalırıq. Çünki imkanlarımız məhduddur – hər oyunçunu canlı izləmək, uzun müddət gözləmək şansımız olmur. Buna görə də bəzi futbolçular gözlədiyimiz səviyyədə çıxış etməyə bilər. Bizim komandada kifayət qədər yaxşı futbolçular var. Yenə deyirəm ki, əlimizə düşən qol imkanlarından istifadə etsəydik, bu vəziyyətə düşməzdik. Hazırda komandada ümumi vəziyyət normaldır, ab-hava yaxşıdır. Əgər bərbad oynasaydıq, onda vəziyyət daha narahatedici olardı və başqa nəticələr çıxarmaq lazım gələrdi. Amma belə deyil. Futbolda olur ki, oyunçu bəzi epizodlarda qol vura bilmir və bu, normal haldır. Amma ümumi götürəndə pis oynamadığımız halda bu vəziyyətə düşmək təbii ki, üzücüdür. Əlbəttə, heyəti gücləndirmək istərdik, lakin büdcəmiz buna tam imkan vermir. Bəzi komandalar 15-16 futbolçu ilə heyəti genişləndirə bilirlər, amma bizdə limit daha aşağıdır. Maliyyə imkanlarını da nəzərə almalıyıq. Üstəlik, bəzi oyunçularımız zədəlidir və bu da komandaya təsir edir.
– Hazırda əsas məqsəd nədir?
– Məqsədimiz 11-ci pillədən yuxarı qalxmaqdır. Hələ ki, bunun üçün imkanımız var və inanırıq ki, qarşıdakı turda maksimum nəticə göstərsək, buna nail ola bilərik. Bunun üçün isə yaxşı oynamaq lazımdır. 11-ci yerdəyik, amma əlimizdən gələni edəcəyik ki, ən azından 10-cu yerə qalxaq. Hazırkı heyətlə də nəticə qazanmaq mümkündür.
AĞA






