“Neftçi”yə tətbiq edilən transfer qadağası tezliklə ləğv ediləcək. Bu barədə bakılıların media üzrə koordinatoru Rüstəm Əfsərli məlumat verib.
Futbolinfo.az saytına danışan klub rəsmisi cəzanın ödənilməsi gərəkən vəsaitin texniki səbəbdən gecikməsi ilə əlaqəli olduğunu bildirib: “Bir futbolçuyla bağlı ödəniş texniki səbəbdən gecikmişdi. Belə olduqda FIFA-da sistem belədir ki, qurumun portalı avtomatik işləyir və klub qırmızı siyahıya düşür. Artıq ödəniş həyata keçirilib, maksimum 3-5 gün ərzində transfer qadağası ləğv ediləcək. Narahatlığa hər hansı səbəb yoxdur”.
Əfsərli bildirib ki, “Neftçi”nin hər hansı futbolçu qarşısında yerinə yetirilməyən öhdəliyi yoxdur: “Sadəcə, Alessio Kurçinin keçmiş klubuna transfer haqqı texniki səbəblərdən yubanmışdı. Artıq ödəniş həyata keçirilib, sənəd də portala əlavə olunub. Qarşı tərəf tezliklə sənədi təsdiqləyəcək və qadağa aradan qaldırılacaq”.






