Andrey Demçenko baş məşqçi təyin olunarkən “Araz-Naxçıvan”ı bərbad gələcəyin gözlədiyini yazmışdıq. Bu, təkcə ukraynalının bacarıqsız məşqçi olmasına görə gəldiyimiz qənaət deyildi. Muxtar respublika təmsilçisində idman nəticələrinin tapşırıldığı Ceyhun Sultanovun yalnız cibini doldurmaq niyyətindən xəbərdar olduğumuz üçün belə proqnoz vermişdik.
Reallıq göz önündədi. Elmar Baxşıyevin 4-cü pillədə tərk etdiyi “Araz-Naxçıvan” 6-cı pillədədir. Qışda hətta gümüş medalçı olmaq üçün ciddi şansı qalan komanda artıq avrokuboka vəsiqədən əlini üzüb. Qaydasında gedən hər şeyi öz maraqları naminə darmadağın edən Sultanovun aqibəti məhz belə olmalıydı. Baxşıyev postunda ikən başqa məşqçi gətirən, danışıb anlaşan bu işbaz menecerin bacarıqsızlığı real nəticələrlə isbat olundu.
Azərbaycanda az qala bütün komandalarda oyunçusu olan, özü isə naxçıvanlılara bağlı birinin niyyəti təkcə pul qazanmaq deyil. Onu zatən Zaur Axundovun qılığına girərək əldə edir. Ceyhunun “mənəm-mənəmlik” iddiası var, simasına müdrik görüntü verib özünü hamıdan ağıllı, futboldan tam xəbərdar adam kimi göstərir ki, şeytana papış tikən Elxan Məmmədov belə onun toruna düşüb. “Hər şeyi hamıdan yaxşı bilən” Sultanov indi ifşa olur – hamı onun bacarıqsızlığını izləyir.
İndi Sultanov gizlənib, alət kimi istifadə etdiyi Demçenko ortada qalıb. Ukraynalı qovulacağını bildiyi üçün öz xarizmasını qorumaqla məşğuldur, uğursuzluğun günahını futbolçuların üzərinə atıb vəziyyətdən çıxmağa çalışır. Xaos davam edir, zaman-zaman hamıya ağıl öyrədən Sultanov isə qeybə çəkilib, yayda yeni qazanc yolları üçün xəritə cızır.
“Sumqayıt”la oyunun nəticəsi şəxsən mənim üçün gözlənilməz deyil. “Araz-Naxçıvan” aşkar üstün olsa belə, rəqibini yenə bilməzdi. Haqsızlığın cəzası futbolun ədaləti ilə verilir. Baxşıyev Demçenkodan zəif məşqçi ola bilər, amma o, hər şeyi doğru etdiyi bir məqamda Ceyhunun qazancına mane olduğu üçün qovuldusa, səbəbkarlar tərs şapalağı almalıydı.

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində dünən baş tutan digər oyunun nəticəsi isə gözlənilən idi. “Qarabağ” favorit sayılsa da, çempionluğun əldən getməsi ilə motivasiyalarını itiriblər. İkinci pilləni tutmaq üçün lazım olan xallar isə qazanılır. Ağdamlılar qələbə üçün mümkün olanı etdi, penaltini qaçıranda isə xal bölgüsünə razılaşdılar.
Bu oyundakı xal “Qəbələ”yə təskinlik üçün gərək idi. Komandanın “Kəpəz”ə çata bilməyəcəyi aydındır, indi əsas məqsəd “Karvan-Yevlax”dan uzaqlaşmaq və pley-offa hazırlaşmaqdır. Ceyhun Sultanovun bu komandaya sırıdığı legionerlərlə daha yaxşı aqibət mümkün deyildi.
FƏRİD






