“Azərbaycan Kubokunun finalında heç bir komandanı dəstəkləməyəcəyəm. Ən yaxşı olan qalib gəlsin”. Bunu “Qarabağ”ın kolumbiyalı futbolçusu Kamilli Duran futbolinfo.az saytına açıqlamasında deyib.
24 yaşlı hücumçu Misli Premyer Liqasının XXXI turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyun (1:1) barədə danışıb: “Çətin oyun olacağını bilirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Növbəti oyuna hazırlaşmaq lazımdır. Dincəlib, qarşıdakı tur “İmişli”yə qarşı matça hazırlaşacağıq”.
O, komandasında çempionluq əldən getdikdən sonra əvvəlki ruhun olmaması ilə bağlı fikirlərə belə münasibət bildirib: “Qətiyyən belə şey yoxdur. Hansı komanda qələbə qazanmamaq, yəni məğlub olmaq istəyər? “Qarabağ” həmişə qələbə qazanmağa öyrəşmiş komandadır. Amma bəzən alınmır”.
Duran karyerası ilə bağlı isə bunları deyib: “Bütün düşüncələrim “Qarabağ”la bağlıdır. Hələ klubla iki illik müqaviləm var. Mövsümün sonunda nə baş verəcəyini deyə bilmərəm. Amma kluba bağlıyam və müqaviləm davam edir”.






