İyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq “UFC Fight Night Baku” turnirinin bütün döyüşləri açıqlanıb.
Bu barədə Futbolinfo.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Gecənin əsas döyüşündə təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə (Meksika) qarşılaşacaq. Yarışın ikinci əsas döyüşündə isə orta çəkidə Şarabutdin Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.
Həmçinin Nazim Sadıxov yüngül çəkidə Mateus Kamilo (Braziliya) ilə münasibətləri aydınlaşdıracaq. Asu Almabayev (Qazaxıstan) reytinq xarakterli döyüşdə Çarlz Conson (ABŞ) ilə üz-üzə gələcək.
Orta çəkidə İkram Aliskerov (Rusiya) braziliyalı Brunno Ferreyra ilə, almaniyalı Abus Maqomedov polşalı Mixal Oleksieyçuk ilə qarşılaşacaq.
Yarımağır çəkidə Abdul Rəhman Yaxyayev (Rusiya) Culius Uolkerlə (ABŞ), UFC-də debüt edəcək həmyerlimiz Fərman Həsənov yarımorta çəkidə Erik Nolanla (ABŞ) üz-üzə gələcək.
Orta çəkidə İsmayıl Naurdiyev (Rusiya) italiyalı Marvin Vettori ilə, özbəkistanlı Nursulton Ruziboyev rusiyalı Andrey Pulyayev ilə qarşılaşacaq.
Yarımorta çəkidə Daniil Donçenko (Ukrayna) isveçli Andreas Qustafsson ilə qarşılaşacaq. Bantam çəkidə isə Bekzat Almaxan (Qazaxıstan) braziliyalı Yan Matsumotonu sınağa çəkəcək.






