Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da finalçılar müəyyənləşib.

Əli Cavadlı (45 kq) bolqarıstanlı Tzvetan Nikolova tam üstünlüklə (8:0) qalib gəldikdən sonra ermənistanlı Vazgen Vardanyana şans tanımayıb – 7:1. Təmsilçimiz yarımfinalda isə gürcüstanlı Luka Bolkvadzeni minimal fərqlə (7:6) üstələyib. Əli sabah finalda rusiyalı Umar Boqatıryovla güləşəcək.

Hüseyn Mustafazadə (51 kq) ilkin mərhələdə belaruslu Timafey Semyanenkaya 9:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı İnal Temersultanova minimal fərqlə məğlub olub – 6:7. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz sabah təsəlliverici görüşdə isveçrəli Tristan Bernetlə üz-üzə gələcək.

Elmir Çərkəzov (60 kq) 1/8 finalda almaniyalı Kristiano Libzaytə 1:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Elmir təsəlliverici görüşə çıxacaq. Rəqib avstriyalı Lionel Vinter olacaq.

Əli Məmmədov (71 kq) təsnifat mərhələsində ukraynalı Vladislav Veliçkoya 3:8 hesabıyla məğlub olub.

Zöhrab Səfərov (92 kq) rusiyalı Vladimir Avakyan (10:0), almaniyalı Maks Peter Baumayster (6:3) və gürcüstanlı Vaxtanq Meparişvilini (5:2) mübarizədən kənarlaşdırıb. Yarımfinalda ermənistanlı Aleksan Şalyana (0:6) uduzan Səfərov bürünc medal uğrunda mübarizə aparacaq.

Shares: