AZAL-ın vitse-prezidenti Vaqif Qasımovun futbolinfo.az saytına müsahibəsi
 
– AZAL-ın ilk 2 dövrədəki çıxışını necə dəyərləndirirsiz?
– Deməzdim ki, yaxşı çıxış etmişik. Lakin sonuncu qarşılaşma oynaya biləcəyimizi göstərdi. Lazım olmayan futbolçuları komandadan göndərib, yeni transferlər etsək, inanıram ki, fasilədən sonra hər şey yaxşı olacaq.
 
– "Neftçi" ilə oyundan sonra qarşı tərəf məğlubiyyətə görə hakimliyi gündəmə gətirdi, hətta buna görə qalmaqal da yarandı…
– Başa düşmürəm… "Neftçi" nəyinsə gücü hesabına udmalıdı? Udsun! Bir söz demirəm. Qırmızı vərəqələr düzgün verilmişdi. Heç bir hakim onu verməyə bilməzdi. Deyirlər ki, guya Orxan Qəbələdəndi və "Qəbələ"ni qabağa çəkmək üçün belə edir. Onda "Neftçi"nin oyuna bakılı hakimlərin təyinat almasını necə başa düşək? Bu, düzgün söhbət deyil. Rəhbərlik bu cür sözlər deyə bilməz. Oyundan sonra özündən razı olan Tahir Süleymanov baxsın ki, hansı söyüşləri işlədirdi. Hakimlər meydandan çıxa bilmirdi. 15-20 polis əməkdaşı onu saxlaya bilmirdi. Təbii ki, günah polisdədi. Belə adamların əl-ayağını bağlayıb aparmaq lazımdı. Rəhbər özünü belə aparmaz. Sənin bu hərəkətin futbolçulara necə təsir edəcək? Ona 5 oyunluq cəza verdilər, amma onu komandaya yaxın buraxmaq lazım deyil.
 
– Yeni transferlərin olacağını bildirdiz. Əsasən hansı mövqelər gücləndiriləcək?
– Əsasən hücum mövqeyinə transferlər olacaq. Bundan başqa dayaq yarımmüdafiəçi mövqeyini də gücləndirməyi düşünürük. Yuri Fomenko və Freddi Borq komandaya uyğunlaşa bilmədi. Ona görə onların əvəzinə heç olmasa 2 hücumçu lazımdı. Yenə də buna baş məşqçi qərar verəcək. Çünki o heyətdə olan çatışmazlıqları daha yaxşı bilir.
 
– Transferdə yerli, yoxsa legioner futbolçulara üstünlük veriləcək?
– Qış mövsümü olduğundan azad futbolçu tapmaq bir az çətindi. Əvvəlcədən bunu deyə bilmərəm. Baxılacaq, hansı futbolçu məsləhət olsa, onu da gətirəcəyik.
 
– İki futbolçunun adını qeyd etdiniz. Bundan başqa "qara siyahı"da kimlərin adı var?
– Bəli 2 nəfərin adını çəkdim. Yanvarın 8-də komanda bir araya gələcək. Həmin vaxta qədər kimlərin qalıb, kimlərin gedəcəyinə qərar veriləcək. İndidən nəsə bir söz demək olmaz. Amma bir neçə nəfərin göndəriləcəyini deyə bilərəm.
 
– Vaqif Sadıqov hər zaman heyətlə bağlı problemlərdən və büdcə çatışmazlığından şikayətlənir. Qışdan sonra bu problemlər həll olunacaq?
– Mənə elə gəlir ki, bu problemlər hamısı öz həllini tapacaq. Komandanın zəif çıxış etməyində Sadıqovun günahı yoxdu. Çünki əlində nə varsa, Vaqif müəllim onlarla işləyir.
 
– Bəzi uğursuz oyunlardan sonra Sadıqovun AZAL-dan göndəriləcəyi gündəmə gəlirdi. Rəhbərlik doğrudan da onun istefası barədə düşünüb?
– Belə bir söhbət yoxdu. Bunların hamısı boş söhbətlərdi. Sadıqovun klubla müqaviləsi var. Müqaviləyə görə də bizimlə işləyir. Pis işlədiyini də deyə bilmərəm. Mənə elə gəlir ki, Sadıqov hələ klubda qalıb işləməlidi.
 
– Komandanın yanvarın 8-də bir araya gələciyini dediniz. Toplanış planları müəyyən edilib?
– Hazırda bu barədə danışıqlar gedir. Dediyim tarixdə hamı yığışacaq. Türkiyəyə getmək ehtimalı var. Bununla bağlı söhbətlər gedir.
 
– AZAL-ın uşaq futbolu aşağı səviyyədədi…
– Uşaq futbolu ilə bağlı böyük çatışmazlıqlarımız var. Bu problemi aradan qaldırmaq lazımdı. Çünki uşaq futbolu qabağa getməsə, gələcəkdə çətin olacaq. İndidən biz uşaqları yetişdirməliyik ki, gələcəkdə də komandaya kömək edə bilsinlər. Bu işlə ciddi məşğul olmaq lazımdı. Mütəxəssislər dəvət olunmalıdı. Bizdə uşaq futbolunun səviyyəsi 2-4 il bundan əvvəl yüksək səviyyədə olub. Əvəzedicilərimiz indi sonuncu pillədədi. Bununla bağlı iş görmək lazımdı.
 
– AZAL-da uşaq futbolunu qaldırmaq üçün hansı işlər görülür?
– Seleksiya işlərini gücləndirmək lazımdı. Daha sonra maddi məsələlər var. Çünki onları geyimlərlə təmin etmək, məşq etmək üçün ehtiyat meydançalar lazım olacaq.
 
– Gələcək planlardan danışdız. İndi uşaq futbolu ilə bağlı hansı işlər görülür?
– Mən öz fikrimi dedim. Zaur müəllimlə də bu haqda söhbət etmişəm. Bütün qərarları klub prezidenti qəbul edir. Bu məsələlər ona bildirləcək.
 
– Bütün Premyer Liqa klublarının rəsmi saytı var. Amma AZAL bu mövzuda geri qalır…
– Bizim klubun rəsmi saytı yoxdu?
 
– Bəli…
– Necə yəni, bizim klubun rəsmi saytı var…
 
– Adı var, amma fəaliyyət göstərmir…
– Mən bu məsələni dəqiqləşdirərəm. Siz deyirsiz, bilirəm. Bu məsələni öyrənərəm.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: