Eldar Mansurov Azərbaycan bəstəkarlıq məktəbinin sonuncu mogikanlarındandır. Müasir bəstəkarların haqqına girməyək, amma onlar ölkə səviyyəsində məşhurdularsa, Eldar müəllimin təkcə “Bayatılar”ı bütün dünyada sevilir.

Sevimli bəstəkarımızı tanıtmağa ehtiyac yoxdur. Hamımız onu da yaxşı bilirk ki, Mansurov həm də çox güclü futbol azarkeşidir. Təbii ki, belə bir şəxsiyyəti diqqətdən kənarda saxlaya bilməzdim.

– Mansurovlar ailəsi futbola nə qədər bağlı olub?

– Uşaqlıqdan – 1962-ci ildən atamla birgə stadiona getmişəm. O, azarkeşlik edirdi, mən də yanında oturub baxırdım. Sonra yavaş-yavaş mən də azarkeşlik etməyə başladım.

– Atanız Bəhram müəllim əsl futbol həvəskarı idi?

– Açığı, gördüyümə əsasən, atam dostları ilə birgə stadiona gedirdi, daha çox dilxoşluq edirdilər. Əsl futbol həsəvkarı olduğunu deyə bilmərəm. Həmin zaman futbola getməyən yox idi, atam da onlardan biri idi.

– Ovaxtkı xanəndələr və muğam ifaçılarından futbola ən çox maraq kimdə olub?

– Özümün yadında olmasa da, atam bir neçə dostunun güclü futbol azarkeşi olduğunu deyidi. Amma adlarını xatırlamıram.

– Uşaqlıqda hansı idman növləri ilə məşğul olmusunuz?

– 14 yaşımdan 16 yaşıma qədər futbola getmişəm. “Spartak” stadionunda məşğul olurdum, məşqçim “Neftçi”nin keçmiş qapıçısı Ənvər Axundov idi. Həmin vaxt “Neftçi”nin əvəzedicilər komandasında oynamış məşhur futbol hakimimiz Rüstəm Rəhimovla orada tanış olmuşam. Sonra hətta qohum olduğumuzu da öyrəndik. “Neftçi”nin əvəzediciləri və başqa komandaların iştirakıyla baş tutan turnirlərdə də oynamışam. Adətən müdafiədə dayanırdım, lakin qol vurmağı da xoşlayırdım. Hücumçu oynaya bilmirdim, çünki bunun üçün sürətin olmalıdır, məndə isə bu yox idi. Düzdür, həyətdə hücumda da çıxış edirdim, ancaq böyük meydanda artıq yalnız müdafiəçi kimi oynayırdım. Hərdən rəqiblərdən topu alırdım (gülür). Həmçinin bir neçə dəfə gimnastikaya getmişəm. Amma sonra gördüm ki, mənlik deyil. “Gimnastika keçisi”nin üstündən hoppana bilmirdim, bu alətə dəyirdim (gülür).

– Bəhram müəllim futbola getməyinizdən narazı deyildi?

– Yox. O vaxt Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində oxuyurdum. Həm orada, həm də futbolda yarımçıq qalırdım. Axırda müəlliməm atamı çağırıb dedi ki, ya uşağı aparıb futbolçu edin, ya da sırf musiqi ilə məşğul olsun. Atam mənə söylədi ki, futbolçu olmaq yaxşıdır, lakin idmançı ömrü qısadır. Uzağı 30 yaşına qədər oynadın, bəs sonra nə edəcəksən? Musiqi isə ömrünün sonuna qədər səni dolandıracaq. Həm də nəslimizdə musiqiçilər az deyil. Mən də futbolu atıb bu sənətə keçdim. İndi də baxıram ki, futbolçular əksər hallarda 30 yaşına qədər oynayırlar. O zaman da 30 yaşdan sonra başqa sahədə çalışmağa başlayırdılar. Ya gedib İqtisad Universitetini bitirir, ya da polis olurdular.

– Köhnə Bakını görən insansınız. O dövrdə həyətdə oynanılan futbol ilə indiki arasında nə qədər fərq var?

em - Futbolinfo.az

– Bəli, həmin vaxt bütün uşaqlar oynayırdı, küçə futbolu deyirdik. İndi isə həyətlərin hamısı qarajlarla doludur. Heç uşaq arabaları ilə çıxan adamaların belə gəzməyə yeri yoxdur. Hər yerə maşınları doldurublar. Buna görə bizdə futbol da yoxdur. O vaxt məhəllələrarası “Sevinc” kuboku təşkil olunurdu. Həmin turnirdən sonradan adını yaxşı tanıdığımız nə qədər futbolçular çıxdı. Futbol belə inkişaf etməlidir. Hazırda Azərbaycan futbolu elə səviyyəyə düşüb ki, Afrika, Amerika və başqa yerlərdən oyunçular gətiririrlər. Onların da marağı yoxdur, yalnız pulun xətrinə gəlirlər. Komanda qalib gəldi, ya məğlub oldu – onların vecinə deyil. Uşaq futbolunu mütləq inkişaf etdirmək lazımdır.

– Futbol mövzusunda neçə bəstəniz olub? Bildiyimə görə, “Neftçi”nin himni sizə məxsusdur.

– Bəli, amma tək o deyil. O vaxt Əhməd Ələsgərovun yaxın qohumu və yaxşı dostum olan şəxs məni onunla tanış etmişdi. Ona haqqımda “Neftçi”yə hələ bürünc medallar qazanılan dönəmdən azarkeşlik edir” demişdi. Əhməd müəllim məndən soruşdu ki, bəstəkarsan, nə əcəb “Neftçi”yə bircə bəstə həsr etməmisən? Mən də yalandan cavab verdim ki, yazmışam. O isə “onda sabah səni gözləyirəm” söylədi. Açığı, bunu gözləmirdim. Bütün gecəni mahnı yazdım, səhər isə studiyaya zəng edib mənə yer saxlamaqlarını istədim. Sonra isə oxuyanları axtarmağa başladıq. Studiyaya yaxın yaşanları çağırdım. Mahnını diskə köçürdüm. Axşam isə Əhməd müəllimin yanına getdim. Çıxarıb diski qarşısına qoydum ki, buyurun, bu da mahnı. Yəni ki, dediyimi etdim. Nə qədər ki, Əhməd Ələsgərov “Neftçi”nin baş məşqçisi idi, o musiqi hər dəfə stadionda səsləndirilirdi. Elə ki, Əhməd müəllimi göndərdilər, mənim bəstəmə də bir təpik vurub yola saldılar (gülür).

– İndiyə qədər hansısa klubumuzdan sizə peşəkar bəstəkar kimi təklif gəlib?

– “Rəvan” və “İnter”in himnini yazmışdım. Sonra “Qəbələ” üçün bəstələməyimi də xahiş etmişdilər. Lakin hər dəfə “orasını-burasını düzəlt” dedilər. Mən də cavab verdim ki, bilirsiniz nə var, heç yazmıram, gedin kimə istəyirsinizsə, sifariş edin. Həmçinin “Abşeron” üçün də himn yazmışdım. Premyer Liqaya vəsiqə qazansalar da (2011-ci ildə 1-ci Divizionda məğlubiyyətsiz çıxış edərək, orada bir mövsümə ən çox xal toplayan və ən çox qələbə qazanan komanda olmuşdu – T.M.), sponsorluq problemlərinə görə fəaliyyətini dayandırdılar. O himn indi də məndə haradasa qalıb. Düzünü desəm, “Abşeron” kimi komandanın dağılmasına çox məyus olmuşdum. Təkcə futbol deyil, voleybol, otüstü hokkey, kikboksinq, karate və bir sıra idman növləri üçün də mahnı yazmışam. Ən əsası isə Azərbaycanın Olimpiya himnini yazmışam. Möhtərəm Prezidentimiz İlham Əliyev özü demişdi ki, Eldar Mansurova tapşırın, himn bəstələsin. Hətta soruşmuşdular ki, bəs necə edəcək? Cənab Prezident də cavab vermişdi ki, o özü bilir necə yazmaq lazımdır.

– Dünyada “Barselona”, “Liverpul”, “Real”ın himni çox məşhurdur. Ancaq sanki bizim klublarda bu ənənə formalaşmayıb.

– Bəli, bizdə bu yoxdur. “Qarabağ” üçün himn yazıblar, amma bu, bir növ Türkiyənin “Fənərbağça”, “Qalatasaray” kimi klublarının üslubunda yazılıb. Yəni ki, Azərbaycan üslubu deyil. Düzdür, biz də türkük, lakin onların futbol musiqisi fərqlidir. Bizimkilər də özlərini onlara oxşadıblar. Nə bilim, mən bu məsələyə bir qədər başqa cür yanaşılmasını istəyərdim.

– Cavanşir Quliyev də mənə verdiyi müsahibəsində klublarımızın peşəkar bəstəkarlardan yararlanmamasından şikayətlənmişdi…

– Mənim şikayətim yoxdur. Mənə idmanın bir çox növü üzrə həmişə müraciət ediblər.

– Oğlunuz Ülvi vaxtilə “İnter”də işləyib. O, 2015-ci ilin mayında kluba gəlib və Elnur Məmmədovun işçi komandasında yer alıb…

– Bəli. Ülvi həmçinin Azərbaycan Beynəlxalq Bankında işləyib. “İnter” isə bu bankın yaratdığı klub olub.

– Oğlunuz həm də Bakıda “Yuventus” akademiyasının açılması üçün böyük güc sərf edib…

– Hər iki oğlum İtaliya futbolunun pərəstişkarıdır. İtaliya millisinə, ələlxüsus da “Yuventus”a azarkeşlik edirlər. Bu komandanın çoxlu oyunlarını stadiondan izləyiblər. Övladlarımın “Yuventus”un üzvləri, futbolçuları, rəhbərləri ilə yaxşı əlaqələri var. Tez-tez müxtəlif tədbirlərə gedib görüşürlər. İndi nəvələrim də bu yolu gedirlər, onlar da “Yuventus” azarkeşləridir. Bizim ev bu klubun formaları ilə doludur. Bu yaxınlarda İtaliyada restoranların birində Manuel Lokatellini görüblər. Oğlum “Yuve”nin kapitanına yaxınlaşıb övladının onun azarkeşi olduğunu deyib. Lokatelli isə nəvəmə formasını hədiyyə edib və birgə şəkil çəkdirib.

237771 - Futbolinfo.az

– Ancaq “Yuventus”un Bakıdakı akademiyası lazımi effekti vermədi. Bunun səbəbi nə idi?

– Oğlum hər şeyi təşkil etdi, “Yuventus”dan gəlib baxdılar, razılaşdılar. Sonra akademiyanın açılış oldu. Ardınca isə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi dəyişdi. Yeni gələnlər belə bir layihəyə ehtiyac duymadıqlarını bildirdi. O boyda klubun nümayəndələri gəldi, hər şey razılaşdırıldı, yeni rəhbərlik isə onları bəyənmədi.

– Oğlunuz Ülvi hazırda AFFA İcraiyyə Komitəsinin üzvüdür. O, nə dərəcədə sizinlə fikirlərini bölüşür?

– Mən uşaqlarımın işinə qarışmıram. Ülvinin orada konkret nəyə cavabdeh olduğunu bilmirəm. Bu, heç məni maraqlandırmır da. Həyatımda kredo var: yalnız mənə aid işlərlə məşğul oluram. Hansısa iş mənə aid deyilsə, ora baş qoşmuram.

– Həmin “İnter” artıq bir neçə ildir “Şamaxı” adı altında çıxış edir…

– Xəbərim yoxdur, vallah. Mən artıq Azərbaycan futboluna azarkeşlik etmirəm. Çünki bizim ölkədə futbol yoxdur. 1966-cı ildə SSRİ çempionatında bürünc medal qazanan “Neftçi”ni görmüşəm. Mənim üçün ondan ideal komanda yoxdur. O boyda SSRİ-də üçüncü yeri tutmaq… Düzdür, ikinci olmalı idi, komandanı bir qədər sıxdılar. Amma buna da min şükür! Hər halda, “3-lük”də olub. Ovaxtkı “Neftçi” yaxşı oynayırdı, əla komanda idi, güclü futbolçuları var idi. Onlar əfsanələr kimi yaddaşımda qalıb.

– Bəs 1980-ci illərin sonlarındakı Maşallah Əhmədovun “Neftçi”sini necə xatırlayırsınız?

– Həmin komanda da xoşuma gəlirdi. Maşallah, İqor Ponomaryov, Rüstəm Rəhimov, Asim Xudiyev və o heyətin bir sıra futbolçuları mənim yaxın dostlarım olub. Bütün məclislərinə məni çağırıblar. İmkan olduqca gedirəm, çünki hamısı mənim üçün əziz insanlardır. Xüsusən də Oqtay Abdullayevlə lap yaxın dostuq, tez-tez görüşürük.

– Futbolumuzun bataqlıqda olması və millimizin çox zəif nəticələr göstərməsi fonunda “Qarabağ” Avropada uğurlu çıxış edir. Bu barədə nə düşünürsünüz?

– Mənə elə gəlir ki, nə vaxtsa yığmamız da yaxşı nəticələr əldə edəcək. Sadəcə, zaman lazımdır. Belə başa düşürəm ki, hələlik vaxtı gəlib çatmayıb. “Qarabağ” çox güclü komandadır, uzun illər tək idi. Lakin indi yaxşı opponentləri var. “Sabah” çempion oldu, “Neftçi”ni reanimasiya etməyə çalışırlar. Əvvəllər “Bakı”, “Xəzər Lənkəran” kimi güclü komandalar var idi. Onların yoxluğu Azərbaycan futbolunu kasıb edib.

– Uzun illərdir “Barselona” azarkeşisiniz. Bu kluba sevgi sizdə haradandır?

– 30 ildən çoxdur bu klubun azarkeşiyəm. Hətta bir dəfə imkanım oldu, “El Klasiko”nu stadiondan izlədim. 2015-ci il idi, o vaxt komandanın hücum xəttində Messi – Neymar – Suares triosu oynayırdı. “Kamp Nou”dakı həmin matç 1:1 başa çatdı. O oyun mənə çox ləzzət etdi. Barselona şəhər olaraq da çox gözəldi, amma klub tam ayrı səviyyədir. “Barselona”nın göstərdiyi oyunu İspaniyada heç bir komanda sərgiləmir. “Real”ın güclü olduğunu deyirlər. Olsun, lakin bu komanda gözəl futbol göstərmir, yalnız qalib gəlmək istəyirlər. Qələbə qazanmaq üçün də Ramos, indi də Asensio kimi futbolçuları rəqibi vurub-sındırırlar. Çox sərt oyunçuları var. “Barselona”nı gözəl futboluna görə sevirəm.

– Messisiz “Barsa”nı bəyənirsiniz?

– Açığı, onun gedişindən sonra bu kluba azarkeşlik edəcəyimi düşünmürdüm. Amma Flikin gəlişi ilə “Barselona”ya başqa cür yanaşmağa başladım. Yaxşı komanda qurub, əla alınır.

– “Barsa”nın çempionluğunu rəsmiləşdiridiyi son “El Klasiko”nu izləmisiniz?

– Bu oyun gözlənilən səviyyədə alınmadı. Hər iki tərəfin ən yaxşı futbolçuları yox idi. “Barsa” bu heyətlə “Real”dan güclü idi.

– Yamalı bəyənirsiniz? “Yeni Messi” ola bilər?

494544149 2506222393054593 1515288663975707940 n - Futbolinfo.az

– Bilmirəm, gərək bir qədər böyüsün. Hələ çox var.

– Qarşıdakı dünya çempionatını izləyəcəksiniz?

– Dünya çempionatlarına 1966-cı ildən sonra marağım yoxdur. Bilirsiniz, təsadüfi çempionları sevmirəm. Həmin turnirdə Braziliya çox güclü idi, lakin sonda İngiltərə çempion oldu. Peleni də orada sındırdılar. Ötəri çempionları xoşlamıram. DÇ-2026 ümumiyyətlə biabırçılıq olacaq. 48 milli iştirak edəcəksə, o daha necə dünya çempionatı oldu? Mən bunu başa düşmürəm.

– Messi, yoxsa Maradona?

– İkisi də “əjdahadır”, ancaq mən Messini seçərdim. Maradona həm də bir qədər xuliqan idi. Messi isə tərbiyəlidir. Onların yanında üçüncü futbolçu da var axı: Ronaldinyo. Mən onu hamıdan üstün tuturam. Ronaldinyonun topla etdiklərini nə Maradona, nə Messi bacarırdı. O, sanki sirkdə topla jonqlyorluq edirdi.

– Yəni ki, tarixin ən yaxşı futbolçusu kimi Ronaldinyonu görürsünüz?

– Yox, hər dövrün öz ən yaxşı oyunçusu olub. Məsələn, vaxtilə Pele və Qarrinça – çox sevdiyim futbolçulardır. 80-ci illərdə Maradona. Ondan əvvəl isə Kroyff. Çox heyifslənirəm ki, dünya çempionu ola bilmədi. Həmin Niderland millisi çox güclü idi.

– Köhnə futbolu daha çox sevirsiniz. Bəs müasir futbolun ən bəyəndiyiniz cəhəti hansıdır?

– Müasir futbolu bəyənmirəm, çünki hamısı totalizator, danışılmış oyunlardır. Ən bəyənmədiyim futbol adamı isə Florentino Peresdir. Çox böyük həyasızlıq edir. Ay nə bilim, “Neqreyra işi”… Bəs özünüz nə oyunlardan çıxırdınız, “Barselona” heç sizdən şikayət etmirdi. Peres uduzmağı bacarmır. Belə şeyləri görəndə müasir futbola baxmaq da istəmirəm. Yalnız “Barselona”nın matçlarına baxıb ləzzət alıram. Hansı ki oyundan çox teatr tamaşasına bənzəyir.

– Ümumiyyətlə, indiki futbolda bəyəndiyiniz nəsə var?

– “Barselona”dan başqa xoşuma gələn heç nə yoxdur.

– Sizcə, tarixin ən dahi baş məşqçisi kimdir?

– Belə məşqçilər çox olub. “Barselona”nın oyun üslubunu götürsək, Qvardiolanı deyərdim. Hazırda isə Flik. Luis Enrike də yaxşı baş məşqçidir, indi PSJ-də də böyük uğurlar qazanır. Amma Qvardiola və Flik daha parlaq məşqçilərdir. Flik sanki alman futbolunu “Barselona”ya aşıladı.

– Necə düşünürsünüz – yaxşı futbolçu, yoxsa yaxşı bəstəkar olmaq daha çətindir?

– Kim olursan ol, əsas odur ki, öz işinin peşəkarı ol. Fərqi yoxdur: bəstəkar, şair, futbolçu və s.

– Bir maraqlı sitatınızı oxumuşam: “Hərdən baxıram ki, qızlar ştanq qaldırır, futbol oynayırlar. Məni düzgün başa düşün, qadın sinəsi ilə topu necə saxlaya bilər, axı top onu incidəcək. O, gələcəyin anasıdır”.

– Yalan demişəm? Qadının qadın, kişinin kişi yeri var. Qadın uzaqbaşı şahmat oynaya bilər, çünki orada ciddi fiziki yüklənmə yoxdur. Heç onda da ciddi rəqabət görmürəm. Dünya çempionu olan kişi və qadın şahmatçılar oynasalar, kişi qalib gələcək.

TAHİR MİRZƏ

e3289867 349e 48c7 a356 8c73085cae0f - Futbolinfo.az
Shares: