Bəzi istisnaları nəzərə almasaq, Azərbaycan hakimləri futbolçularımızdan daha məşhur olub. Tofiq Bəhramovun DÇ-1966-dakı tarixdə iz qoyan qərarı, Eldar Əzimzadənin 1980-ci ildə Moskva Olimpiadasının final matçını idarə etməsi, müasir dövrdə Əliyar Ağayevin Çempionlar Liqasının əsas mərhələsinin oyunlarında əsas söz sahibi olması fərd olaraq futbolçularımızın dünya miqyasındakı fəaliyyətindən daha yuxarıda dayanıb. Təkcə Azərbaycanın ən nüfuzlu stadionunun hakimin adını daşıması nəyə desəniz dəyər.
Azərbaycan hakimlik məktəbinin layiqli nümayəndələrindən biri də Rüstəm Rəhimov olub. O, SSRİ çempionatında taleyüklü oyunları idarə etməklə ad çıxarıb.
– Uşaqlığınız Bakının hansı məhəlləsində keçib?
– İçərişəhərdə. Əslimiz-kökümüz oradandır. Mən Bakı milyonçusu Yusif ağa Dadaşovun nəticəsiyəm. Paytaxtın bir neçə binası onun olub. Məsələn, “Azneft” dairəsinə yaxın köhnə “İnturist”i qızı olan nənəm Zivər xanım üçün tikdirib. Həmçinin Səməd Vurğun küçəsində hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin binasını göstərə bilərəm. Köhnə “KQB”, hazırkı Dövlət Sərhəd Xidmətinin binası tərəfdə anbarı olub. Eyni zamanda “Kaspar” binasında hətta üzərində Yusif ağa Dadaşov adı yazılıb. Mən əsl içərişəhərliyəm və uşaqlığım orada keçib. Köhnə “Baksovet” metrosuna yaxın 132 nömrəli məktəbdə oxumuşam.
– 1960-cı illərin əvvəllərində “Neftçi”yə yolunuz necə düşmüşdü?
– 1960-cı ildə SSRİ Yüksək Liqasında iştirakçıların sayı az qala iki dəfə artırıldı. O vaxta qədər elitada 4 respublikadan 12 komanda mübarizə aparırdısa, artıq bütün respublikalardan minumum bir təmsilçiyə yer vermək qərara alındı. “Neftçi”nin Yüksək Liqada yaxşı çıxış edə bilməsi üçün Bakı futbol yetirmələri olan Ələkbər Məmmədov və Yuri Kuznetsov Moskva “Dinamo”sundan geri qaytarıldı, həmçinin Adamas Qolodets, Robert Çançaleyşvili kimi oyunçular gətirildi. Atam Ələkbər Məmmədovla dostluq edirdi, mən də bu futbolçunun fanatı idim. Məhz onun həvəsinə mən daha yaxın olan “Spartak” və “Dinamo” arenalarına deyil, indiki Tofiq Bəhramov adına Respublika Stadionuna getdim. Çətin idi: “Neftçi”nin hazırlıq qrupunda oynamaq və Ələkbər Məmmədov başda olmaqla əsas komandanın futbolçularını yaxından izləmək üçün İçərişəhərdən Bakı Dəmiryol Vağzalına, oradan isə elektrik qatarı və ya tramvayla köhnə Çapayev küçəsinə gəlirdim.
– Bəs sonrakı illərdə “Neftçi”dəki karyeranız necə alındı?
– Oynaya-oynaya daha üst pillələrə qalxmağa başladım. Həmin vaxt hazırlıq qruplarında top qovanların əksəriyyəti ermənilər idi, çünki onların kompakt yaşadıqları “Zavokzalnaya” və “Çapayev” məhəllələri yaxın idi. 5-10 nəfər rus və cəmi 1-2 azərbaycanlı oynayırdı. Əmircandan olan sol cinah müdafiəçisi Akif Məmmədov mənimlə birgə çıxış edirdi. 1964-cü ildə artıq Azərbaycanın gənclərdən ibarət komandasının kapitanı seçildim. Məktəblilərin spartakiadasında da iştirak etmişdik, hətta həmin erməni futbolçulardan bir neçəsi sonradan “Ararat”da oynamışdı. 1966-cı ildə isə “Neftçi”nin əvəzedici heyətinə düşdüm. Üç yeniyetməni – məni, Nikolay Smolnikovu və Rafiq Əlizadəni dəvət etdilər. 18 yaşım var idi, o yaşda “Neftçi”yə düşmək çox çətin idi, çünki böyük rəqabət vardı.
– O vaxt “Neftçi”də başqa millətlərin nümayəndələri çoxluq təşkil edirdi. Onlar daha yaxşı oynayırdılar, yoxsa yerlilərə süni əngəllər var idi?
– Onların pis çıxış etdiyini deyə bilmərəm. Həqiqətən, yaxşı oynayırdılar. Amma yerlilərə daha çox şans vermək olardı. Hər halda, onlarda bir-birinə dəstək var idi, bu isə daha da kömək edirdi. Semiqlazov, Bruxti, Markarov, Banişevski, Tuayev, Şevçenko – onların yaxşı futbolçular olduqlarını inkar edə bilmərik.

– “Neftçi”də neçə oyuna çıxmısınız? Ümumiyyətlə, bu klubda karyeranız necə alınıb?
– Əsas heyətdə ilk matçıma 1968-ci ildə Odessada “Çernomorets”ə qarşı çıxdım. Əsas komandada 20-yə yaxın oyun keçirmişəm. Bunlardan təxminən 10-u SSRİ çempionatına, daha 10-12-si isə beynəlxalq görüşlərə təsadüf edib. İran, İraq, Küveyt turnesinə çıxdıq, Bakıda Almaniya Demokratik Respublikasının (ADR) komandası və Polşanın “Olimpiya” klubu ilə qarşılaşdıq.
– Hansı mövqedə çıxış edirdiniz?
– Mərkəz və sağ cinah müdafiəçisi kimi oynayırdım. İnsan obyektiv olmalıdır, məndə yaxşı texnika olmasa da, xarakter var idi. Sərt mübarizə aparmağı sevirdim. Yaxşı boyum var idi, başla oynamağı da bacarırdım. Buna görə məşqçilər elə əvvəldən məni müdafiədə oynadırdı.
– Mahaçqala “Dinamo”suna yolunuz necə düşdü?
– 1970-ci ildə mövsüm başa çatandan sonra Əhməd Ələsgərov “Neftçi”dən ayrıldı. O, həmişə əsas heyətdə oynamağımı istəsə də, bu, rəqabətə görə çətin idi. Mənə demişdi ki, hələlik əvəzedicilərdə oyna, formanı itirmə, hansı komandaya getsəm, səni də özümlə aparacağam. 1971-ci ildə Mahaçqala “Dinamo”sunu “Neftçi”nin sabiq hücumçusu Nikolay Rasskazov çalışdırmağa başladı. O, Bakıya gəlib “ağ-qaralar”ın məşqçisi Valentin Xlıstovdan komandasını gücləndirmək üçün 3-4 futbolçu istədi. Xlıstov da əvəzedicilərin kapitanı kimi məni və daha 2-3 oyunçunu bir dövrəlik Mahaçqalaya göndərdi. Sonra isə Əhməd Ələsgərov 1972-ci ildə Düşənbə “Pamir”inə baş məşqçi təyin olundu, mən də ora yollandım. İki mövsüm bu klubda çıxış etdim. Ardınca Əhməd müəllim “Çernomorets”ə getdi, mən isə “Neftçi”yə qayıtdım.
– “Dinamo” və “Pamir”dəki karyeranızı necə dəyərləndirərdiniz?
– Mahaçqaladan ayrılanda klub rəsmiləri məndən getməməyi xahiş edirdi. Lakin onlara dedim ki, Əhməd Ələsgərov məşqçimdir və nə olur-olsun, komandasına getmək istəyirəm. Maliyyə şərtləri məni maraqlandırmırdı. Baxmayaraq ki, “Dinamo” cəlbedici təklif etmişdi və sözünü tutmuşdu. “Neftçi”dən gələn digər futbolçunu instituta “düzəltdilər”, maşın verdilər və s. Ancaq mən “Pamir”ə üz tutdum.
– Düşənbə həyatı necə idi?
– Maraqlı idi, amma Əhməd müəllim oradan ayrılandan sonra Bakı üçün darıxmağa başladım. Ümumən azərbaycanlı futbolçuların psixologiyasında belə bir şey var: başqa ölkədə qala bilmirik. Bu, indiki nəslə də aiddir.
– Sizcə, bunun səbəbi nədir? Özü də bunu heç dinlə əlaqələndirmək də olmur, çünki türkiyəli və ya ərəb futbolçular belə deyil.
– Ola bilər, biz torpağa və ya mentalitetə görə ailəyə, qohumlara dostlara daha bağlıyıq. ABŞ və Avropada olanda orada yaşayan azərbaycanlılarla danışanda da onlarda nostalji hisslər keçirdiklərini gördüm. Baxmayaraq ki, bəziləri burada heç iş tapmırdı, orada isə yaxşı qazanırlar. SSRİ dağılanda mənə Moskvadan təklif gəldi ki, gəl, burada hakimlik et. Təklifə görə təşəkkür etdim, lakin getmədim. Çünki anlayırdım ki, orada yaşaya bilmərəm. Düzdür, bəzi futbolçularımız Moskvaya köçdü. Məsələn, Rafiq Quliyev, Rafiq Əlizadə, Toqif Abbasov. Ancaq mən öz xarakterimə bələdəm.
– “Pamir”dən Kirovabad “Dinamo”suna gəldiniz…

– Bəli, əsgərliklə əlaqədər olaraq 1 il Gəncədə oynadım. Sonra Azərbaycan birinciliyində çıxış edən “Avtomobilçi” komandasına keçdim. Şeyxov, Namazov, Ağasəlim Mircavadov da orada çıxış ediblər. Hətta İqor Ponomaryov 15-16 yaşında bizə qoşulub oyunlara gedirdi. “Spartak”da çıxış etsə də, biz onu özümüzlə matçlara da aparırdıq. Ardınca Bakı Bədən Tərbiyəsi Texnikumunda işə düzəldim. FIFA referisi Eldar Əzimzadə orada çalışırdı. Əslində, hakimliyə həvəsim yox idi, amma onun təkidi ilə bu yola başladım.
– Futbolçu olarkən hakimlərlə münasibətləriniz necə idi? Onlarla mübahisə edirdiniz?
– Təbii ki, oynadığım vaxt qaydaları tam bilmirdim. Müdafiəçi kimi sərt mübarizələri xoşlasam da, çalışırdım ki, qaydaları pozmayım. Futboldur da, istər-istəməz mübarizə aparmalısan, balet deyil axı. Hakimlərlə münasibətlərim normal idi. Sarı vərəqələr alsam da, heç vaxt meydandan qovulmamışam.
– Hansı keyfiyyətlərinizə görə SSRİ çempionatında digər yerli hakimləri qabaqlayıb ön sıralarda olmusunuz?
– Həm Azərbaycanda, həm də ümumən SSRİ-də rəqabət çox böyük idi. SSRİ çempionatının o zaman Avropanın ən güclü liqalarından biri olduğunu çox adam deyirdi. Bir çempionatda iki-üç futbolçu “Qızıl top”a layiq görülübsə, iki komanda – Kiyev və Tiflis “Dinamo”ları Kuboklar Kubokunun qalibi olubsa, bu, hər şeydən xəbər verir. Mənə gəlincə, futbol oynadığıma görə artıq müəyyən təcrübəm var idi. 27-28 yaşımda hakimliyə başladım. Qaydalar belə idi: əvvəlcə uşaqların, sonra Azərbaycan birinciliyinin, ardınca ikinci və birinci dəstənin, yekunda yüksək liqanın oyunlarını idarə etməliydim. Mən başqa hakimlərlə müqayisə bu mərhələləri daha tez keçdim. Səhvlərim daha az olurdu, üzərimdə işləyirdim, fiziki hazırlığım yaxşı idi. Futbolçularla bir-birimizi tanıyır və hörmətlə yanaşırdıq. Bu, böyük üstünlük idi. Çünki oyunçular hakimə hörmət edirsə, istər-istəməz özlərini “yığışdırır”. Artıq 34 yaşımda yüksək liqanın matçlarına təyinat aldım. Buna qədər hakimlər elitaya 38 yaşdan sonra buraxırdılarsa, bizim dönəmimizə gəncləşmə təsadüf etdi. Təcrübəli hakimlər yeni nəslin gəldiyini hiss etməyə başladı.
– Sovet dövründə aşağı qiymət aldığınız oyunlar olub?
– Səhvsiz hakim olmur, hamı səhv edir. Lakin xoşbəxtlikdən kobud səhvlərlə yadda qalmamışam. Məsələn, olmayan penaltini və ya qırmızı vərəqəni verməmişəm, həmçinin əksinə. Bu, futbolun ən ağır nöqtələridir. Xırda səhvlər isə hamımız etmişik. İndi artıq VAR sistemi mövcuddur, səni monitora dəvət edirlər, epizodun təkrarına baxırsan. O zaman isə üç nəfər oyunu idarə edirdik, daha çətin idi. 2-3 saniyəyə qərar verməliydin.
– SSRİ dönəmində beynəlxalq hakim ola bildiniz?
– Həmin vaxt qayda var idi ki, beynəlxalq dərəcəni almaq üçün 3 dəfə SSRİ-nin ən güclü 10 hakimi sırasında olmalısan. Normativlər çox ağır idi. 1987-ci ildə bunu bacardım. 1988-ci ildə də olmalıydım, həmin mövsümdə çempionatın ən ağır, derbi oyunlarını idarə etdim. Ancaq bizə qarşı bəhanə tapdılar: yalandan mehmanxana otağında yeməyin pulunu vermədiyimizi dedilər. Aleksey Spirin Hakimlər Komitəsinin sədri idi və özü 1990-cu ildə keçiriləcək dünya çempionatına yollanmaq istəyirdi. O, arzusuna çatsa da, İtaliyadakı mundialda cəmi bir matça təyinat aldı və zəif təsir bağışladı. Mən ardıcıl ikinci il SSRİ-nin 10 ən yaxşı hakimi siyahısına düşsəydim, üçüncü dəfə daha asan olacaqdı. Bunu yalnız 1990-cı və 1991-ci illərdə bacardım, çox keçmədən SSRİ dağıldı. Azərbaycan isə hələ FIFA üzvü deyildi. Adımı ali futbol qurumuna ünvanlasalar da, oradan cavabı hara göndərəcəklərini bilmirdilər. Ümumiyyətlə, Tofiq Bəhramovdan sonra paxıllıq edib bizi sıxışdırdılar ki, beynəlxalq turnirlərə getməyək. 1980-ci ildə Olimpiadanın finalını idarə edən Eldar Əzimzadə DÇ-82-yə yollanmalı idi. Amma “Spartak” – “Şaxtyor” oyununda onun qiymətini “kəsib” 2 verdilər. Əvəzində mundiala Miroslav Stupar yollandı. O da Küveyt – Fransa matçında biabırçı səhvlə yadda qaldı. Konkret desək, meydana daxil olan Küveyt əmirinin qardaşı və bu ölkənin futbol assosiasiyasının prezidentinin təkidi ilə Fransanın 4-cü qolunu ləğv etdi. FIFA da Stuparı geri göndərdi ki, bu nə hakimdir?
– Sovet vaxtı “Neftçi”nin oyunlarında ən kobud səhvlərlə yadda qalan hakim litvalı Kestutis Andzyulis sayılırdı. Sizcə, bu qərəz idi?
– Andzyulis daxil olmaqla həmin dönəmin əksər hakimləri artıq dünyasını dəyişib. Mənim indi bunu qərəz adlandırmağım doğru olmazdı. Bəli, Andzyulis “Neftçi”nin matçlarında səhv qərarlar verib. Məsələn, ÇSKA-ya qarşı Moskvadakı görüşdə Banişevskinin təmiz qolunu saymayıb. Komandamız bu səhvə görə uduzdu, kubokda mübarizəni dayandırdı, yarımfinala vəsiqə qazana bilmədi. Amma bilərəkdən edib-etməməsini öz vicdanına buraxaq.
– Andzyulisin bir həmkar kimi sizinlə münasibətləri necə idi?
– O, yaşda məndən böyük hakim idi, oyunları idarə edəndə mən hələ futbol oynayırdım. Andzyulis Tofiq Bəhramovun dönəmində hakimlik edib. Mən isə sonrakı nəsillə birgə işləmişəm. Məsələn, bu gün 70 yaşı tamam olan sabiq FIFA referisi Nikolay Levnikova zəng edib təbrikimi çatdırdım. Ondan 8 yaş böyük olsam da, mənə kömək edib. Levnikov dostumdur, vaxtilə Rusiyada Futbol Hakimləri Kollegiyasının prezidenti postunu tutub, UEFA-da koordinator işləyib. Eyni illərdə çalışdığım hakimlərlə yaxşı münasibətlərim olub.

– Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra sizi SSRİ dönəmində ən yaxşı üçüncü azərbaycanlı hakim saymaq olar?
– Bəli, reytinqi və nəticələrimi nəzərə alsaq. Elə biz üçümüz olmuşuq. Lakin onlar SSRİ-də ilin ən yaxşı 10 hakimi nominasiyasına daha çox düşüblər. Yüksək liqada 100 matç idarə etdiyimizə görə qızıl medal isə hər üçümüzə verilib. Ümumən bu sıralamada üçüncü olsam da, mənim üçün önəmli deyil. Əsas odur ki, tarixdə kim olduğumu bilirlər. Yuri Qriqoryev, Teymur Vəliyev kimi yaxşı hakimlərimiz də olub.
– SSRİ çempionatında və kubokunda idarə etdiyiniz ən yaddaqalan oyunları xatırlayırsınız?
– Hakimlik etdiyim üç matçda SSRİ çempionunun adına aydınlıq gəlib. 1985-ci ildə “Dinamo” (Kiyev) – “Zenit” görüşü 1:1 hesabı ilə başa çatıb, nəticədə Ukrayna təmsilçisi qızıl medallar qazanıb. 1988-ci ildə kiyevllərn Moskva “Dinamo”su ilə oyununu (2:1) idarə etdim. 1991-ci ildə isə “Şaxtyor” – ÇSKA matçının baş hakimi idim. Ağır görüş idi, yutubda da baxa bilərsiniz. Moskva klubu sona iki dəqiqə qalmış penaltidən vurduğu qolla heç-heçə edərək son SSRİ çempionatının qalibi olub. Eyni zamanda, 1990-cı ildə “Spartak” və “Dinamo” (Kiyev) arasındakı oyunu (1:3) yada salardım. Mayda baş tutan Moskvadakı matçı 85 min azarkeş izləyirdi, çünki komandaların heyətlərində dünya çempionatına hazırlaşan SSRİ millisindən 20 futbolçu çıxış edirdi. Ölkə kubokuna gəlincə, idarə etdiyim ən əhəmiyyətli görüş 1/4 final mərhələsindəki “Dinamo” (Moskva) – “Şaxtyor” matçı olub.
– SSRİ çempionatında hansı məşhur futbolçuları meydandan qovmusunuz?
– ÇSKA-nın kapitanı və SSRİ millisinin üzvü olan, sonradan isə hətta “Barselona”da çıxış edən İqor Korneyevə qırmızı vərəqə göstərmişəm. Bir müddət “Şaxtyor”un kapitanı olmuş Sergey Gerasimetsi meydandan qovmuşam. “Dinamo” (Kiyev) və “Spartak”ın heç bir futbolçusuna “qırmızı” verməmişəm. Amma Oleq Bloxin, Fyodor Çerenkov və Gennadi Litovçenkonu sarı vərəqə ilə cəzalandırmışam. Baş məşqçilərdən heç kimə vərəqə göstərməmişəm, o vaxt belə şey yox idi, son illərdə yaman dəbə düşüb. Ümumiyyətlə, futbol emosional oyundur, təbii ki, məşqçilər də əsəb keçirirlər. Əlbəttə, hakimi təhqir edərsə, texniki zonadan qovulmalıdır. Lakin narazılıq bildirirsə… Məşqçi nə etməlidir? Onun da öz fikri ola bilər. Hakimlər bu vəziyyətlərə anlayış göstərməlidir.
– SSRİ dönəmində hansısa komandalar hakimləri şirnikləndirməyə cəhd edirdilər?
– Təbii ki, belə hallar olub. Elə mənim özümə, həmçinin Tofiq Bəhramov və Eldar Əzimzadəyə belə təkliflər edilib. Ancaq biz belə şeylərə qarşı olmuşuq. Moskvadan hər üçümüzə prinsipial oyunlara təyinatlar verilib. Bəzən köməkçilərim həmyerlilərim deyil, rusiyalı və ya litvalılar olub. Bizə niyə güvənirdilər? Çünki meydana çıxıb öz işimizi görəcəyimizi, ayrı şeylərə getməyəcəyimizi bilirdilər.
– SSRİ dağılandan sonra Azərbaycan nümayəndəsi kimi beynəlxalq matçları idarə etmisiniz?
– Xeyr. SSRİ dağılandan sonra 1992-ci ildə AFFA yaradıldı. Artıq yaşımla əlaqədar hakimlik karyeramı başa vurmaq üzrə idim, bu səbəbdən sözügedən quruma gəldim. Tofiq Bəhramov Hakimlər Komitəsinin sədri, mən də onun müavini oldum. 6 aydan sonra Tofiq müəllim AFFA-nın baş katibi vəzifəsinə keçdi, mən də onun əvvəlki postunu tutdum. Növbəti illərdə cəmi bir dəfə Moskvada baş tutan Birlik Kubokuna getdim. 1994-cü ildə “Spartk”ın Fərqanə “Neftçi”sinə 7:0 hesabıyla qalib gəldiyi finalın baş hakimi oldum. Sonra isə yalnız veteranlar arasında yoldaşlı görüşlərini idarə edirdim.
– Toqif Bəhramov və Eldar Əzimzadəni müqayisə etsək, oxşar və fərqli cəhətləri hansılar idi?
– Hər ikisi dahi olub. Düzdür, qaydalar hamı üçün eynidir, amma hər hakimin üslubu fərqlədir. Müqayisəyə gəlincə… Gəlin belə sual verim: Qara Qarayev daha güclü bəstəkar olub, yoxsa Fikrət Əmirov? İkisi də dahi olub. Baxmayaraq ki, kiminsə Qarayev, başqasının isə Əmirov xoşuna gələ bilər. Bunu danışdığımız məsələyə də aid etmək mümkündür. Bəhramov elə oyunlar idarə edib ki, hansısa azərbaycanlı hakimin yaxın 50-100 ildə bu səviyyədə matçlara təyinat alacağına inanmıram. O, iki dünya çempionatında işləyib, birində final matçının yan xətt hakimi olub. Çempionlar Kubokunun “Mançester Yunayted” – “Real” yarımfinalını, Qitələrarası Kubokun “İndependyente” – “Ayaks” finalını, UEFA Kubokunun “Vulverhempton” – “Tottenhem” finalını, SSRİ Kubokunun “Dinamo” (Kiyev) – “Krılya Sovetov” və “Torpedo” – “Paxtakor” finallarını idarə edib. Həmçinin Lev Yaşinin vida görüşünün də baş hakimi Tofiq müəllim idi. 1971-ci ildə Moskvada keçirilən həmin oyuna Bobbi Çarlton, Gerd Müller, Caçinto Fakketti kimi futbolçular gəlmişdi. Doğrudur, SSRİ futbolunun Avropada çəkisi olub, bunu da nəzərə almaq lazımdır. Eldar müəllim də öz sözünü deyib. O, 1980-ci il Olimpiadasında Çexoslovakiya – ADR finalını idarə edib.
– Müstəqillik dönəminə keçək. 1990-cı illərdə hakimlərimiz hansı çətinliklərlə üz-üzə qalıb?
– SSRİ dağılandan sonra elə də yaxşı şərait, maliyyət yox idi. Yavaş-yavaş vəziyyət düzəlməyə başladı. İndiki hakimlər üçün hər cür şərait yaradılır: Antalyada təlim-məşq toplanışı keçirlər, qonorarları artıb və s. Bizim vaxtımızda belə deyildi. Eyni zamanda hazırkı hakimliklə əvvəlki bir deyil. Həmin dövrdə üç nəfər çıxıb oyunu idarə edirdi. Əsas yük də baş hakimə düşürdü. Laysmenlər yalnız ofsayd və autlara nəzarət edirdi. İndi isə maşallah, VAR sistemi, dördüncü hakim, qulaqlıq – baş hakimin işini asanlaşdırıblar. 1990-cı illərdə nüfuza sahib olmayan hakimlər üçün xüsusən də bölgələrdə matç idarə etmək çətin idi.
– Müstəqillik tariximizdə ən biabırçı hakim səhvinin “Şəmkir” – “ANS Pivani” oyununda baş hakim Nemət Mahmudovun qərarı olması fikri ilə razısınız? Top qapı xəttindən 1 metr kənarda olsa da, referi qolu saymışdı…

– O qərar müstəqil futbol dönəmimizin qara ləkəsidir. Həmçinin Xaqani Məmmədovun “Şəfa” stadionunda idarə etdiyi matçların birində oxşar hal yaşanmışdı. Belə şeylərə görə futbolumuz 1,5-2 il dayandı. Başqa hakimlərimizdə də olub, sadəcə bəziləri artıq vəfat ediblər deyə, adlarını çəkmək istəməzdim. Bəli, haqsızlıqlar olub, bunu dana bilmərik.
– İndiki hakimlərimiz sovet dövründə oyun idarə etsəydilər, olduqları səviyyəyə yüksələ bilərdilər?
– Müasir hakimlərimiz də yaxşıdır. Əliyar Ağayev əbəs yerə avrokuboklarda həmin təyinatları almır ki. Kamal Umudlu, Tural Qurbanov, Kamranbəy Rəhimov, Əli Əliyevi qeyd edərdim. Amma yenə də müqayisə etməyək, çünki bizim vaxtımızda səviyyə daha yüksək idi. 15 respublikanın komandaları çıxış edirdi, hər birinin də fərqli oyun üslubu var idi. Buna görə də çempionat maraqlı keçirdi, bu rəqabətdə hakimlər də inkişaf edirdi. İndikiləri bir tərəfdən qınamaq da olmur, belə matçlarla necə “artırsınlar”? Hakimin inkişaf üçün çoxlu ağır oyunlar idarə etməsi lazımdır.
– Cari mövsüm hakim səhvləri planında son dönəmlərin ən bərbad “futbol ili” oldu. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da dəfələrlə yanlış qərarların verildiyini etiraf etdi. VAR sistemi olduğu halda bu qədər səhvlərin olmasını nə ilə əlaqələndirərdiniz?
– Ümumiyyətlə, VAR-ın tətqibinin həm xeyri, həm də ziyanı oldu. Fikir verirsinizsə, bizdə monitora çağırılan hakim bir epizoda 3-5 dəqiqə baxır. Bizim çempionat ağırdır, yoxsa İngiltərə Premyer Liqası? Lakin orada epizodu cəmi 5-10 saniyə izləyib qərar verirlər. Həm də İngiltərə çempionatında hakimi VAR-a hər dəfə yox, lap çətin vəziyyət yarananda dəvət edirlər. Bizdə isə tez-tez çağırırlar, bəzən hakimlərimiz heç monitora baxmağa getmək istəmir. Buna görə də insanlarda şübhələr yaranmağa başlayır. “Niyə epizodu bu qədər çox izlədi?”, “Deməli, qulağına nəsə deyirlər ki, qərara gələ bilmir?”, – deyə düşünməyə başlayırlar. Hakimlər qərarları qısa müddətdə və qətiyyətlə verməlidir ki, şübhə üçün heç bir əsas olmasın. Bir də hakim meydançada epizodu 5-10 metr məsafədən görürsə və oyunu oxumaq bacarığı varsa, dərhal qərar verir. Kamera isə bəzən uzaq məsafədən və uyğun olmayan rakursdan çəkir. Burada artıq dialoq başlayır: hakim epizodu tam görmədi, mövqeyi düz deyildi, futbolçunun əli təbii vəziyyətdə idi və s. Həm də futbol şahmat deyil ki, ikili mübarizələrin çox olduğu oyundur. İstər-istəməz rəqiblə tez-tez təmas yaşanır. Burada da təmasın zəif və ya güclü olduğunu anlamağa çalışırlar. Oyun qaydalarındakı bu boşluqlar müxtəlif söz-söhbətlərə, narazılıqlara gətirir.
– Bəzən elə olur ki, təmiz qolun təkrarına da 5 dəqiqə baxırlar. Sizcə, bu, səhv qərar verməyin qorxusundandır?
– Bilərəkdən etdiklərini söyləmək istəməzdim. Hakimlik asan peşə deyil. Dedikləriniz həyəcan, psixoloji durum, təzyiqdən irəli gələ bilər. Hakimsənsə, matça hazır olmalı, hər gün futbolçuları analiz etməlisən.
– Hakimin VAR-a baxıb və qaydaları bilib sonda səhv qərar verməsi necə mümkündür?
– Bunu buraxırıq onun vicdanına (gülür). Qaydaları bilmək hələ hər şey demək deyil, çünki orada müəyyən boşluqlar var. Məsələn, ikili mübarizə ilə bağlı 17 bənddə “hakimin fikrincə” yazılıb, yəni son qərar onun öhdəsinə buraxılır. Hakim oyuna yüksək səviyyədə hazırlaşıb, qaydaları bilir və ritmi tutubsa, yaxşı idarə edəcək. Xırda səhv ola bilər, əsas odur ki, kobud səhvə yol verməsin. Ancaq hakim VAR-a baxıb səhv etdiyini görüb bunu düzəltmək istəmirsə, ona artıq söz tapmıram. Deməli, ya zəif xarakterli, ya da niyyəti başqa olur.
– 2025/26 mövsümünün son illərin ən çox hakim səhvləri ilə yadda qaldığı “futbol ili” olması fikri ilə razısınız?
– Təbii, çempionat ağırlaşdıqca, oyunların səviyyəsi artdıqca hakim səhvləri dərhal gözə çarpır. Onlar daha diqqətli olmalıdır, çünki istənilən kobud səhvə görə hansısa komanda yekunda hədəfinə çatmaya bilər. Sonra da klubun rəhbəri açıqlama verir, axı o da pul xərcləyib. Məsələn, “Turan Tovuz” – “Zirə” matçını yada sala bilərik. Hakim oyunun məsuliyyətini dərk etməlidir. Bunu anlamırsa, oyunu oxuya bilmirsə, futbolçuları analiz etmirsə, istər-istəməz meydanda “mina”ya düşəcək. Fikirləşməlidir ki, necə etsin ki, matçda az problemlə üzləşsin. Ona çətinlik yarada biləcək oyunçuları əvvəlcədən müəyyənləşdirməli və onları nəzarətdə saxlamalıdır. Bütün bunlar hakimin təcrübəsindən ortaya çıxır.
– Müasir dövrdə sosial şəbəkələr, təzyiq də hakimlərin işinə təsir göstərir…
– Bəli, bu amil də var. Hər bir insan sosial şəbəkələrdə yazılanları görə bilir. Amma yenə deyirəm, bizim vaxtımızda bütün məsuliyyət üç hakimin üzərinə düşürdü, indi isə oyunu az qala 10 nəfər idarə edir.
– Hakim səhvlərinə dözümsüzlüyün bu həddə çatmasında səbəblərdən biri kimi klub rəhbərlərinin daha böyük pullar xərcləməsini göstərmək olar?

– Əlbəttə, söhbət yüksək maliyyədən gedirsə, belə məsələlər də ortaya çıxır. Həm də indiki və 50 il əvvəlki oyunçuların dəyəri eyni deyil. Ötən əsrin 60-70-ci illərinin ən yaxşı futbolçusu Pelenin qiyməti cəmi 2-3, bəlkə 5 milyon avro idi. Hazırda isə oyunçular “Real”, “Barselona” və ya PSJ-də deyil, “Qarabağ” kimi klublarda çıxış edir. Adıçəkilən klublar isə 80-100 milyonluq futbolçular alır. Futbol dəyişilib, biznesə çevrilib. Bu idman növündə böyük gəlirlər var. FIFA o dövrdə 1-2 milyard avro qazanırdısa, indi bu göstərici 15-20 milyarda bərabərdir. Buna görə hakimlər diqqətli olmalıdır ki, kobud səhvlərinə görə klublara maliyyə yatıran iş adamları futboldan küsməsinlər.
– Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri əllə oyunla bağlıdır. Gah “əl topu tapdı”, gah “top əli tapdı” deyilir…
– Bu, qaydalarda olan boşludur. Adicə 40-50 il əvvəl və müasir futbolda təyin olunan penalti sayını müqayisə edin. Hazırda əksər 11 metrlik zərbələr məhz əllə oyuna görə verilir. Bizim dönəmimizdə belə şeylər az idi. Hər əllə oyun penalti deyil. Futbolçunun niyyəti, əlin vəziyyəti nəzərə alınmalıdır. Top yaxın məsafədən təbii vəziyyətdə olan ələ dəyirsə, buna penalti təyin etmək doğru deyil. Lakin oyunçu topu görüb əliylə istiqamətini dəyişirsə, bu, başqa məsələ. Futbolçular daha diqqətli olmalı, cərimə meydançasında əllərini gizlətməlidir. Hakimlər də incəlikləri bilməlidir. IFAB və FIFA isə qaydalarla bağlı vahid qərara gəlməlidir ki, fərqli cür yozulmasın.
– Ofsayd məsələsi ilə bağlı da fikriniz maraqlıdır. Bəzən hansısa oyunçunun butsusunun ön hissəsi və az qala burnu irəlidə olduğu üçün qol ləğv edilir. Bu qaydanı dəyişmək istəyirlər ki, yalnız oyunçu son müdafiəçidən tam qabaqda olsa, oyundan kənar vəziyyət sayılsın…
– Bizim vaxtımızda ofsayd vardısa, yan xətt hakimi bayrağını dərhal qaldırırdı. O dönəmdə hətta hücumçu müdafiəçi ilə eyni xəttəydirsə, oyundankənar vəziyyət sayılırdı. İndi isə deyirlər ki, epizod yekunlaşsın, sonra baxarıq. Top gəlir Əliyə, ondan keçir Vəliyə, ardınca Pirvəliyə, qol vurulur, axırda da təkrara baxıb saymırlar. VAR çətin epizodlarda laysmanları sığortalayır. Sualınıza gəlincə, azarkeşlər futbolu qollar izləməkdən ötrü izləyir. Bu oyunun gözəlliyi qoldur. Kiminsə burnu və qulağı irəlidədirsə, mən bunun ofsayd sayılmasını istəmirəm. Bəzən gözəl qollar vurulur, sonra belə səbəblərə görə ləğv olunur. Məncə, qaydaları qəbul edən IFAB komissiyasında keçmiş hakimlərlə yanaşı sabiq futbolçular da yer almalıdır ki, rəylərini bildirsinlər. Mən vaxtilə Azərbaycan Kubokunun “Bakı” – “Xəzər Lənkəran” finalından sonra IFAB-a məktub ünvanlamışdım. Yadınızdadırsa, əlavə vaxtda Şoliçin meydanın mərkəzindən Kamran Ağayevin başı üzərindən vurduğu qoldan sonra mübahisə yaranmışdı. IFAB-a təklif göndərmişdim ki, top bir komandaya veriləcəksə, iki futbolçu arasında atılmasın, elə birbaşa həmin tərəfə verilsin. Onda bu cür mübahisələr də olmayacaq.
– Oyundan sonra hakimlərin iştirakı ilə mətbuat konfransının keçirilməsi fikrinə münasibətiniz necədir? Sizcə, bu daha da ədalətli olmazdı?
– Rusiya çempionatını izləyirsinizsə, orada hakimlərin VAR-a baxdıqdan sonra hansı səbəbdən qolu qeydə almadığını bütün stadiona elan etdiyini görə bilərsiniz. Bu, İngiltərə Premyer Liqasında da var. O ki qaldı mətbuat konfransına, bu, hakimlər üçün bir qədər çətin olardı. Dahi sovet məşqçisi Valeri Lobanovski demişdi ki, futbol oynamaq çətindir. Sonra məşqçiyə keçəndə söyləmişdi ki, məşqçi olmaq ondan da çətindir. Ancaq o, hakim olmayıb. Mən isə onun sitatına əlavə etmişəm ki, futbolçu olmaq çətindir, məşqçi olmaq ondan da çətindir, hakim olmaq isə hamısından çətindir. Çünki iki komandanın taleyi sənin əlindədir.
– Azərbaycanda gənc hakimlərin yetişdirilməsində hansı problemlər var? Demək olar, onların hamısı Bakıdandır. Rayondan Rəvan Həmzəzadəni deyə bilərik.
– İndiki hər cür şəraitin olduğu bir vaxtda hakimlərin bu qədər az olması nonsensdir. Gərək işi düzgün qursunlar, uşaqlar gəlib qapını sındırsınlar ki, biz hakim olmaq istəyirik. Bizim dönəmimizdə niyə belə problem olmurdu? Halbuki qonorarlarımız elə də yüksək deyildi, hətta forma da yox idi, şalvardan şort düzəldirdik və s. Bu gün isə hər hakimə 3-5 rəngdə forma verilir. Düzgün seçimlər aparmaq, futbolu bilən, boy-buxunu və yaxşı göstəriciləri olan sabiq futbolçuları cəlb etmək lazımdır.
– Sizin vaxtınızda – müstəqilliyimizin ilk illərində əksər hakimlər məhz keçmiş oyunçular olub. İndi isə…
– Hələ Hakimlər Komitəsinin sədri olduğum dönəmdə Zöhrab Qədiyev, İmanxan Sultani, Şahin Cəfərov, İlham Əliyev futboldan hakimliyə gəlmişdi. İndikilər 17-18 yaşda gəlirlər, bu isə çox tezdir. Karyeralarını bitirən oyunçularla işləmək lazımdır. Bizim vaxtımızda Rafiq Quliyev, Yevgeni Gerasimenko, Namazov, Durmuşov – hamısı futboldan hakimliyə üz tutdu. Müəyyən bum yaşanırdı. Sabiq futbolçusansa, sənə daha asandır. Nəzəriyyəni bilə bilərsən, amma təcrübə də vacibdir.
– Sizcə, süni intellekt gələcəkdə hakimləri əvəz edə bilər?
– Hər şey mümkündür. Bəlkə süni intellekt gələcəkdə futbolçuları da əvəz edər (gülür).

– Hakimliyin inkişafı üçün yaxın 10 ildə hansısa dəyişikliklər gözlənilir?
– Dəyişikliklər hər il olur və təbii ki, davam edəcək. Lakin necə olacağını konkret deyə bilmərəm. Bu yaxınlarda Tyerri Anri da bəzi dəyişikliklər təklif etmişdi. Arsen Venger də tez-tez ideyalarını səsləndirir. Təklifləri müzakirə etmək, fikir mübadiləsi aparmaq lazımdır. Məsələn, bu mövsümdən qapıçı topu əlində 6 saniyədən çox saxlaya bilməz, əks halda küncdən zərbə təyin olunacaq. Bunu topun oyunda daha çox qalması, komandaların vaxtı uzatmaması üçün edirlər.
– Hakimliyə yenidən başlasaydınız, hansı planda fərqli yanaşmanız olardı?
– Üzərimdə daha çox işləyib indiki zamana, futbol qaydalarına uyğun qərarlar verərdim. Çünki hazırkı hakimliklə ovaxtkı arasında fərqlər mövcuddur. Müasir dövrdə hakim olmamağım və ya indiki həmkarlarımın daha yaxşı şəraitdə işləməsi ilə bağlı peşmanlığım, ya da paxıllığım yoxdur. Halal xoşlası olsun. Həmin illərdə camaat “Moskviç” və ya “Zaporojets” sürüb, hazırda isə “Mercedes”, BMW dəbdədir. Biz bunu normal qəbul etməliyik.
– Oğlunuz Tələt tennis müəllimidir?
– Bəli. Oğlum tennis üzrə dəfələrlə Azərbaycan çempionu olub, millimizin heyətində Deyvis kubokunda çıxış edib, beynəlxalq yarışlarda ölkəmizin şərəfini qoruyub. Düzdür, müstəqillik dövrümüzdə bu idman növündə yüksək nəticələrimiz olmayıb. Sovet dönəmində Lixaçyovdan sonra uğurlarımızın ardı gəlməyib. Oğlum hazırda əməkdar məşqçidir və idman ustasıdır, uşaqlar yetişdirir. O, tennisi çox sevir.
– Bildiyimə görə, oğlunuzun tennis federasiyasının əvvəlki rəhbərliyi ilə nəsə problemləri olub…
– Gəlin bu mövzuya toxunmayaq. Tələt mənim kimi sözün düzünü üzə deyəndir, xasiyyətinə görə mənə oxşayıb. Oğlum deyib, rəhbərliyin də xoşuna gəlməyib. Normal rəhbər tənqidi qəbul etməlidir, çünki sizin inkişafınız üçün deyilir… Heç kim bir yerdə əbədi oturmur. İnsan həyatda iz qoymalıdır. Belə bir deyim var: adını təmiz saxla, bu ad səndən çox yaşayacaq. Bir gün qiymət verəcəklər ki, oğlum düz deyib, ya yox.
– Bu yaxınlarda federasiyasa dəyişikliklər oldu. Yəqin, oğlunuz da ümidlidir.
– Ola bilər, mən onun işlərinə qarışmıram.
– Ümumiyyətlə, necə oldu ki, oğlunuzun məhz tennisə marağı yarandı?
– Tələt yaxşı futbol oynayırdı. Mən 1994-cü ildə AFFA-dan getdim, “Dinamo” İdman Cəmiyyətində müdir işləməyə başladım. Eyni zamanda indiki “Park Bulvar” tərəfdə tennis kortu var idi. Hər ikisin rəhbəri idim. Oğlumun da 10 yaşı var idi, gəlib tennis oynayanlara baxırdı. Sonra yavaş-yavaş özünün də marağı yarandı. Baxırdım ki, artıq məşqçi ilə birinciliklərə gedir. Vaxt keçdikcə futbola marağı azaldı, tennisə meyilləndi. Dedim ki, hansı idman növü daha ürəyincədir, onu da seç. Məcbur futbola yönləndirmədim. Tələt də sonda tennisi seçdi.
– Özünüzün bu idman növünə marağınız var?
– Stolüstü tennis oynayıram, yaşım daha uyğundur. Amma təbii ki, böyük tennislə də maraqlanıram. Federer, Cokoviçi izləyirdim, indi Sinner, Alkaras, Zverev ortaya çıxıb.
TAHİR MİRZƏ







