Mövsümü hansı pillədə başa vuracaqları daha öncəki turlardan bəlli olan “Qəbələ” ilə “Şamaxı”nın dueli formal xarakterli idi. Misli Premyer Liqasının cari mövsümünün son turunun açılış qarşılaşması meydan sahibləri üçün pley-offa hazırlıq xarakterli idisə, qonaqlar bəlkə də bu heyətlə sonuncu dəfə meydana çıxırdı.

“Qəbələ” azarkeşləri ilə yaxşı vidalaşdı. Motivasiyasız rəqiblə görüşdə Adriel Ba Louanın ulduzu parladı. Komandasının hər üç qolunun məhsuldar ötürməsini verən legioner bununla klubda qalmağa layiq olduğunu ibatlamağa çalışdı. Şamaxılılar isə postunu tərk edəcək Ayxan Abbasovun vidasına yalnız bir qol həsr edə bildi.

Matçla bağlı yazılacaq çox şey yoxdur. Nəticə bəlkə də komandaların real gücünü əks etdirmir. Çünki “Şamaxı” elitada yerini çoxdan təmin edib, lakin o da var ki, “Qəbələ” 7 qələbədən ikisini məhz bu rəqib üzərində qazanıb. Komandalara xal lazım olsaydı, köklənmə, oyuna yanaşma fərqli ola bilərdi.

Formal oyunda anormallığa da şahidlik etdik. “Kəpəz”n baş məşqçisi Azər Bağırov matçı tribunadan izləməyə qərar vermişdi. Mövsüm davam etsəydi, bunu adi hal saya bilərdik. Belə ki, o, rəqibləri izləmək üçün Qəbələyə gəlsəydi, anlaşılan hərəkət olardı. Amma Azər bəylə bağlı məsələ başqadır.

Bağırov “Şamaxı”nın baş məşqçi postunda Ayxan Abbasovu əvəz edəcək. Onun matça gəlişinin də səbəbi gələcək komandasını izləmək idi. Lakin…

…”Kəpəz” sabah növbəti oyuna çıxacaq. Gəncəlilər mövsümün tapşırığını yerinə yetirsə də, “Neftçi”yə qarşı vacib matç var. Bu rəqiblərin oyunu turnir cədvəlindəki yerlərinə baxmayaraq, daim prinsipial keçib. “Kəpəz” azarkeşləri hər zaman “Neftçi” ilə oyunlarda komandadan qələbə gözləyir. Azər bəy də komandanı vacib matça hazırlamaq əvəzinə vaxtını gələcək işinin planlanmasına həsr edir. Bu, ilk növbədə hazırkı klubuna hörmətsizlikdir.

İkinci məqam təyinatın rəsmiləşməməsidir. “Şamaxı” rəhbərliyi hələ seçimini açıqlamayıbsa, bu görməmişliyə nə gərək var? Bağırov kimi elə klub da buna şərait yaratmamalı idi.

Və ən nəhayət, Azər bəy kimə baxırdı? “Şamaxı”nın hazırkı heyəti yay fasiləsi başlayan kimi pərən-pərən düşəcək. Onları Ayxan Abbasov bir araya gətirmişdi, əksəriyyətinin müqaviləsi bitir və ayrılacaqlar. Əsas heyət üzvlərinin dəyəri də, maliyyə tələbləri də artıb, “Şamaxı”nın onları saxlamaq üçün yetərli büdcəsi yoxdur. Ona görə də Bağırov sizif əməyi ilə məşğul olmuş oldu.

Bəlkə də Azər bəy özünü reklam etmək istəyirdi, guya işə can yandırma görüntüsü verməyə çalışırdı. Lakin bunun əvəzində hələ də müqavilə ilə bağlı olduğu “Kəpəz”ə hörmətsizlik etdi. Doğrudur, gəncəlilər ötən mövsüm bitən kimi onu göndərəndə oxşar səhv etmiş, sonradan günahını onu geri qaytarmaqla yumuşdu. Bu dəfə isə Bağırov özü ayrılıq qərarı verib.

Olsun! Bəlkə də Azər bəy “Şamaxı”da daha uğurlu olacaq, həmkarının işini layiqi şəkildə davam etdirəcək. Bununla belə, hər gün bir kluba qaçmaqdansa, sabitliyə nail olmaq, görülən işi daha da təkmilləşdirmək daha yaxşı olardı. Bu gün “Kəpəz”ə göstərilən münasibəti sabah şamaxılılar da görəcək.

FƏRİD

Shares: