2025-2026 mövsümündə müxtəlif ölkələrdə “Qızıl dubl” edən komandalar müəyyənləşib.

Futbolinfo.az saytının məlumatına görə, dünyada indiyə qədər cəmi 10 klub həm ölkə çempionluğunu, həm də kubokunu əldə edib.

Onlar arasında Azərbaycan təmsilçisi “Sabah” da var. Valdas Dambrauskasın yetirmələri Misli Premyer Liqası və “Bizon” Azərbaycan Kubokunun qalibi kimi dünyada “Qızıl dubl” edən 10 klub sırasına düşməyi bacarıb.

“Qızıl dubl” müəllifi olan komandalardan 7-si Avropa ölkəsində bunu reallaşdırıb. “Böyük beşlik” ölkələrindən yalnız “İnter” həm Skudettonu, həm də İtaliya Kubokunu qazanıb. “Bayern” də bu sıraya qoşulmağa yaxındır. Bundesliqada qızıl medallara yiyələnən münhenlilər Almaniya Kubokunda final görüşünə çıxacaq.

Bəzi ölkələrdə mövsüm davam etdiyindən, siyahı bir qədər də genişlənə bilər.

Bu mövsüm “Qızıl dubl” edən klublar: “İnter” (İtaliya), LASK (Avstriya), “Universitatya Krayova” (Rumıniya”), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Sabah” (Azərbaycan), “Linkoln” (Cəbəllütariq), “Ezra” (Laos), “Lion Siti” (Sinqapur), “Başundhara Kinqs” (Banqladeş).

Shares: