Həftəni gözəl xəbərlə başladıq. Öncə anonsu verildi, daha sonra təqdimat keçirildi.
Təfərrüata varmadan konkret faktı yazaq. Ölkə futbol ailəsinə “Sea Breeze Arena” qoşulur. Ölkə klublarının stadon çatışmazlığından əziyyət çəkdiyi bir vaxtda belə gözəl infrastruktur layihəsini alqışlamamaq insafsızlıq olar. Xeyirli olsun!
Doğrusu, təqdimat mərasiminə toplaşanların çevrəsi göstərdi ki, layihə məqsədyönlüdür. Lakin mətbuat yaddan çıxdığından tədbirin işıqlandırılması, mahiyyətin çatdırılması yetərsiz oldu, reallıq çox adam üçün sirr qaldı. Bəlkə belə olmasını bilərəkdən istədilər ki, lazım bldikləri qədər informasiyanı ictimailəşdirsinlər. Amma biganəlyə rəğmən, uğur vəd edən layihəni dəstəkləyirik. Eyni zamanda jurnalist marağımız biz bəzi məqamları dəqiqləşdirməyə, tənqidlə təbliği bir yerdə tutmağa sövq etdi.
İlkin təəssürat ondan ibarətdir ki, ölkənin ən böyük və genişmiqyaslı layihələrindən birinin sahibi olan Emin Ağalarov stadionun tikintisinin birbaşa səbəbkarı deyil. Sadəcə, o, bir qrup iş adamına torpaq sahəsi ayırıb, arena tikintisinə şərait yaradıb. Bununla həm öz layihəsinin uğuru üçün ağıllı addım atıb, həm də idmanın inkişafında vasitəçi olub. “Sea Breeze” bununla imicini zənginləşdirəcək, sosialyönümlülük baxımdan daha çox diqqət çəkəcək.
Arena Ağalarovun təşəbbüsü olsaydı, o, işi daha səviyyəli görərdi. Gözəl layihənin əsas qüsuru bu işi görənlərin səriştəsizliyinin, doğru hesablama aparmamasının nəticəsidir.
Son aylaradək “Şəfa”nın prezidenti olan Sərdar Salmanzadə gözlənilmədən postundan göndərilənədək müsbət imic qazanmışdı. Onun qəfil istefası imicinə xal salmadı, amma onu müəmma donuna bürüdü. Yerli futbolçu və məşqçilərə dəstək verilməsi, legionerlərdən tamamilə imtina qərarı risklidir, amma strateji seçimdir, buna qərar vermək özü də cəsarət istəyir. Bu səbəbdən o, diqqətləri üzərinə çəkib, hələlik başqa öyünüləsi addımını görməmişik.
Təqdimat mərasimindən gələn xəbərlərdən aydın olur ki, “Sea Breeze Arena” layihəsinə Sərdar bəy rəhbərlik edəcək. Düzdür, ona çıxış üçün söz verilərkən haqqında deyilən təriflər abartı idi. Az qala jurnalistlərin ən sevimlisi kimi qələmə verilən Salmanzadənin kral kimi təqdimatı qəribə alındı. Böyük ölçüdə götürsək, futbol təsərrüfatında özünü təsdiqləmiş fiqur olmayan Sərdar bəy yəqin ki, avrokuboka komanda aparsa və ya çempionluğa nail olsa, krallıq iddiasına düşər.
Bunlar dost qeydləridir – növbəti mərasimlərdə diqqət edilməsi gərəkdir. Şar həddindən artıq çox üfürüləndə tez partlayır, eyni zamanda ehtiyatsızca böyüməyə çalışmaq adamı aşkar görünən hədəfə çevirir.
“Sea Breeze Arena” inşa olunursa, görünüş yox, ölkə futboluna xidmət etmək üçün ərsəyə gəlməlidir. Tədbirdə də deyildiyi kimi, bu stadionda gələcəkdə Premyer Liqa matçlarının keçirilməsi nəzərdə tutulub. Lap gözəl, amma belə gözəl məkanda düşünülmüş arena niyə qüsurlu olsun ki? Qüsur nədir? Süni örtüklü olması! Hamının dad etdiyi süni qazonlardan can qurtarmağa çalışıldığı, belə meydanların son illər mütəmad olaraq təbii örtüklə əvəzləndiyi bir məqamda körpə niyə ölü doğulsun ki?
Süni qazon salmaq can rahatlığıdır, ona qulluq da ucuz başa gəlir. Ancaq onun fəsadları daha çoxdur. Zirədə, Tovuzda və s. süni örtüklər təbii qazonlarla əvəz edilirsə, yeni arena niyə qüsurlu tikilsin? Premyer Liqa matçları üçün nəzərdə tutulan stadon indidən mükəmməl hazırlanmalıdır. Təşkilatçılar idman qurğusunun dəniz kənarında inşa edildiyini, burada təbii qazon salınmasının mümkünsüzlüyünü iddia edə bilər. İnanmayın! Eyni şərtlər altında var olan “Dalğa Arena” nümunəsi yalançını evinə qədər qovmaq üçün kifayətdir.
Sünilikdən qaçın – özünüz də təbii olun, işlərinizdə də bunu nəzərə alın! Əla layihədir, infrastrukturun zənginləşməsi üçün göstərilən səy yalnız alqışlana bilər. Amma irada, tənqidə əlyeri qoymayın, görülən işi urvatsız etməyin. Təbii olun!
VÜSAL MAHMUDOV






