Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimovun futbolinfo.az saytına müsahibəsi
– Millimizin heyəti açıqlandı. Kimlərin yığmaya çağırılması və çağırılmaması diqqətinizi çəkdi?
– Azərbaycan Premyer Liqasında çıxış edən futbolçularla bağlı onu deyə bilərəm ki, baş məşqçi Ayxan Abbasov kifayət qədər oyunçuları izləyib, demək olar ki, hamını əzbər tanıyır. Ola bilsin ki, qıraqda qalan birisi olsun. Sözün düzü, mən elə birini görmürəm, heyət Premyer Liqada çıxış edən futbolçuların hamısını əhatə edib. Onu da nəzərə almalıyıq ki, artıq kimlərisə yoxlamaq, eksperiment etmək üçün vaxt qalmayıb. Bu toplanış xüsusi olaraq Millətlər Liqasına yönəlmiş toplanışdır. Legioner həyatı yaşayan futbolçularımızın hazırkı durumundan isə o qədər də xəbərim yoxdur. Nərimanın artıq oynamağa başladığını bilirəm, amma Mahirin vəziyyətinin necə olmasından məlumatsızam. Ümid edirəm ki, zədədən sonra özünə gələ bilib. Antonun da hazırkı durumundan xəbərsizəm. Aydın məsələdir ki, Ayxan Abbasov və köməkçiləri legioner həyatı yaşayan futbolçularımızın da durumlarını yaxından izləyirlər. Qısası, açıqlanan heyətdə mənim üçün sürpriz yoxdur. Fikrimcə, Premyer Liqamızdan çağırılanların hamısı millidə olmağı haqq edir. Zatən, legionerlərin də hər biri millidə olmuş futbolçulardır.
– Dediyiniz kimi, bu toplanış millinin Millətlər Liqasından əvvəlki son toplanışı olacaq. Sizcə, yığmanın məşqçilər korpusu Avstriya hazırlığında əsasən hansı məqamlara diqqət yetirəcəklər?
– Klub səviyyəsində işləyəndə məşqçi hər gün komandanı məşqə çıxarır, hansısa taktiki gedişin üzərində işləyirsən. Yığmada isə belə deyil. Millidəki qısa toplanışlar zamanı taktiki gedişlərin üzərində çox dayanmağa vaxtın olmur. Məncə, bu toplanışda Ayxan Abbasov düşündüyü heyətin optimallaşmasına fikir verəcək. Millətlər Liqasındakı matçlarda biz dominant futbol göstərmək məcburiyyətində olacağıq. Bu mənada, hücumların təşkilində taktiki baxımdan bəzi gedişlər, oyunçuların bir-birini daha yaxşı anlaması və kommunikasiyası, Ayxan müəllimin öz hücum tələblərini futbolçulara aşılaması – daha çox bu məqamlara fikir veriləcək. Baş məşqçi rəqib müdafiəsini yarmaq bacarığımızı təkmilləşdirməyə çalışacaq. Abbasovun 1-2 mövqe ilə bağlı beynində sual işarəsi ola bilər. Avstriya toplanışı artıq o suallara cavab tapmaq, son notları qoymaq, konkret qərarlar vermək üçündür. Necə hücum etmək istəyirik, necə müdafiə olunacağıq və keçidlər zamanı necə davranacağıq – bunların üzərində işləyəcəklər.
– Yığmamızdan Millətlər Liqasında hansı nəticəni gözləyirsiz? Sizcə, komandamız D Liqasından C Liqasına yüksələ biləcək?
– Düşünürəm ki, bu liqada ən yaxşı performansımızı göstərə bilərik. Ən azından, futbolçular son oyunlarda kollektiv olmağı, bir-birlərinin arxasında dayanmağı bacarmışdılar. Belə bir oyunla Fransa millisinə belə qol vura bilmişdik. Fikrimcə, həm Litva, həm də Lixtenşteynə qalib gəlmək gücündəyik. Millimizdən ən yaxşı nəticəni gözləyirəm. İnanıram ki, C liqasına dönəcəyik. Amma məndə olan bilgiyə əsasən, UEFA bu turnirdə artıq yeni formata keçmək istəyir, hazırkı formatı dəyişəcəklər. İstənilən halda, biz C liqasına düşməyə çalışacağıq. Məncə, bu qrupda biz ən yaxşı nəticəni göstərmək iqtidarındayıq. Düzdür, Litva yığması zəif millilərdən deyil. Buna baxmayaraq, qrup birincisi olmaq potensialımız var.
– “Şamaxı”dan ayrılan Ayxan Abbasov bundan sonra fikrini ancaq milliyə yönəldəcək. Sizcə, bunu etməklə doğru addım atdı, yoxsa paralel olaraq hansısa klubu çalışdırması bir neçə yerli futbolçunu oynatmaq baxımından millimizə faydalı ola bilərdi?
– Subyektiv fikrimdir ki, təkcə millidə işləməsi Ayxan Abbasov üçün daha effektiv olacaq. Çünki yığmanın məşqçisi olmaq həddən artıq stresli işdir. Burada iş təkcə məşq keçməkdən ibarət deyil, insanlarla kommunikasiya qurmaq, hər bir oyunçunu çempionat matçlarından sonra bərpa etmək, onları inandırmaq, hamını bir-bir izləmək, hamı ilə ayrı-ayrılıqda söhbət etmək də var. Eyni anda iki yerdə işləyəndə Ayxan müəllim həddən artıq stress altında oldu. Abbasov həm “Şamaxı”da sonadək öz borcunu yerinə yetirməyə çalışan, həm də millidə vəzifəsini sonadək icra edən biri olduğu üçün hər iki komandaya enerji sərf etməklə həddən artıq yüklənməyə doğru gedirdi. Özü ilə danışarkən də yorğunluğunu hiss edə bilirdim. Bir tərəfdən klubun ona verdiyi inam, digər tərəfdən də millinin məsuliyyəti… Hər ikisində uğurlu olmaq məcburiyyətində idi deyə, yüz faiz konsentrasiya verirdi. Artıq diqqətini tam olaraq milliyə yönəldəcək və bu, daha məqsədəuyğundur. Atdığı addım doğrudur. Düzgün qərarlar verməsi üçün baş məşqçinin özünün də gümrah olması lazımdır. Zatən, performans göstərən yerli futbolçular öz klublarında oynayırlar. Məncə, bu baxımdan da böyük problemi olmayacaq.
ABBAS






