“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviçin futbolinfo.az saytına müsahibəsi
– “Neftçi” cari mövsümə uğursuz başlasa da, sezonun sonunda Konfrans Liqasına vəsiqə qazanmağı bacardı. Yuri Vernidubun gəlişindən sonra vəziyyətin müsbət mənada dəyişəcəyini gözləyirdiniz?
– Bəli, çox sevinirəm ki, “Neftçi” Konfrans Liqasına vəsiqə qazanmağı bacardı. Mövsümün əvvəlində “Neftçi”nin zəif startını görəndə düşündüm ki, yenə uğursuz bir mövsüm olacaq və bu, çox üzücü idi. Amma Vernidub gəldikdən sonra hər şeyin daha yaxşı olacağını hiss etdim. Dekabrda özüm də “Neftçi”nin bazasında oldum. Orada komanda daxilində yaxşı atmosferi öz gözlərimlə gördüm və əmin oldum ki, “Neftçi” nəticə göstərəcək. Klubun hər bir üzvünü təbrik edirəm.
– “Neftçi”dən Konfrans Liqasında uğurlu performans gözləyirsiniz? Sizcə, “ağ-qaralar” adıçəkilən turnirin Liqa mərhələsinə vəsiqə qazana biləcəklər?
– Mən yaxşı çıxış gözləyirəm, çünki çempionatda özlərinə inam qazanıblar və əlavə olaraq güclü məşqçiləri var. Onlara azarkeşlik edəcəyəm və bu il Konfrans Liqasının Liqa mərhələsində olmalarını arzulayıram.
– Mövsümün uzun hissəsində “Neftçi”nin qapı mövqeyində Kenan Piriç yer aldı, ancaq baş məşqçi son matçlarda Emil Balayevə şans verməkdədir. Hazırda bakılıların qapı xəttində güclü rəqabətin olduğunu düşünürsünüz? Sizcə, baş məşqçi Konfrans Liqası oyunlarında qapıda kimə şans verəcək?
– “Neftçi”də həmişə ciddi rəqabət olmalıdır – təkcə qapıçılar yox, həm də futbolçular arasında. Konfrans Liqasında kimə etimad göstəriləcəyi isə qapıçıların hazırlıq toplanışındakı formasından asılı olacaq və bundan sonra məşqçi qərarını verəcək.
– Hazırkı “Neftçi”də ən aparıcı, lider futbolçu kimi və ya kimləri hesab edirsiniz?
– Mən heç kimi adbaad fərqləndirməyəcəyəm. Bütün futbolçular, məşqçilər, rəhbərlik və hər zaman komandaya böyük dəstək göstərən azarkeşlər bu uğurlu nəticəyə layiqdirlər.
– Necə düşünürsünüz, “Neftçi” növbəti mövsümdə Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi aparmağı bacaracaq?
– Əminəm ki, onlar çempionluq uğrunda mübarizə aparacaqlar. Artıq Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsində daha çox rəqibin olması məni sevindirir. Buna görə də Azərbaycan liqası daha güclü olacaq, bu isə avrokuboklarda oynayacaq bütün komandaların xeyrinədir.
– Futbolçu karyeranızın 5 ilini “Neftçi”də keçirmisiniz. Sabiq klubunuzdan sizə iş təklifi edilib? Edilsə, yenidən “Neftçi”də çalışmağa razı olarsınız?
– Mən artıq “Neftçi” akademiyasında qapıçılar üzrə məşqçi kimi çalışmışam və orada işləmək mənim üçün xoş idi. Gələcəkdə hər hansı təklif olarsa, əlbəttə ki, məmnuniyyətlə qəbul edərəm və hər zaman kluba kömək etməyə hazır olaram.
AĞA






