Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində bu gün Macarıstan yığmasını qəbul edib.

Futbolinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun mətbuat konfransı olub. Əsgərov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Düşünürəm ku, iki fərqli hissə seyr etdik. Əfsuslar olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib fərqləndi. İkinci hissəyə daha yaxşı başladıq. Belə rəqibə qarşı səhv buraxsan, əlbəttə ki, cəzalandırılacaqsan. Buna baxmayaraq, yaxşı çıxış etdik. Qızlara təşəkkür edirəm.

Oyunun gedişində dəyişiklik etdik. Yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu. Amma rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yaranır.

Qısa ötürmələrlə cinahlara topu çatdırmağı düşünürdük. Amma ilk hissədə gördük ki, qızlar tez-tez səhvlər buraxdı. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Ondan sonra isə uzun paslarla oynamağa başladılar. Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi. İkinci hissədə isə qısa paslarla çıxış etdik, bu da oyunçularda yaxşı alındı və qol da vurduq.

Milliyə seleksiya aparıb oyunçu dəvət edirik. Oyun Sumqayıtda keçirilirsə, o demək deyil ki, “Sumqayıt”dan futbolçu çağıraq. Yaxşı oyunçu heç vaxt kənarda qalmır, buna əmin ola bilərsiz. Oyunu Qəbələdə keçiririksə, “Qəbələ”dən oyunçu dəvət etməliyik? Oyunçu seçimləri vaxt çox axtarırıq. Yaxşı futbolçu kənarda qalmır. Buna əmin olun”.

Shares: