Azərbaycan təmsilçiləri Milli Gimnastika Arenasında keçirilmiş akrobatika və aerobika gimnastikası üzrə FIG Dünya Kuboku və AGF Trophy kubokunda üç qızıl medal qazanıblar.
Futbolinfo.az xəbər verir ki, üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə ümumilikdə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı bacarıqlarını nümayiş etdirib.
Dünya Kubokunda Azərbaycan millisi yarışı 1 qızıl medalla başa vurub. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrup rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazanıb.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək icra xalını toplayan idmançılara AGF Trophy kuboku təqdim edilib. Aerobika gimnastikası üzrə fərdi proqramda kişilər arasında Anton Kolobov (Rusiya), qadınlarda Anastasiya Dmitriyeva (Rusiya), qarışıq cütlük proqramında Borislava İvanova və Hristo Manolov (Bolqarıstan), akrobatika gimnastikası üzrə isə qadın qrupumuz Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva AGF Trophy kubokuna layiq görülüblər.
Aerobika gimnastikası üzrə favorit qarışıq cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.025 xalla yarışı 4-cü, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət “üçlük” isə 17.588 xalla 4-cü pillədə başa vurub.
Beynəlxalq turnirdə isə Azərbaycan gimnastları akrobatika və aerobika növləri üzrə ümumilikdə 6 proqramda təmsil olundular. Yarışların yekun nəticələrinə əsasən, aerobika gimnastikası üzrə təmsilçilərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Yeniyetmələrin yarışında qarışıq cütlüklər proqramında Mədinə İbrahimli və Toğrul Gülmalıyev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Həmin proqramda çıxış edən Səma Hacızadə və Arif Məmmədzadə isə gümüş medala layiq görülüblər. Fərdi proqramda Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazanıb.
Yeniyetmələr arasında “üçlük” proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə bürünc medal əldə ediblər. Qrup proqramında çıxış edən Nuray Əliyeva, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli və Xədicə Ələsgərova da bürünc medala sahib olublar.
Gənclər yaş kateqoriyasında qrup proqramında mübarizə aparan Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova da bürünc mükafat qazanaraq komandanın medal hesabını artırıblar.
Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla, Dünya kubokunu isə 1 qızıl medalla başa vurublar.






