FİFA 2014-cü ildə beynəlxalq oyunları idarə edəcək hakimlərin siyahısını təsdiqlədi. Futbolinfo.az xəbər verir ki, ali futbol qrumunun açıqladığı siyahıda 19 azərbaycanlı hakimə də etimad göstərilib.
Onlardan üçü isə baş hakimdi. Maraqlısı ondan ibarətdi ki, "üçlük"də çempionat oyunlarını idarə edən Əlyar Ağayev, Rəhim Həsənovla yanaşı ötən mövsüm qalmaqallı "Neftçi" – "Qarabağ" matçında verdiyi qərarlara görə ağdamlıların prezidenti Tahir Gözəlin inadı ilə hakimlikdən uzaqlaşdırılan Anar Salmanovun da adı var. Həmin matçdan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev FİFA referisinin gələcək karyerası ilə bağlı açıqlama verərək "Salmanov FİFA referisinə yaraşmayan kobud səhvə yol verib. Mən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdüm. İnanmıram ki, o, Anarı bağışlasın. Ona görə də qərara aldıq ki, Salmanov bundan sonra birinci dəstə oyunlarını idarə etsin. Əgər o, FİFA-nın birinci dərəcə hakimliyini qazanarsa, onda biz Anarın işinə yenidən baxacağıq” demişdi.
Musayevin dediyi kimi də oldu. Həmin matçdan sonra Salmanov 6 aylıq "istirahət"ə göndərildi. Bu müddətdən sonra isə o, 1-ci divizionun oyunlarına təyinat almağa başladı. Düzdü, Anar arabir verdiyi açıqlamalarda aşağı dəstədəki mənzərənin ürəyincə olmadığını gizlətmir. O, həm də klubların qeyri-peşəkarlığından, futbolçuların qaydaları bilməməsindən narazıdı. Amma atalar "özü düşən ağlamaz" deyib. Salmanov da bir xeyli əziyyət çəkib, öz səhvinə görə üzləşdiyi aqibətlə barışmalıdı.
Ötən mövsüm "Neftçi" – "Qarabağ" oyununda etdiyi səhvi Salmanov bu mövsüm 1-ci divizionda da təkrarladı. Belə ki, o, 10-cu tur çərçivəsində baş tutan MOİK – “Araz Naxçıvan” görüşünün son dəqiqəsində meydan sahiblərinin qapısına olmayan penaltini təyin etməklə qonaqların qələbəsində ən azından dolayısı ilə pay sahibi oldu. Ancaq bu dəfə Anar cəzalananmadı. İşdi əgər cəzalandırlsaydı, Salmanov gərək bu dəfə həvəskarlar arasında keçirilən çempionatlarda komandaları meydana çıxarmalı olacaqdı. Görünür AFFA da Salmanovun 2-ci kateqoriyaya aid olduğunu nəzərə alaraq ona göz yumur.
Bu mövsüm Premyer Liqada 1 oyun belə idarə etməyən Salmanovun beynəlxalq oyunlara dəvət olunması həqiqətən də maraq doğurur. Düzdü, Salmanovun FİFA tərəfindən siyahıya salınması bizim üçün xoş hadisə kimi qarşılanmalı və futbolumuzun uğuru sayılmalıdı. Ancaq maraqlısı ondan ibarətdi ki, Salmanov ölkəmizi necə təmsil edəcək? Axı 1-ci divizionun oyunları ilə beynəlxalq oyunlar bir deyil. Bu sarıdan Salmanovun yetərincə oyun çatışmazlığı var. AFFA da bu anormallığı görüb, müvafiq seçimini etsəydi, daha yaxşı olardı.
EMİN SƏFƏROV






