Avstriya millisinin müdafiəçisi Ştefan Poş 2026-cı il dünya çempionatının ilk turunda İordaniya yığmasına qarşı oyunda çənə sümüyünü sındırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçunun əməliyyata ehtiyacı yoxdur. Onun turnir ərzində yenidən meydana qayıdacağı və xüsusi qoruyucu maska ilə çıxış edəcəyi gözlənilir. Bununla belə, növbəti oyunda iştirak edib-etməyəcəyi hələlik sual altındadır.
Avstriya millisi dünya çempionatına qələbə ilə başlayıb və İordaniya yığmasını 3:1 hesabı ilə məğlub edib. Poş qarşılaşmanın tamamında meydanda olub.
Növbəti turda avstriyalılar Argentina millisi ilə üz-üzə gələcəklər. Görüş iyunun 22-də keçiriləcək.
Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu Argentina millisidir.






