Braziliya millisinin hücumçusu Rafinya 2026-cı il dünya çempionatında aldığı zədə ilə bağlı ümidverici xəbərlər alıb.

Braziliyalı jurnalist Xorxe Nikolanın verdiyi məlumata görə, əgər bərpa prosesi plana uyğun getsə, futbolçu cəmi iki matçı — qrup mərhələsində Şotlandiya ilə qarşılaşmanı və pley-offun ilk oyununu buraxacaq. Belə olacağı təqdirdə, vingerin 1/8 final mərhələsində yenidən meydana qayıda biləcəyi gözlənilir.

Xatırladaq ki, Rafinya Haiti yığması ilə matçın (3:0) ilk hissəsində sağ budundan zədə alıb. Bundan sonra futbolçu turnirdəki çıxışını vaxtından əvvəl başa vurmasından qorxuya düşmüşdü.  Lakin müayinə zədənin ciddi xarakter daşımadığını göstərib. Rafinya sıraya qayıtmasını sürətləndirmək üçün intensiv bərpa və gündə üç dəfəyə qədər fizioterapiya kursu keçir.

Bundan əlavə, son günlər oyunçunun ətrafında çoxlu şayiələr yayılıb. Xüsusilə Braziliya millisinin sabiq futbolçusu Vampeta “Barselona”nın vingerinin guya ciddi maliyyə çətinlikləri çəkdiyini və “Əl-Hilal”a keçmək variantını nəzərdən keçirdiyini iddia edib. Hazırda bu məlumatın heç bir təsdiqi yoxdur.

Shares: