Rumıniyanın “Petrolul” klubunun prezidenti Klaudiu Tudorun futbolinfo.az saytına müsahibəsi
– Həmyerlimiz Cəlal Hüseynovun “Petrolul”a keçidi necə baş tutdu? Onu keçmiş klubu “Arda”nın heyətində görüb bəyənmişdiniz, yoxsa Azərbaycan millisində? Daha çox hansı üstün keyfiyyətləri diqqətinizi çəkmişdi?
– Cəlal Hüseynovun transferi diqqətli müşahidə prosesinin nəticəsi idi. Mən onu həm “Arda”nın, həm də Azərbaycan milli komandasının oyunlarında izlədim. Xüsusilə taktiki intizamı, müdafiə duellərindəki gücü, hava toplarındakı oyunu və yaşına görə göstərdiyi yetkinlik bizi çox təsirləndirdi. Biz inanırıq ki, o, klubumuzun profilinə və fəlsəfəsinə çox uyğun gələn bir futbolçudur.
– Cəlalın “Petrolul”un aparıcı oyunçularından olmaq perspektivini necə dəyərləndirirsiniz? O, “Arda”da olduğu kimi, Rumıniya klubunda da əsas heyətdə özünə daimi yer etməyi bacaracaq?
– Cəlal böyük potensiala malikdir və biz inanırıq ki, o, “Petrolul”un əsas oyunçularından birinə çevrilə bilər. Təbii ki, start heyətində yer yalnız zəhmət və davamlı inkişaf sayəsində qazanılır. Lakin biz əminik ki, onun özünü təsdiqləməsi və komandada mühüm rol oynaması üçün bütün zəruri keyfiyyətləri var.
– “Petrolul” klubunun yeni mövsümdə hədəfləri nə olacaq?
– Yeni mövsüm üçün məqsədimiz “Petrolul”un rənglərini qürurla təmsil edən rəqabətqabiliyyətli bir komanda qurmaqdır. Biz mümkün qədər yüksək pillələrdə yer almaq, pley-off mərhələsinə vəsiqə qazanmaq və azarkeşlərə keyfiyyətli futbol təqdim etmək istəyirik. Eyni zamanda, klubun uzunmüddətli inkişafını davam etdirmək və bütün səviyyələrdə sabitliyi təmin etmək niyyətindəyik.
– Cəlal Hüseynova qədər azərbaycanlı futbolçulardan vaxtilə Elhad Nəziri “Petrolul”un oyunçusu olub. Maraqlıdır, başqa diqqətinizi çəkən, transfer etmək istədiyiniz həmyerlilərimiz varmı?
– Azərbaycan getdikcə daha çox maraqlı futbolçu yetişdirir və biz bu bazarı yaxından izləyirik. Diqqətimizi cəlb edən daha bir neçə futbolçunuz var, lakin digər klublarla müqaviləsi olan oyunçular haqqında açıq şəkildə danışmaq düzgün olmazdı. Yalnız onu deyə bilərəm ki, Azərbaycan futbolunun artan səviyyəsini yüksək qiymətləndiririk və bu sahəni izləməyə davam edəcəyik.
– Azərbaycan futbolu haqda ətraflı məlumatınız varmı? Hansı komandalarımızın oyununu bəyənirsiniz?
– Bəli, Azərbaycan futbolu haqda ətraflı məlumatımız var və çempionatı daim izləyirik. Bu, davamlı inkişaf edən, mühüm infrastruktur və investisiyalara malik bir futbol mühitidir. Mən xüsusilə Avropa yarışlarında Azərbaycanı uğurla təmsil edən və Azərbaycan futbolunun çox yaxşı səviyyədə rəqabət apara biləcəyini göstərən komandaların inkişafını yüksək qiymətləndirirəm.
– Hazırda yay transfer dövrüdür. Maraqlıdır, Azərbaycan klublarından “Petrolul”un hansısa oyunçusuna görə sizə müraciət edən, təklif göndərən olubmu? İndi olmayıbsa belə, əvvəlki dönəmlərdə bu hal yaşanıbmı?
– Hələlik oyunçularımız üçün Azərbaycan klublarından heç bir rəsmi təklif almamışıq. Lakin “Petrolul”un üzvlərinin müxtəlif çempionatların klubları tərəfindən izlənilməsi təbiidir. Əgər həm klub, həm də futbolçular üçün sərfəli təkliflər olarsa, biz onları məsuliyyət və peşəkarlıqla dəyərləndirəcəyik.
AĞA






