Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo İtaliyanın üçüncü divizionunda çıxış edən “Ravenna” klubu ilə müqavilə imzalayıb.

“TuttoMercato”nun yaydığı məlumata görə, 46 yaşlı braziliyalı həmçinin klubun səhmlərinə sahib olacaq.

“Ronaldinyo “Ravenna”ya qoşulacaq və rəsmən oyunçu kimi qeydiyyata alınacaq. Dünya çempionu və ‘Qızıl top’ mükafatının sahibi Ronaldinyo futbol tarixinin ən görkəmli və sevilən simalarından biridir. Onun gəlişi, tarixinin yeni və iddialı mərhələsinə qədəm qoyan klubun inkişafında mühüm addımdır.

İqnatsio Çipriani və investor “Black Duck”ın rəhbərliyi altında “Ravenna” futbol meydançasının hüdudlarından çox kənara çıxan, müasir İtaliya ruhunu bütün dünyada nümayiş etdirmək məqsədilə özünü futbol, mədəniyyət və yaradıcılığın kəsişməsində mövqeləndirən bir layihəni həyata keçirir”, – deyə “Ravenna”nın bəyanatında bildirilir.

“Yeni rənglər, eyni təbəssüm. Topla yenidən rəqs etmək və İqnatsio Çipriani, eləcə də onun ailəsi ilə birlikdə yeni, gözəl bir tarix yazmaq imkanını səbirsizliklə gözləyirəm. Futbol mənim üçün həmişə sevinc mənbəyi olub və bu ruhu “Ravenna”ya gətirəcəyim üçün şadam. Qoy sehr başlasın!” – deyə Ronaldinyo bildirib.

Sabiq futbolçunun C Seriya-sınin rəsmi matçlarında meydançaya çıxıb-çıxmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.

“Ronaldinyo bizimlə birlikdə marketinq tədbirində iştirak edəcək, lakin növbəti mövsümdə C Seriya-sında “Ravenna”nın heyətində oynamayacaq. Onun 46 yaşı var, mən çox istərdim ki, o, hələ də oynaya bilsin.

Dinyo bir fenomen və möhtəşəm oyunçu idi. Onunla hələ “Milan”da çıxış etdiyi vaxtlardan gözəl münasibətim var, lakin o, bizimlə C Seriya-sında oynamayacaq”, – deyə “Ravenna”nın vitse-prezidenti və “rossoneri”nin keçmiş idman direktoru Aryedo Brayda insayder Nikola Skiraya bildirib.

Lakin daha sonra funksioner “ANSA” agentliyinə fərqli bir müsahibə verərək, Ronaldinyonun komandada oynamaq ehtimalını istisna etməyib.

“Ronaldinyo yaşlanmayan bir çempiondur. O, “Ravenna” ilə müqavilə imzalayıb. Bizim kimi bir klub üçün bu, inanılmaz bir uğurdur.
Yaxın günlərdə bu görkəmli şəxsiyyətin təqdim olunacağı bir tədbir keçiriləcək. O oynayacaqmı? Baxarıq, lakin bu, istisna deyil. Dediyim kimi, o, yaşlanmayan bir çempiondur”, – deyə Brayda bəyan edib.

Shares: