AFFA Həvəskar Liqasında çıxış edən “Təbriz” və “Qaradağ Şıxlar”ın apellyasiya şikayətlərini təmin edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalının qərarında bildirilib:
Təbriz Futbol Klubunun (həvəskar liqa) Qobustan FK – Təbriz FK, Təbriz FK – Balaxanı FK, Gənclik İK – Təbriz FK, Təbriz FK – Araz Cəbrayıl FK və Araz Cəbrayıl FK – Təbriz FK oyunları ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
- Təbriz Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
- AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 18 aprel 2026-cı il tarixində keçirilən Qobustan FK – Təbriz FK, 26 aprel 2026-cı il tarixində keçirilən Təbriz FK – Balaxanı FK, 3 may 2026-cı il tarixində keçirilən Gənclik İK – Təbriz FK,16 may 2026-cı il tarixində keçirilən Təbriz FK – Araz Cəbrayıl FK və 24 may 2026-cı il tarixində keçirilən Araz Cəbrayıl FK – Təbriz FK oyunlarında lisenziyası olmayan şəxslər iştirak etdiyi üçün adıçəkilən oyunların nəticələri ləğv olunaraq Təbriz FK-ya 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 11 iyun 2026-cı il tarixli qərarı normanın düzgün tətbiq edilməməsi, yəni hüquqi tövsifdə səhvə yol verilməsi baxımından ləğv edilsin.
- İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
Qaradağ Şıxlar Futbol Klubunun (həvəskar liqa) Real FK – Qaradağ Şıxlar oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:
- Qaradağ Şıxlar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin.
- AHFF-nin təşkil etdiyi Ölkə çempionatında 30 may 2026 cı il tarixində keçirilən Real FK – Qaradağ Şıxlar oyununda Qaradağ Şıxların heyətində iştirak hüququ olmayan oyunçu iştirak etdiyi üçün Qaradağ Şıxlara 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə AFFA İntizam Komitəsinin 3 iyun 2026-cı il tarixli qərarı normanın düzgün tətbiq edilməməsi, yəni hüquqi tövsifdə səhvə yol verilməsi baxımından ləğv edilsin.
- İntizam Komitəsi tərəfindən tətbiq olunan AFFA İntizam Məcəlləsinin müvafiq maddələrinə uyğun işin halları nəzərə alınaraq düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
- Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
