İspaniyanın “Atletiko” klubunun qapıçısı Horatiu Moldovan karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, “Qarabağ” 28 yaşlı qolkiperin xidmətində maraqlıdır. Lakin Rumıniya millisinin üzvünün Kiprə köçmək variantı da var. Çünki “Omoniya” Moldovan uğrunda mübarizədə ağdamlıların əsas rəqibidir.
Qapıçı ötən mövsümü “Ovyedo”nun heyətində icarə əsasında keçirib və artıq müqavilə ilə məxsus olduğu “Atetiko”ya qayıdıb. Lakin o, madridlilərin baş məşqçisi Dieqo Simeonenin gələcək planlarında yoxdur. Bu səbəbdən “Atletiko” Horatiunu bu yay yola salmağı planlaşdırır. Futbolçunun “Omoniya”ya keçmək şansının daha çox olduğu vurğulanıb.
Qeyd edək ki, Horatiu Moldovanın “Atletiko” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. “Qarabağ” onu daha öncə istəyirdi, Martin Zlomisliçin transferindən sonra bu keçid unuduldu.
