Məktəbdə oxuduğumuz illər valideyn iclaslarını hamımız xatırlayırıq. Müəllimlərimiz valideynlərimizi bir yerə yığıb irad və təkliflərini deyərdi. Yaşa dolduqca biz özümüz müəllim və valideyn kimi yenidən bu prosesin bir parçasına çevrilirik.
Təbii ki, müstəqil həyat sərbəstlik deməkdir. Ona görə də bunu məktəbdən kənarda təsəvvür etmək olmur. Amma biz bunu imitasiya etmək qərarına gəldik. Bu gündən etibarən idmançıların, xüsusən də futbolçuların valideynlərini danışdıracağıq.
Pafosa yol vermədən. İlk olaraq bu günlərdə “Pafos” keçən “Neftçi”nin sabiq futbolçusu Murad Məmmədovdan başladıq. Bu məqsədlə Qaradağ rayonunun Sahil qəsəbəsinə yollandım. Muradın nənəsi Əfiqə Məmmədovanı “sual yağışına” tutdum.
Onu seçməym təsadüf deyildi. Əfiqə xanım sosial şəbəkədə fəallığı ilə seçilir, Muradla bağlı bütün xəbərlərdə, paylaşımlarda onun şərhlərini görmək mümkündür.
– Maraqlıdır ki, nəvəniz Murad Məmmədovun Vikipediya səhifəsi yoxdur. Onun haqda daha ətraflı məlumat verə bilərsiniz?

– Murad 2006-cı il aprelin 26-da Bakıda doğulub. Uşaqlığı Sahil qəsəbəsində keçib. Təzəcə yeriyən kimi atası ilə dükana getməyə başladı. Atasının qucağından yerə düşər, heç danışmırdı. O qədər oyuncağın içindən topu götürərdi. “Ata”, “ana” sözlərindən əvvəl “top” demişdi. Murad dil açandan futbolçu olacağını söyləyirdi. Evdə oynayırdı, 7 yaşında isə onu “Neftçi”nin uşaq komandasına apardıq. O vaxt “Səbail”in stadionunda məşq edirdilər. Elə birinci yoxlanışdan sonra sabiq qapıçı Hüseyn Məhəmmədov “bu uşağın gələcəyi var” dedi. Murad seçiləndən cəmi 2-3 gün keçdi ki, “Sabahın ulduzları” turnirinə aparıldı. Komanda orada çempion oldu. Murada isə yarışın bombardiri olduğuna görə diplom təqdim edildi. İlk məşqçiləri Tural Kərimov və Vüqar Nuruşov oldu. Növbəti il artıq Ruslan Qafitullinin başçılığı altında oynamağa başladı. Onda Murad müdafiədə 4 nömrə altında çıxış edirdi. Ruslan müəllim onu kapitan təyin etdi, yarımmüdafiəyə çəkdi. Murad həmin dönəmdə yaxşı oynadı, çoxlu qollar vurub bombardir oldu. Ardınca Emin Salmanov və Sabit Əliyevin çalışdırdığı komandada 2 il top qovdu. Sonra Vaqif Əliyev 2 il baş məşqçi oldu. Ardından Eldəniz Məmmədovun rəhbərliyi altında çıxış etdi. Bu məşqçi dəyişiklikləri Muradın zaman keçdikcə daha yuxarı yaş komandalarına keçməsiylə bağlı idi. Səhv etmirəmsə, 13 və ya 14 yaşında ilk dəfə Aqil Nəbiyevdən milliyə dəvət aldı. Vəli Qasımov da orada idi, bu uşağın böyük potensialının olduğunu söylədi. Muradın 16 yaşı olanda Aqil müəllim kağız yazdı ki, bu yeniyetmə birbaşa U-19 yığmasına çağırılmalıdır. Məşqçilər təəccübləndi, bunu gözləmədiklərini bildirdi. Çünki hələ U-17 və U-18 millilərində oynamalı idi.
– Muradın xüsusi istedadı genetikdir?
– “Neftçi”də indi də işləyən Nicat müəllim həmişə deyirdi ki, 2006-cı il təvəllüd futbolçular arasında ümidimiz təkcə Muradadır. Elə bil ki, atası və mən tərəfdə qanında var. Atam, anam, qardaşım, dayım – hamımızda futbola sevgi olub. Televizorda oyunlara baxırdıq, orada yayımlanmayanda isə radio vasitəsilə reportajlar qulaq asırdıq. Ailə qurandan sonra 20 il Qax rayonunda yaşadım, oğlanlarım orada dünyaya göz açdı. Həmin vaxt Muradın atası da futbol oynayırdı. Əvvəlcə meydan oyunçusu idi, sonra komanda qapıçı tapmayanda bu mövqeyə keçdi. 1991 və ya 1992-ci ildə Ukraynaya turnirə də getmişdi. Orada hətta ermənilərlə dalaşmışdılar. Amma karyerası cəmi 2-3 il davam etdi. Yüksək liqada çıxış etmək şansı qazanmadı. O zaman vəziyyət pis idi, futbolu davam etdirə bilmədi. Sonra Bakıya gəldik, “Neftçi”də çalışdı. Mən də, oğullarım da bu klubun qatı azarkeşiyik.
– Muradın uşaqlığı necə keçib?
– Çox sakit uşaq idi. Futboldan başqa dərslərinə də diqqət yetirib, əlaçı olub. Lakin 10-cu sinifə oxuyarkən məşqləri səhər keçirilməyə başladı. Bu səbəbdən dərslərinə artıq tam vaxt ayıra bilmədi.
– Həyətdə də futbol oynayırdı?
– Bəli, həmişə uşaqlarla yığışırdılar. Qardaşı Rüfət də futbola gedib, onu “Səbail”in uşaq komandasına yazdırmışdıq. Sonra koronavirus dönəmində bizə bir daha ora getməyəcəyini söylədi. Niyəsini soruşanda cavab verdi ki, Murad kimi oynaya bilməyəcəyəm, ehtiyatda oturmaq isə istəmirəm. Rüfəti “Neftçi”yə deyil, “Səbail”ə ona görə yazdırdıq ki, ikisini eyni vaxtda məşqə apara bilmirdik. “Səbail” futbol akademiyası daha yaxın idi.

– Roman Qriqorçuk, Samir Abasov, Yuri Vernidub – Muradın bu məşqçilərin başçılığı altında çıxışını necə dəyərləndirirsiniz?
– Qriqorçuk “Neftçi-2”dən 7-8 yeniyetmə futbolçunu Ərzurumdakı təlim-məşq toplanışına apardı, komanda Bakıya qayıdanda isə təkcə Muradı seçdi. Dedi ki, bu oyunçu mənə lazımdır. Ancaq çempionatın ilk 8 turunda Murada şans vermədi. Yəqin, işlər qaydasında getmədiyi üçün gəncləri oynatmağa risk etmirdi. 9-cu turda “Kəpəz”lə matçda Muradı 19 dəqiqəlik meydana buraxdı, onun ötürməsindən sonra Ağadadaş Salyanski qol vurdu. Bu görüşün ardından Qriqorçuk istefaya göndərildi. Samir müəllimə gəlincə, Murad onun dönəmində nisbətən daha çox oyun vaxtı qazandı. “Şamaxı” ilə liqa, “Difai” ilə kubok matçlarında qol vurdu, həmçinin “Şamaxı” və “Sabah”la çempionat görüşlərində asist etdi. Düzdür, Murad əsasən ikinci hissədə son 25-30 dəqiqədə oyuna daxil olurdu. Azarkeşlər də etiraz edirdi ki, bu yeniyetməyə daha çox şans verilsin. Vernidub isə gəlişindən sonra Muradın potensialını daha da açdı, oyununda bir qədər inkişaf hiss olundu.
– Muradın komanda yoldaşları ilə münasibətləri necə idi?
– Hamısı ilə yaxşı idi. Rza Cəfərov ilə bazada bir otaqda qalırdı.
– Murada ilk futbol formasını kim almışdı?
– Şotlandiyadan atasının iş yoldaşı gətirmişdi. Həmin vaxt Muradın 3 yaşı olardı. Anası hələ də bu formanı saxlayır, deyir ki, gələcəkdə Muradın uşağına verəcək.
– Murad uşaqlıqda hansı futbolçuya oxşamaq istəyirdi?
– Araz Abdullayev, Rəhman Hacıyevin yaxşı oynadığı dönəm idi, onları bəyənirdi. Xaricilərdən kimi bəyənməsi yadıma gəlmir. O illərdə işdə çox olurdum, futbola o qədər də baxa bilmirdim. Buna görə də bu suala cavab verməyə çətinlik çəkirəm.
– O, məktəbdə hansı fənnləri daha yaxşı oxuyurdu?
– Hamısından “5” alırdı. Ən çox ingilis dilinə üstünlük verirdik. Hətta məktəb vaxtı kursa da gedirdi. Çünki gələcəkdə bu dilin ona çox lazım olacağını anlayırdı. İngiliscə çox yaxşı danışır. Meneceri və “Pafos”dakı məşqçisi ilə də bu dildə ünsiyyət qurur.
– Muradın futbola görə dərsdən qaçdığı və ya məktəbi ikinci plana atdığı vaxtlar olub?

– Xeyr.
– Muradın uşaqlıqda başına gələn ən maraqlı futbol hadisəsini xatırlayırsınız?
– 12-13 yaşı olanda “Qarabağ”a 1:2 hesabıyla uduzduqları oyunun sonuna 1-2 dəqiqə qalmış topla rəqibin qapısına doğru irəlilədi. Rəqibin heyətində Kərim adlı futbolçu var idi, indi artıq ölkədən köçüb. O, öncə Muradı yıxdı, sonra ürəyi soyumadı, təpikləməyə başladı. “Neftçi”nin ehtiyat skamyasındakı futbolçular da dözmədi, Kərimin üstünə gedib onu döydülər. Meydanda ara bir xeyli qarışdı. Təcili tibbi yardımın həkimi gəlib Muradı qucağında meydandan çıxardı. O isə “mən oynayacağam!” deyə qışqırırdı. Təbii ki, meydana qayıtması mümkün deyildi, çünki həkim artıq həmin nahiyəyə keyidici iynə vurmuşdu. Mən bunu görüb quruyub qalmışdım. Nə yaxşı ki, bu matça anası gəlməmişdi, yoxsa ürəyi gedərdi. “Neftçi” qazanılan penaltidən hesabı bərabərləşdirdi, yekunda oyun 2:2 hesabıyla bitdi.
– Muradın bu günə qədər ciddi zədələndiyi olub?
– Şükürlər olsun ki, yox. Dizindən iki dəfə müalicə alıb. Amma əsasən 1 həftəlik sıradan çıxıb.
– Onun neçə qardaşı və bacısı var?
– İki qardaşdır: o və Rüfət. Bir də əmiqızı və əmioğlusu var.
– Murad valideynlərindən kimə daha çox bağlı olub?
– Anasına. Sirrini, dərdini hamımıza deyirdi. Onu çox sevsəm də, ərköyün böyütməmişəm.
– Murad uğursuzluqlara necə reaksiya verir?
– “Neftçi” məğlub olanda neçə dəfə ağlayıb… Hətta “Neftçi” əzəməti” qrupunun admini Elxan Xəlilov da yazmışdı ki, hər şeyi bağışlayacaq, bircə bu uşağın göz yaşlarıdan başqa. Lakin Muradda uduzanda cığallıq, dava salmaq yoxdur. Əksinə, dalaşanları ayırmağa çalışır.
– Bəs ən çatışmayan cəhəti hansıdır?
– Elə bir zəif cəhətini görmürəm.
– Murad tanınandan sonra xarakterində az da olsa, dəyişiklik hiss olundu?

– Yox, elə eynidir. Məhəllədə də hamı ilə münasibəti yaxşıdır. Hər kəslə görüşür, salamlaşır. Ona görə burada “Neftçi” azarkeşlərinin sayı da artıb.
– Futboldan getmək istədiyi dönəm olub?
– Heç vaxt. Birdəfəlik futbola bağlı olduğunu hamımız gördük.
– Murad ilk maaşı nə vaxt alıb? Və sirr deyilsə, nə qədər olub?
– Səhv etmirəmsə, 12 yaşında. Hər ay 120 manat alırdı. Sonra əvəzedici heyətə düşəndə əməkhaqqısı artdı: 400-500 manat idi.
– O, hansı aşağı yaş qruplardan ibarət millilərdə oynayıb?
– U-13-dən tutmuş hazırda çıxış etdiyi U-21 yığmasına qədər hamısında. Həm millinin, həm də “Neftçi”nin aşağı yaş komandaları ilə xaricə çox gedib. İlk səfəri hələ koronavirusdan əvvələ təsadüf edib: avtobusla İzmirə getdiklərini xatırlayıram. Təbii ki, narahat idik, Muradla tez-tez telefonla danışırdıq.
– Onu həmyaşıdlarından fərqləndirən hansı cəhətlər var idi?
– Sakit, mədəni, dalaşmaqla arası olmayan yeniyetməydi. Kim Muradla pis zarafat etmək istəyirdisə, bu, xoşuna gəlmirdi. Deyirdi ki, mənimlə belə zarafat etməyin.
– Futbolda ən böyük arzusu nə olub?
– Avropada oynamağı xəyal edib.
– Muradın oyundan sonra ilk zəng etdiyi insan kimdir?

– Biz həmişə onun yanında olurduq. Mən də, valideynləri də matçlarını stadiondan izləyirdik. Onlar getməyəndə mən zəng edirdim. 2014-cü ildən bəri işləmirəm, bu mənada heç bir problem yaranmırdı.
– Bəs onun ilk qolunu vurduğu oyunu xaıtlayırsınız?
– İlk qollarını “Sabahın ulduzları” turnirində vurub. O zaman mən stadiona matçlara baxmağa getmirdim.
– Murada ən çox hansı məsləhətlər vermisiniz?
– Yaxşı oyna, komanda yoldaşlarına ötürmə et, özünü yaxşı apar, pis uşaqlara qoşulma, tərbiyəli ol.
– Onun sizə verdiyi və hələ də saxladığınız hədiyyə var?
– Ətir, gül alıb. Bəzi anların fotolarını böyüdüb çərçivələrə salmışam.
– Necə oldu ki, Murada Kiprdən təklif gəldi?
– Qədir Həsənov bütün məsələləri üzərinə götürdü. Türkiyə, Macarıstan və bir neçə ölkənin klubları Muradla maraqlanırdı. Onu istəyənlərdən biri “Trabzonspor” idi. Murad hələ 14 yaşında atası və anasıyla birgə bu kluba yoxlanışa yollanmışdı. Dedilər ki, ailəvi köçün, uşaq Türkiyədə tək qalmasın. Bizdə də bu alınmadı.
– Niyə məhz “Pafos” variantına üstünlük verildi?

– Bu klub xoşuna gəldi. Maliyyə məsələsi əsas rol oynamadı, Murad həmişə söyləyir ki, onun üçün əsas oynamaqdır. “Neftçi”dən ayrılmasının səbəbi də bu oldu. Daha çox şans qazansaydı, Kiprə yollanmazdı, “Neftçi”də qalardı. Əlbəttə, “Pafos”da daimi meydana çıxmaq üçün 1-2 ay məşq etməli olacaq.
– Murad Azərbaycanın başqa klubunda daha çox oynayıb burada qala bilməzdi?
– Bunu istəmədi. Bir çox təkliflər gəlsə də, hamısını geri çevirdi. Dedi ki, “Neftçi”ni heç bir yerli kluba dəyişmərəm, getsəm, yalnız xaricə üz tutaram.
– Vaxtilə Araz Abdullayev Kiprdə uğursuzluq yaşamışdı. Murad eyni vəziyyətlə üzləşəcə biləcəyindən qorxmur?
– Hər şey özündən asılı olacaq. Məsələn, 3-4 türkiyəli oyunçunu siqaret çəkdiklərinə görə futboldan kənarlaşdırıblar. Siqaret, içki, qəlyanın axırı belə olacaq da.
– Kipr çempionatında bizim liqa ilə müqayisədə fiziki gücə daha çox üstünlük verilir. Murad buna tam hazırdır?
– Bəli. Özü də buna razıdır. Murad “Neftçi”nin bazasında qalanda da, komanda ilə Türkiyəyə gedəndə də həmişə əlavə məşqlər edib. Hətta Vernidub ona deyəndə ki, bəsdir, yorulacaqsan, yenə də məşqini yarımçıq qoymayıb.
– Siz və Muradın valideynləri onun burada qalmasını, yoxsa xaricə yollanmasını daha çox istəyirdiniz?
– Azərbaycanda qalmasının tərəfdarıydıq, amma “Neftçi”də istədiyi qədər oynayacağına da inanmırdıq.
– Kiprdə azərbaycanlara, türklərə münasibətin o qədər də ideal olmadığını nəzərə alsaq, bu, sizdə narahatlıq yaratmadı?
– “Pafos”dan dəfələrlə Azərbaycana gəlib Muradın oyununa baxdılar, bəyəndilər. Transferini israrla istədilər.
– Necə oldu ki, menecer Qədir Həsənovla işbirliyiniz yarandı?
– Biz seçmədik, Qədir müəllim özü Muradı seçdi. O, əvvəl “Neftçi”də işləyirdi, indi artıq kluba bağlı insan deyil. Qədir müəllim bu işə nisbətən yeni başlayıb, buna qədər hansısa futbolçumuzu xaricə aparıb-aparmadığını bilmirəm.
– Gələcəkdə ailə üzvünüzdən kiminsə Kiprdə Muradla birgə qalması planınızda var?
– Görək də necə olacaq.
– Onun yeni mövsümdə başqa kluba icarəyə vermək ehtimalı var?
– Məncə, yoxdur. Lakin bunu artıq “Pafos”dakılar bilər.
– Muradı gələcəkdə necə futbolçu görmək istəyirsiniz?
– Desinlər ki, özünəməxsus oyun üslubu var, heç kimə oxşatmasınlar.
– Onun hazırda həmyaşıdları arasında Azərbaycanın ən yaxşı futbolçusu olduğunu deyə bilərsiniz?

– “Neftçi-2”də istedadlı uşaqlar çox idi. Ancaq dağılışdılar, hərəsi bir tərəfə getdi. “Şamaxı”, “Kəpəz”, MOİK, “Zaqatala” və başqa komandalara üz tutdular.
– Muradın “Pafos”dakı qazancı “Neftçi” ilə müqayisədə daha çox olacaq?
– Bilmirəm. “Neftçi”də aylıq maaşı 2500 manat idi. “Pafos”da alacağı əməkhaqqıdan xəbərim yoxdur.
– Onun heç kimə danışmadığı, amma sizin bildiyiniz maraqlı özəlliyi var?
– Yoxdur.
– Hobbisi nədir? Futboldan başqa nəyə marağı var?
– Kinoya baxmaq. Baaada qalanda tennis və bilyard oynayırdı.
– Murad Kiprə vizanı Moskvada almalı oldu…
– İyunun 14-də Moskvaya getdi, 15-də artıq vizanı verdilər. İyunun 19-da isə səhər Kiprə uçdu.
– Moskva son vaxtlar Ukraynanın dron hücumlarına məruz qalır. Murad bunun şahidi oldu?
– Yox. Dedi ki, heç nə hiss etmədi, onların qaldığı yer təhlükəsiz idi. Təbii ki, biz narahat idik, çünki reyslər də təxirə düşdü. Moskvada qohumlarımız yaşayır, Murada şəhəri göstəriblər. Viza məsələ bir qədər yubandı, yəqin ki, gec hazırlanıb.
– “Pafos” ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsində çıxış edirdi. Muradın bu kluba keçəcəyi o vaxtdan bilinirdi?
– Təklif yanvardan sonra gəldi, komanda artq Çempionlar Liqasında mübarizəni dayandırmışdı.
– O, “Pafos”u yutubda incələyirdi?

– Hə, videolara baxırdı. Mən əvvəl izləmirdim, lakin sonra özüm də abunə oldum.
– Murad Bakıda olanda baş məşqçi ilə danışıb?
– Bəli, “Pafos” rəhbərliyi və meneceri ilə söhbətləşib.
– Kipr klubu Muradı ilk dəfə hansı oyunda görüb bəyəndi? Yoxsa menecer özü onlara belə bir istedadlı futbolçunun olduğunu bildirdi?
– Meneceri sosial şəbəkədə Muradla bağlı video paylaşdı, “Pafos” rəsmiləri bunu görüb bəyəndilər. Hətta “Beşiktaş”dan da maraqlanan oldu.
– Murad Türkiyə variantı ola-ola niyə Kiprə yollandı?
– Nəyə görəsə Türkiyə klubuna keçmək istəmirdi. Macarıstan variantından da imtina etdi. “Pafos”a gedəcəyini, maliyyə məsələsinin də önəmli olmadığın söylədi. Kipr klubu da daha israrlı idi. Murada kifayət qədər şans qazanacağına dair də söz verdilər.
– “Neftçi” Murada yeni müqavilə təklif etdi, ancaq o, razı olmadı?
– Bəli, klub qalmasını istəyirdi, maaşını da artırmağa razı idilər. Amma Murad daha çox oynaya biləcəyi yerə getmək fikrinə düşdü. Vernidub da onun qalmasının tərəfdarı idi. Yadınızdadırsa, qışda BƏƏ-dəki toplanışdan sonra bütün futbolçulardan razı qaldığını, lakin Muradı xüsusilə fərqləndirdiyini dedi.
– Bəlkə Vernidub ona şans verəcəkdi? Risk etməyə dəyməzdi?
– Murad “Pafos”da daha çox oyun vaxtı əldə edəcəyinə inandığı üçün ora getdi.
– Hazırda U-21 millisinin üzvü olan Muradın əsas yığmada perspektivləri barədə nə deyə bilərsiniz? Ayxan Abbasovla söhbəti olub?
– Mən belə anlayıram ki, U-21-də futbolçu çatışmazlığı olduğuna görə Muradı hələlik əsas milliyə dəvət etməyiblər. Görək də, bəlkə sentyabrda çağıracaqlar, gözləyək. Özünün də buna ümidi var. “Pafos”da daim oynasa, yığmaya düşmək şansı daha da artacaq.
TAHİR MİRZƏ
