2026/2027 mövsümü üçün baş məşqçisi hələ də müəyyənləşməyən klublardan biri “İmişli”dir.
Futbolinfo.az xəbər verir ki, son günlər bölgə təmsilçisinin Fərid Namazovla razılığa gəldiyi barədə iddialar yayılıb.
Ötən mövsüm “İmişli”ni Premyer Liqaya yüksəltdikdən sonra UEFA PRO kateqoriyalı məşqçi lisenziyası olmadığı üçün klubdan ayrılan mütəxəssisin yenidən komandaya qayıdacağı və tərəflər arasında bütün məsələlərin razılaşdırıldığı bildirilir.
Hazırda Azərbaycanın U-21 millisində baş məşqçi Rəşad Eyyubovun köməkçisi kimi çalışan Fərid Namazov Futbolinfo.az-a açıqlamasında yayılan iddialara belə münasibət bildirib:
“Açığı, hələ ki, razılıq əldə olunmayıb. Mən də bu barədə məlumatı sosial şəbəkədə gördüm. Amma dediyim kimi, ortada hələlik rəsmi bir şey yoxdur”.
Qeyd edək ki, “İmişli”nin son baş məşqçisi Jorj Kaşkilya olub.
