“Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərovun futbolinfo.az saytına müsahibəsi
– “Araz-Naxçıvan”la yeni bir illik müqavilə bağladınız. Başqa təklifləriniz var idi? Var idisə, nəyə görə hazırkı komandanızda qalmağı üstün tutdunuz?
– Açığı, başqa təkliflərim də var idi, amma burada qalmağı üstün tutdum. Artıq iki mövsümdür “Araz-Naxçıvan”dayam. Qalmağın daha yaxşı olacağını düşündüm. Buna görə də müqavilənin müddətini 1 illik uzatdıq.
– “Araz-Naxçıvan” ötən mövsümə iddialı başlasa da, sezonun sonunda avrokuboklara vəsiqə əldə edə bilmədi. Bunun səbəbini nədə görürsünüz?
– Düzdür, mövsümə yaxşı başdamışdıq, əslində, yaxşı da davam edirdik. Amma sonradan komanda olaraq eniş yaşadıq. Artıq olan olub, keçən keçib. Bundan sonra irəliyə baxmaq lazımdır.
– Yeni baş məşqçiniz Cavid Hüseynovla bağlı fikriniz necədir? “Araz-Naxçıvan” onun rəhbərliyi altında hamını yaxşı mənada təəccübləndirə biləcək?
– Cavid Hüseynov gənc məşqçidir, öz futbol fəlsəfəsi var, futbolu yaxşı bilir. Şəxsən mən inanıram ki, onun rəhbərliyi altında komanda daha yaxşı yerlərə gəlib çıxacaq.
– Yay fasiləsində “Araz-Naxçıvan”dan xeyli sayda futbolçu ayrıldı. Bu məqam komandanızın işini çətinləşdirməyəcək? Heyətin yenilənməsi “Araz-Naxçıvan”a necə təsir edəcək?
– Belə məqamlarda adətən çətin olur. Bir komandadan 10 nəfər gedir və 10 nəfər gəlirsə, istər-istəməz yeni kollektivin bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. İnşallah, yeni transferlər tez bir zamanda komandaya adaptasiya olarlar.
– Yeni mövsümdə “Araz-Naxçıvan” avrokuboklara vəsiqə uğrunda mübarizə apara biləcəkmi?
– Hədəf hər zaman yuxarı pillələr uğrunda oynamaqdır. Amma indi bu barədə nəsə demək üçün tezdir, çünki hələ məşqlər başlamayıb.
– 2026/27 mövsümündə fərdi baxımdan hədəfiniz nə olacaq?
– Hədəfim çox şans qazanmaq, öz oyunumla komandaya faydalı olmaqdır. Və təbii ki, milliyə dəvət almaq istəyirəm.
FƏRİD
