“Qarabağ”ın yeni transferi Renaldo Sefas sabiq komandası “Ankaragücü” ilə problem yaşayıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, II Liqa təmsilçisi yamaykalı hücumçudan şikayətçi olub.
Məlumatda bildirilir ki, 26 yaşlı ön xətt oyunçusu ötən ilin yayında müqaviləsi davam etməsinə baxmayaraq, paytaxt klubunu icazəsiz tərk edib. Nəticədə futbolçu ötən mövsümü Rusiyanın “Pari NN” klubunda keçirib.
Onun bu yay “Qarabağ”a transferi “Ankaragücü” rəhbərliyinin rəsmi prosedura başlamasına səbəb olub. Türkiyə klubunun mətbuat xidmətinin rəhbəri Cem Koçyiğitoğlu təzminat haqlarını qorumaq üçün FIFA-ya və Türkiyə Futbol Federasiyasına şikayət etdiklərini açıqlayıb. Hətta o da qeyd olunub ki, təkcə Sefas yox, onu transfer edən klub da cəza ilə üzləşə bilər.
Qeyd edək ki, Renaldo Sefas “Qarabağ”la 3 illik müqavilə imzalayıb.
