“Qarabağ” bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb. Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub edib.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyunundaydılar. İlk oyundan başa düşdüm ki, biz çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin gözləntisi bizdən çoxdur. Bu bizə əlavə motivasiya və məsuliyyət verdi. Futbolçularımı təbrik edirəm. Qələbə vacib idi. Buna baxmayaraq, narahatçılığım var idi. Ümumi oyun planında təbii ki. Bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra temp qalxdı. Sonda da 3:0 qalib gəldik. Çox yaxşı müdafiə olunan komanda idilər, bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda məsuliyyətli olmalıyıq. Bu oyunun bir az gərgin keçməsi xeyrimizə olacaq. “Sabah”ı və “Zirə”ni təbrik edirəm. Çox yaxşı qalibiyyət oldu. Ümumi əmsallar da çoxalır. Bu da ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza da uğurlar arzulayıram”.

– Montielin kənarda qalması zədəyə görə idi?
– Xeyr, zədəyə görə deyildi. Oyunçuların hamısını iştirak ərizəsinə görə deyildi. Hansısa futbolçu kənarda qaldısa, ola bilər ki, gələn tur oynasın. 

– Hansı mövqelər üçün aktiv çalışmalar gedir?
– Hazırda qapıçı mövqeyindən başqa digər mövqelər axtarırıq.

– Julio Romao və Yassin Benziyanın geridönüşü baş tuta bilər? 
– Romao bildiyim qədərilə müqavilə bağlayıb. Benziya ilə bağlı fikir olmamışdı. 

– Əli Bəşirovla bağlı planlarınız necədir? Qarşıdakı oyunda eksperiment aparmaq istəyirsiz?
– İlk oyunlarda o qədər diqqətli olmalıyıq ki..Bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq, bəzi rotasiyalar etməliyik. Cavab oyununda hansı rotasiyalar edəcəyik, buna cavab verə bilməyəcəm. Beş hazırlıq günümüz olacaq, futbolçuların hazırlıq durumuna baxacağıq. Əli Bəşirova gəldikdə, hazırlığın ilk günündən bizimlədir. Maksimum şərait yaradacağıq ki, kollektivin içində tam olsun. İmkan olduqca, oynamağa şərait yaradacağıq. Qabiliyyətli, istedadlı oyunçudur. İndidən bu atmosferə uyğunlaşdırmağa çalışacağıq. Oynamasa belə, kollektivin içində olması, məsuliyyəti hiss etməsi, tapşırıqları görməsi onun üçün təcrübə olacaq. Futbolçu kimi inkişafına böyük kömək etməsinə kömək olacağıq. Hər bir gənc üçün maksimum şərait yaradırıq.

– Zəkəriyyə Savonun performansı haqda fikriniz necədir?
– Hələ onun tam ideal forması deyil. Öz üzərində çox çalışmalıdır. Hansısa elementlərdə daha yaxşıdır, hansısa elementdə çatışmazlıq var. Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da olsaydı, pis olmazdı. 

– Elvin Cəfərquliyevin geri qayıdışı başqa klublara transferininin baş tutmaması ilə əlaqədardır, yoxsa onu bağışlamısız?
– Başqa klublara transfer olsaydı, alınsaydı, yox deməyəcəkdik. Ümumi belə, qayıtdı. Çox da geniş məlumat verməyə ehtiyac yoxdur. Bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz…azərbaycanlı, ya xarici olsun, futboldan kənar qalsın. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik. Bəzi görüşlərimiz oldu.

– Mateus Silvanın da gedəcəyi xəbərləri var…
– Bizimlə olacaq. Maraqlananlar var idi. Bizimlə olacaq.

– Əli Bəşirova rəsmi təklif olarsa, gedişinə şərait yaradacaqsız?
– Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Onun gələcəyi üçün faydalı təklif olarsa, yaxşı komandadan gələrsə, klub kimi mane olmayacağıq. Bəlkə də burada qalmağı xeyirli olacaq. Hər bir hada gəncdir. Onun gələcəyi üçün ən yaxşısı nədirsə, onu edəcəyik.

– Siz komandanın rəhbərisiz. Mediada oun haqda çox yazılması gələcəyinə problem yaratmaz ki?
– Mən komandanın rəhbəri deyiləm, baş məşqçisiyəm(gülür). İnanmıram ki, onda belə fikir olsun. Fərqli özünəxas xasiyyəti var, yaşam tərzi var. Gələcəyi üçün problem olacağını düşünmürəm. Ailəsində onunla ciddi ünsiyyət qururlar, klubda da onunla hamı öz övladı kimi davranır. (Sportal)

Shares: