Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşib.

Camal Abbasov (61 kq) finalda rusiyalı Usman İndirbayevə (2:13), Nurlan Ağazadə (74 kq) isə həlledici görüşdə almaniyalı Manuel Vaqinə (2:4) məğlub olaraq gümüş medalı boynundan asıb.

Məhəmməd Abbaszadə (86 kq) israilli Tomer Drojnyaka 7:1 hesabıyla qalib gələrək üçüncü yeri tutub. Hüseyn Məmmədtağızadə (92 kq) bürünc medal görüşündə gürcüstanlı Sandro Kuraşviliyə uduzub – 1:12.

Avropa çempionatının son qarşılaşmasında Yusif Dursunov (125 kq) rusiyalı Soslan Qabuyevlə üz-üzə gəlib. Final gərgin mübarizə şəraitində keçib. Görüşdə 0:3 hesabıyla geri düşən həmyerlimiz əsl əzmkarlıq göstərərək geridönüş edib. Yekunda 4:3 hesablı qələbə qazanan Yusif U20 Avropa çempionu olub.

Shares: