UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq Sofiya ÇSKA-sı Bolqarıstan futbolunun ən ənənəli klublarından biridir. Son illərdə heyətdə ciddi dəyişikliklər edən paytaxt təmsilçisi yerli futbolçularla yanaşı, müxtəlif ölkələrdən cəlb olunmuş legionerlərə də güvənir.
Baş məşqçi Xristo Yanev komandanı balanslı oyun nümayiş etdirməyə çalışan, topa sahib olmağa üstünlük verən və müdafiədən hücumu mərhələli şəkildə quran kollektivə çevirməyə səy göstərir. Komanda rəqibə yüksək təzyiq göstərməkdən daha çox düzgün mövqe seçimi və topa nəzarət hesabına üstünlük qazanmağa üstünlük verir.
Qapıda Belarus millisinin üzvü Fyodor Lapuxov əsas seçim hesab olunur. O, refleksləri və cərimə meydançasındakı inamlı oyunu ilə seçilir, Dimitar Evtimov isə təcrübəsi ilə heyətdə vacib alternativdir.
Müdafiənin mərkəzində ispaniyalı Adrian Lapenya və argentinalı Fakundo Rodriges əsas tandem hesab edilir. Hər iki futbolçu oyunu arxadan başlamağı bacarır və hava mübarizələrində etibarlı təsir bağışlayır. Beninli Tamimu Uoru fiziki üstünlüyü ilə seçilir, braziliyalı Pastor və bolqar futbolçular Teodor İvanov, Andrey Yordanov, Aleks Tunçev isə müdafiə xəttində rotasiya imkanlarını artırırlar. Sol cinah müdafiəçisi Ancelo Martino hücumlara fəal qoşulan futbolçudur və cinahdan etdiyi ötürmələrlə təhlükə yaratmağa çalışır. “Qarabağ”ın futbolçuları Argentinanın aparıcı klublarından olan “Nyuelz Old Boyz”dan alınan bu oyunçudan gözlərini çəkməməlidir.
Yarımmüdafiədə komandanın əsas simalarından biri kapitan Bruno Jordaudur. Portuqaliyalı futbolçu oyunun tempini müəyyənləşdirən, topu belə desək, dövriyyədə saxlayan və müdafiə ilə hücum arasında əlaqə yaradan oyunçudur. Zarafat deyil, adam “Latsio”nun heyətində 3 matçda meydana çıxıb.
İtaliya futbolu demişkən, bu ölkənin millisinin sabiq üzvü Stefano Sensini sizə tanıtmağa ehtiyac yoxdur. 4 il ərzində “İnter” kimi komandada oynayan 30 yaşlı futbolçu yüksək texnikası və dəqiq ötürmələri ilə komandanın yaradıcı potensialını artıracaq. Lakin o, son illərdə zədələr səbəbindən sabit çıxış edə bilməyib. Yenicə transfer edildiyindən hələ uyğunlaşmayıb, amma oyunda hər an “partlaya” bilər!
Bununla yanaşı, Belarus yığması ilə millimizə qarşı oynayan Maks Ebonq da təhlükəli fiqurlardan biridir. Ceyms Eto`O, İsaak Solet, Petko Panayotov, Georgi Çorbaciyski və Məhəmməd Brahimi mərkəz xəttində həm topa nəzarət, həm də pressinq baxımından komandaya fayda verirlər.

Hücum xəttində də seçim imkanları kifayət qədər genişdir. Kipr millisinin hücumçusu İoannis Pittas cərimə meydançasında mövqe seçimi və qol instinkti ilə seçilir. I təsnifat mərhələsində “Derri Siti” onun əlindən zəncir çeynədi. Sofiyada dubl etdi, üstəlik, Şimali İrlandiyada da fərqləndi. Niderlandlı Coel Zvarts sürəti hesabına müdafiəçilər üçün problem yaradır, argentinalı Santyaqo Qodoy isə daha çox cərimə meydançası daxilində effektiv oynayan hücumçudur. Braziliyalı Leo Pereyra, kolumbiyalı Alexandro Pyedraita, albaniyalı Kevin Doday, bolqar Vasil Kaymakanov və qvadelupalı Matias Faeton hücumun müxtəlif mövqelərində çıxış edə bilən və rəqabəti artıran futbolçulardır.
47 yaşlı Xristo Yanevin rəhbərliyi altında ÇSKA əksər hallarda 4-2-3-1 və ya 4-3-3 düzülüşünə üstünlük verir. Komanda hücumları qısa ötürmələrlə qurmağa, cinah müdafiəçilərini irəli çıxarmağa və yarımmüdafiədə topa nəzarəti saxlamağa çalışır. Müdafiədə isə xətlər arasındakı məsafəni qorumağa üstünlük versə də, cinah müdafiəçilərinin irəli çıxması arxada boşluqlar yarada bilir. Standart vəziyyətlərdə mərkəz müdafiəçilərinin hava üstünlüyündən istifadə etmək də komandanın vacib hücum elementlərindən biridir.
“Qarabağ” üçün bu qarşılaşmada əsas məqamlardan biri ÇSKA-nın mərkəzdə topa nəzarətini məhdudlaşdırmaq və cinahlarda yaranan boşluqlardan istifadə etmək olacaq. Sofiya təmsilçisi fərdi keyfiyyətləri yüksək olan futbolçulara malik olsa da, kollektiv oyun və taktiki intizam üzərində qurulan sistemə üstünlük verir. Bu səbəbdən “Qarabağ”ı texniki keyfiyyətlərlə yanaşı, taktiki baxımdan da diqqət tələb edən iki gərgin qarşılaşma gözləyir.
Bəli, komandamız ötən mövsüm Avropada tarix yazıb, amma hər şey keçmişdə qalıb. Əvvəla, heyətimiz yenilənib, bir də ki, onların heyəti texnikalı oyunçulardan qurulub. İşi ciddiyə alıb oynamalıyıq! Keçmiş keçmişdə qalıb, yeni tarix yazmaq lazımdır!
TAHİR MİRZƏ