2026-cı il şahmat üzrə dünya çempionluğu uğrunda partiyaların keçiriləcəyi yer rəsmən müəyyənləşib.
FIDE-nin açıqlamasına əsasən, hazırkı hindistanlı dünya çempionu Qukeş Dommaracu ilə özbək qrossmeyster Cavoxir Sindarov arasındakı qarşılaşma İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Dünya çempionluğu uğrunda matç noyabrın 25-dən dekabrın 15-dək davam edəcək.
Xatırladaq ki, Sindarov 2026-cı ilin aprelində Kiprdə təşkil olunan İddiaçılar Turnirinin qalibi olaraq vaxtından əvvəl dünya çempionu ilə qarşılaşmaq hüququ qazanmışdı. Qukeş Dommaracu isə 2024-cü ilin dekabrında çinli Din Lijen üzərində qələbə qazanaraq dünya çempionu olmuşdu.
Final qarşılaşması zamanı hər iki şahmatçının 20 yaşı olacaq. Bu səbəbdən qarşıdakı dünya çempionluğu matçı şahmat tarixində ən gənc iştirakçılar arasında keçirilən titul dueli kimi tarixə düşəcək.
