Bolqarıstanın ÇSKA (Sofiya) klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ”a qarşı cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyil.
Futbolinfo.az xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məşqçisi Xristo Yanev sözügedən oyundan öncə baş tutan mətbuat konfransında bildirib.
O, Ağdam təmsilçisi ilə görüşdə qələbə qazanmaq istədiklərini söyləyib:
“İlk qarşılaşmada tətbiq etməyə çalışdığımız oyun planını bu görüşdə də davam etdirmək niyyətindəyik. “Qarabağ” keyfiyyətli heyətə malikdir. Rəqibin oyun modelini ətraflı analiz etmişik və buna uyğun taktiki həllərlə meydana çıxmağa hazırlaşırıq. Heç zaman yalnız müdafiəyə çəkilməyin tərəfdarı olmamışam. Bu dəfə də məqsədim dəyişməyəcək. Hədəfimiz böyük futbol arenasında uğur qazanmaq və Bolqarıstanı güclü rəqiblər qarşısında layiqincə təmsil etməkdir. Komandamızın da üstün cəhətləri kifayət qədərdir. Top bizdə olduğu anlarda futbolçular rəqibin müdafiəsində yaranan boşluqları dəyərləndirməli və bundan maksimum faydalanmağa çalışmalıdırlar”.
Mütəxəssis komandada özünəinamın yüksək səviyyədə olduğunu bildirib:
“Komandamızın daxilində özünəinamın tədricən yüksəldiyini hiss edirik. Bu isə düzgün inkişaf yolunda olduğumuzun göstəricisidir. Bilirəm ki, Bolqarıstanda nəticələrin qısa müddətdə əldə olunması gözlənilir. Ancaq davamlı inkişaf zaman və səbir tələb edir. Biz də bütün kollektiv olaraq bu prosesi uğurla başa vurmaq və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün birlikdə əzmlə çalışırıq”.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
