Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən mundialın 3-cü günündə yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq-da medalçılar müəyyənləşib.
Əli Cavadlı (45 kq) finalda amerikalı Raylen Vaksla qarşılaşıb. İlk hissəni 5:0 hesabıyla öndə tamamlasa da, 2-ci hissədə parter vəziyyətində rəqibin ardıcıl xallarının qarşısını ala bilməyib – 5:13. Əli gümüş medalı boynundan asıb.
Abdurrahman Hüseynli (51 kq) həlledici görüşdə özbəkistanlı dünya çempionu Bunyod Hasanova məğlub olaraq (0:9) komanda yoldaşının nəticəsini təkrarlayıb.
Elmir Çərkəzov (60 kq) bürünc medal görüşündə yaponiyalı Hinata Hanamoriyə heç bir şans tanımayıb – 9:0.
Zöhrab Abbasov (92 kq) isə təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə minimal fərqlə (3:4) məğlub olub.
Beləliklə, millimiz növbəti yarış gününü 2 gümüş və 1 bürünc medalla başa vurub.
