UEFA Çempionlar Liqasındakı debüt mövsümünə əla başlanğıc edən “Sabah” 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə qarşılaşacaq.

Futbolinfo.az saytının məlumatına görə, II raundda Polşa təmsilçisi “Lex”i drammatik şəkildə üstələyən “Orhus”un kifayət qədər zəngin avrokubok təcrübəsi var.

Təsadüfi deyil ki, danimarkalılar 1955-ci ildən avrokuboklarda çıxış edir. Hər halda 150-yə yaxın avrokubok oyunu çox şeydən xəbər verir. Lakin “Orhus” tarixində ilk dəfə Azərbaycan komandası ilə üz-üzə gələcək.

İndiyə qədər Danimarkanın yalnız “Kopenhagen” klubu Avropa arenasında Azərbaycan təmsilçisi ilə görüşüb. Hər üç halda isə rəqib “Qarabağ” olub.

“Kopenhagen”lə “Qarabağ”ın ilk dueli 1998-ci ilə təsadüf edib. Kuboklar Kubokunun təsnifat mərhələsində baş tutan matçlar ağdamlılar üçün heç də ürəkaçan yekunlaşmayıb. Danimarka klubu evdə 6:0, Bakıda isə 4:0 hesablı qalibiyyətlə mərhələ adlayıb.

Komandaların növbəti qarşılaşması “Qarabağ” üçün tarixi matç kimi yadda qalıb. Belə ki, 2017-18 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində evdə 1:0 hesablı qələbə qazanan “Qarabağ” səfərdə 1:2 hesabı ilə uduzub. Lakin məhz səfər qolu üstünlüyü sayəsində ağdamlılar tarixdə ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə əldə edib.

Qurban Qurbanovun yetirmələri ötən mövsüm yenə Çempionlar Liqasının Liqa mərhələsində “Kopenhagen”dən güclü olub. Bakıdakı dueldə komandamız rəqibini 2:0 hesabı ilə məğlub edərək, aktivinə 3 xal yazdırıb.

Qeyd edək ki, “Orhus”la “Sabah” arasında ilk oyun avqustun 5-də Danimarkada, cavab görüşü isə 11-də Bakıda keçiriləcək.

Shares: