“Lester”in futbolçusu Hamza Çaudri karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Premyer Liqamızın 2 iddialı klubu – “Qarabağ” və “Sabah” 28 yaşlı dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.
Məlumata görə, avrokuboklarda uğurlu çıxış etmək üçün heyətini gücləndirmək istəyən hər iki klub orta sahə üçün Banqladeş millisinin üzvünü düşünür. “Sabah” bu keçiddə bir addım öndə göstərilir. Bakılılar onu icarəyə götürməyi planlaşdırır. Artıq “Lester” rəhbərliyi ilə bu istiqamətdə danışıqlara start verilib.
Maliyyə problemi yaşayan “Lester” isə futbolçuların maaşlarını ödəməkdə çətinlik çəkir. Bu üzdən Birinci Liqa təmsilçisi Çaudrinin gedişinə mane olmayacaq.
Qeyd edək ki, Hamza Çaudrinin “Lester”lə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
