“Zaqatala” kimi tarixi olan bir klubdan baş məşqçi təklifi almaq mənim üçün böyük şərəfdir. Bu cür məsuliyyətli vəzifəni üzərimə götürmək bir çox digər təklifdən daha dəyərlidir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Zaqatala”nın yeni baş məşqçisi Rakif Əliyev deyib.
Əliyev uzun illər ərzində Premyer Liqa klublarında və akademiyalarda tanınmış yerli və xarici mütəxəssislərin köməkçisi kimi çalışdığını xatırladıb: “Fəaliyyət göstərdiyim hər klubda zəngin təcrübə qazandım və zamanla öz oyun fəlsəfəmi formalaşdırdım. Bununla yanaşı, yalnız öz oyun üslubumuza güvənməyəcəyik. Hazırlıq mərhələsində hər bir rəqibə uyğun fərqli oyun planları hazırlayacaq və onları ətraflı şəkildə təhlil edəcəyik”.
Mütəxəssis təklifi qəbul etməzdən əvvəl klubun strategiyası ilə yaxından tanış olduğunu da vurğulayıb: “Klubun meneceri Toğrul Əsgərov bu vəzifəni təklif edəndə ilk növbədə klubun strategiyası ilə tanış oldum. Strategiyanı öyrəndikdən sonra məndə çox müsbət təəssürat yarandı və belə layihənin bir hissəsi olmaq mənim üçün qürurverici oldu. Hər bir peşəkar klubun əsas məqsədi maksimum nəticə qazanmaqdır. Bununla yanaşı, bu uğura daha çox gənc futbolçuların hesabına nail olmaq da prioritet hədəflərimizdən biridir”.
Baş məşqçi komandanın heyəti ilə bağlı fikirlərini də bölüşüb: “Premyer Liqada analitik kimi çalışdığım dövrdə I Liqanın oyunlarını da mütəmadi izləyirdim. Məqsədim gələcəkdə elitada çıxış edə biləcək futbolçuları müəyyənləşdirmək idi. Bu səbəbdən I Liqadakı komandaları və futbolçuları yaxşı tanıyıram. “Zaqatala” təcrübəli futbolçulardan ibarət kollektivdir. Heyətdə İlkin Qırtımov kimi təcrübəli oyunçular var. Bununla belə, klubun strategiyasına uyğun olaraq komandanı mərhələli şəkildə cavanlaşdırmağa çalışacağıq”.
Rakif Əliyev sonda əsas hədəflərindən də söz açıb: “Qəbələ” və “Qarabağ” akademiyalarında çalışdığım müddətdə Azərbaycanın ən istedadlı gənc futbolçuları ilə işləmək imkanım olub. Rəhbərlik etdiyim yaş qrupları daim mükafatçılar sırasında yer alıb. Həmin futbolçuların bir çoxu inkişaf mərhələsini uğurla keçərək hazırda Premyer Liqada çıxış edir, hətta Azərbaycan millisində də debüt edib. İndi məqsədimiz hər mövsüm bu cür gənclərin ən azı 70 faizini növbəti mərhələyə daşımaqdır. Məqsədimiz həm Premyer Liqaya, həm də I Liqaya futbolçular yetişdirməkdir. Əsasniyyətimiz oyun intizamına riayət edən, mental baxımdan güclü komanda formalaşdırmaqdır. Dinamik və dominant futbol nümayiş etdirərək çempionatda uğurlu çıxış etməyi hədəfləyirik”.
GÜNAY SÜLEYMANOVA
