“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasında “Dinamo”ya (Kiyev) qarşı keçirəcəkləri səfər oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. “Dinamo” bizə, Azərbaycana çox tanış komandadır. Nəticəsindən asılı olmayaraq, maraqlı oyun olacaq. Matça istədiyimiz kimi hazırlaşmışıq. Yaxşı nəticə üçün səfərə gedəcəyik. “Dinamo” da bizə qarşı yaxşı hazırlaşıb. İnanıram ki, meydanda lazım olanları edəcəyik.
– Juninyo və Duran vinger kimi gəlsə də, sonradan mərkəz hücumçusu kimi oynadı.
Renaldo Sefası da bu mövqedə düşünürsünüz?
– Variantlardan biridir, lakin nə vaxt hücumçu kimi oynayacağını bilmirəm.
– “Dinamo”nun adı, yoxsa futbolçuları sizi narahat edir?
– Məni həmişə narahat edən rəqib yox, özümüz olmuşuq. İstəyirəm ki, komanda düşündüyüm kimi olsun. İndi bəzi narahatlıqlarım var. ÇSKA ilə cavab matçından sonra bir neçə futbolçuda mikro zədə oldu. Məşqçilərlə danışanda da dedim ki, mövsümün əvvəlində 120 dəqiqə oynamaq çox çətindir. Çünki komanda hələ tam hazır vəziyyətdə olmur. Futbolçular bu görüşdə çox yükləndilər. Bu məqam məni narahat edir. Ümumi baxanda, prestijli komandalara qarşı oynamağı xoşlayıram. Uşaq olanda “Dinamo” azarkeşi idim. Bu komandanı hamı tanıyır, yaşlı nəsil daha çox oyunlarına baxıb. Belə rəqiblərdən çəkinməmişəm. Böyümək, irəli getmək üçün bu cür komandalarla oynamalısan.
– Püşk “Qarabağ” üçün çətin rəqiblər gətirib…
– Güclü komandalara qarşı oyunlarımız çox olub. Ötən il Çempionlar Liqasının qruplarında xeyli yükləndik. İstər biz, istərsə də digər bir neçə komanda ağır qrafikdən sonra səviyyələrini qoruya bilmədilər. Çempionlar Liqasının çəkisi başqadır – istər liqa, istər pley-off mərhələlərində məsuliyyət, gərginlik daha çox olur. İndi qarşımızda elə rəqiblər var ki, sanki qruplardayıq. Hər komanda əsas mərhələdə olmaq istəyər. Amma ilboyu eyni nəticələri əldə etmək mümkün deyil. Gedişatı yaxşılaşdırmalıyıq. ÇSKA-ya qalib gələ bilmədik, lakin əsas vaxtda da uduzmadıq. Komandamın xarakterindən, özünə inamından razı qaldım. Amma indi həmin o oyundakı ağır yükləməyə görə narahatam. Rotasiyalar edəcəyik, yaxşı futbol göstərməyə çalışacağıq. Həmişə çempion olacağıq, avrokuboklarda iştirak edəcəyik deyə bir şey yoxdur. Yolumuza davam edirik, yenilənməyə ehtiyacımız var. Bunlar o demək deyil ki, düzgün yolda deyilik. Sadəcə daha yaxşı olmaq üçün müəyyən addımlar atırıq. Mübarizəmizi sona kimi aparacağıq.
– “Dinamo” müharibə səbəbindən ev oyunlarını ölkəsindən kənarda keçirir. Bir müddət biz də bu taleyi yaşamışıq. Rəqibin indi belə durumda olması onlara necə təsir edəcək?
– Düzdür, təsirsiz ötüşməyəcək. Mən də istərdim ki, oyun Kiyevdə olsun. Amma indi futbol elə gətirib ki, komandalar üçün səfər oyunları daha asan keçir. Azarkeşlər önündə olan basqı tamamilə fərqlidir. “Dinamo” da neçə illərdir, kənarda oynayır, artıq öyrəşiblər. İnanıram ki, bütün dünyada müharibələrə son qoyular.
– “Dinamo”nun müdafiə xəttində problemlər var.
– Son iki oyunlarına baxmışam, nəticə meydandakı futbola uyğun deyildi. Deməzdim ki, müdafiədə problemləri var. Hər komandada çatışmazlıqlar olur. Belə fikirlər bizə təsir etməməlidir.
– Yankoviç, Montiel kimi oyunlar sanki tam formasında deyil.
– Hələ mövsümün əvvəlidir, optimal formada olmamaqları normaldır. Düşünürəm ki, tez bir zamanda hər şey qaydasına düşəcək. Yarımmüdafiə xəttinə də axtarışlarımız davam edir. Əfsuslar olsun ki, düşündüyümüzü əldə edə bilmirik.
– Şahruddin Məhəmmədəliyevin “Zirə”yə keçidi gündəmdədir?
– Bu barədə heç bir məlumatım yoxdur. Komandamızın üzvüdür.
– “Zirə” və “Neftçi” Konfrans Liqasına erkən vida etdi. Fikirləriniz nədir?
– Düzdür, məğlub oldular, amma oyunların gedişinə baxsaq, təmsilçilərimiz daha yaxşı çıxış etdi. Nəticə meydandakı oyuna görə olmadı. Komandalarımız göstərdi ki, yarışlara hazırdırlar. Ola bilsin, daha geniş heyət qurmaqlarına ehtiyac var. Buna baxmayaraq, istər məşqçilər, istərsə də komandalar özlərini inamlı göstərdilər. Məğlub olmaqlarını istəməzdik, buna layiq deyildilər. Məncə, gələn il daha yaxşı nəticələri olacaq. Klublarımızın inamı saxlamaqları vacibdir. Avropadakı oyunlar bu baxımdan çox önəmlidir.
– ÇSKA ilə matçdan sonra Koxalski ilə danışmısınızmı?
– Bəli, hər şey qaydasındadır. Şərait yaratmamalıyıq ki, tənqid olunaq. Daim bu barədə düşünürük. Məğlub olduğumuz oyunlarda belə alqışlanmışıq. Sadəcə bəzən müəyyən kütlədə narazılıq olur və bu, normaldır. Koxalskidə tənqid olunası bir şey var idimi? Bilmirəm. Sadəcə istədiyi kimi kömək edə bilmədi. Hər bir halda, məğlub oluruqsa, tənqidləri də qəbul etməliyik. Böyümək üçün bu amil mühümdür.
– Yeni mövsümdə çempionluq mübarizəsi “Sabah” ilə “Qarabağ” arasında olacaq. Sizcə, yarış yenə gərgin keçəcək?
– “Sabah”a bugünkü matçda uğurlar arzu edirəm. Məncə, çempionluq yolunda iddialı komandaların sayı artır. “Turan Tovuz”un rəhbəri Ehtiram müəllimin də açıqlamasında gördüm, onlar da titul arzulayırlar. Hazırlaşmaq üçün daha çox vaxtları oldu. O cümlədən, “Neftçi”ni də siyahıdan silmək olmaz. Onlar da çempionluğa oynayacaqlarını açıqlayıb. “Sabah” isə artıq təcrübəli komandaya çevrilib. Avropa Liqası və Konfrans Liqası fərqlidir, Çempionlar Liqası isə başqa səviyyədir. “Sabah” indi daha inamlı, təcrübəli, meydanda sərbəstdir. Bəli, onlar istənilən komandaya çətinlik yarada bilər. Düşünürəm ki, çempionat bu il daha gərgin olacaq. (Futbolpress)
